Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ədliyyə Nazirliyi: “44 hakim yerinə təyinat olub”

Ədliyyə Nazirliyi: “44 hakim yerinə təyinat olub”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı bu sahədə mühüm “yol xəritəsi” olmaqla onun icrası çərçivəsində qanunvericilik əsaslı sürətdə təkmilləşdirilib, yeni ixtisaslaşmış məhkəmələr yaradılıb, o cümlədən ölkə Prezidentinin 03.02.2021-ci il tarixli Sərəncamı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilib, hakimlərin sosial müdafiəsi gücləndirilib, ayrılmış əlavə 200 hakim ştat vahidinin komplektləşdirilməsi ilə bağlı şəffaf seçim nəticəsində artıq 44 namizədin bu ərəfədə təyinatı aparılıb.

Görülən tədbirlər çərçivəsində beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə olunmaqla Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı idarəçilik naminə tərəfdaşlıq” birgə proqramının “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” layihəsi həyata keçirilir.

Layihənin icrası çərçivəsində hakim və məhkəmə aparatı işçiləri üçün təlimlər keçirilib, ekspertlər tərəfindən qanunvericilik təhlil olunaraq məhkəmələr üçün kommunikasiya strategiyası, həssas qrupların ədalət mühakiməsinə çıxışına, məhkəmə qərarlarının icrası sisteminin səmərəliliyinə dair və sair sənədlər hazırlanıb.

Eyni zamanda Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı alət və indikatorlarının pilot məhkəmələrdə uğurlu tətbiqi nəzərə alınaraq bu təcrübənin digər məhkəmələrdə yayılması qənaətinə gəlinib.

Bununla əlaqədar xüsusi Yol Xəritəsi hazırlanaraq onun müzakirəsi və implementasiyası məqsədilə Avropa Şurası və Avropa İttifaqı təmsilçilərinin, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi nümayəndələrinin, ali, apellyasiya və birinci instansiya məhkəmə hakimlərinin və işçilərinin iştirakı ilə üç günlük onlayn seminar keçirilib.

Tədbirin açılışında Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyes, CEPEJ-in prezidenti Ramin Qurbanov, Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Layihə koordinatoru Məryəm Hacı-İsmayılova çıxış ediblər.

Seminarda məhkəmə sahəsində qazanılmış nailiyyətlər və tətbiq olunan yeniliklər qeyd edilib, o cümlədən 03.04.2019-cu il tarixli Fərmanın icrası ilə bağlı mühüm qanunların qəbul edilməsi, cəza siyasətinin humanistləşdirilməsi, məhkəmə proseslərində İKT-nin tətbiqinin genişləndirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradılması beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

Tədbirdə həmçinin, Avropa İttifaqı və Avropa Şurası ilə birgə həyata keçirilən layihənin məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmə prosesində vaxtın idarə olunması, məhkəmə xidmətlərinin keyfiyyətinin artırılması və məhkəmə fəaliyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Onlayn seminarda məhkəmə fəaliyyətində səmərəlilik və keyfiyyət ölçüsü alətlərinin yayılması ilə bağlı hazırlanmış Yol Xəritəsinin icrasının təşkili məsələləri müzakirə edilib, bununla bağlı beynəlxalq ekspert və milli tərəfdaşlar tərəfindən hazırlanmış Fəaliyyət Planının təqdimatı keçirilib.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …