Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Yaşın mübarək, Muxtar Respublikam! – Emin Tarverdiyev

Yaşın mübarək, Muxtar Respublikam! – Emin Tarverdiyev

2015-ci ilin yay ayları idi. Məzuniyyətimdən istifadə edib ailəliklə valideynlərimin yanında dincəlmək üçün Naxçıvana yollanmışdıq. Fürsətdən istifadə edib Naxçıvanı qarış-qarış gəzir, 27 il havasını udduğum, suyunu içdiyim bu məmləkəti bir daha kəşf edirdim.

Günlərin birində sosial şəbəkədə dostluğumda olan, amma hələ də üzünü görmədiyim şair Rauf Qəribin ailəliklə Naxçıvana səfərə gəldiklərini öyrəndim. Elə onunla ilk görüşümüz də hava limanında baş tutdu. Dostumuz “Karsa gedirik, yoldaşımın ailəsi orada yaşayır” dedi. Üz tutduq Naxçıvan avtovağzalına. Hava limanından avtovağzala qədər 12-13 dəqiqəlik yolda Rauf dostum “vallah, elə bilirəm Naxçıvan tam bir Avropa şəhəridir, səliqə-sahman bunu deyir. Nə yaxşı ki, buranı gəzmək üçün həftə sonu 3-4 saat vaxtımız olacaq” dedi. Şair dostumuz və ailəsi 5 gün sonra yenidən Naxçıvana qayıtdılar. Mömünə xatun türbəsi və Nuh Peyğəmbərin qəbirini, “Naxçıvan Qala” tarixi kompleksi ilə tanışlıqdan sonra üz tutduq Əshabu Kəhf ziyarətgahına.

“Şairlər incə qəlbli olurlar” deyiblər. Yuxarıda qeyd etdiyim yerləri gəzdikdən sonra bu deyimin təsdiqini dostum Raufun simasında bir daha hiss etdim. Qonağımız sanki kövrəkləşmişdi. “Adam burda qocalmaz. Belə yerləri qoyub o neft qoxuyan Bakıya niyə köçmüsən?” sualından hiss etdim ki, Rauf artıq Naxçıvana “vurulub”. Mümkün qədər gəzdiyimiz yerlər, onların tarixi haqqında, bu yerlərin belə bir gözəl şəraitdə qurulmasında, yenilənməsində Muxtar Respublika rəhbərliyinin danılmaz əməyindən xeyli söhbət etdik. “Rəhbərlik belə bir işləri görübsə, bunu qorumaq artıq Naxçıvanın hər bir sakininin borcudur” dedi dostum.

Artıq vaxt-vədə yetişmişdi. Raufgili aeroporta gətirdik. Ayrılanda “Biz bura bir daha gələcəyik, mütləq gələcəyik. Çünki bu yerlərdən zövq aldıq” dedilər Alagözovlar ailəsi.

Həmin gün sevincimin həddi-hüdudu yox idi. Çünki Naxçıvan ona ilk dəfə qədəm qoyan bir ailənin yaddaşında silinməz izlər, yaxşı xatirələr buraxmışdı. Düşünürəm ki, bu torpağa, yurda qədəm basan hər bir kəsin qəlbində belə yaxşı izlər salmağı bacarır Naxçıvan.

Naxçıvanda yaşadığım illərdə bu torpaqda çox şeylərə nail oldum. Ali təhsil aldım, işlədim, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyətində az da olsa, əməyim oldu. Düzgün və şərəflə işləməyi, əhaliyə alnıaçıq xidmət göstərməyi mən bu torpaqda öyrəndim və bu gün Bakıdakı fəaliyyətimdə də orda öyrəndiklərimi sadiqliklə həyata keçirdirəm.

Çoxdandı Naxçıvan haqqında yazı yazmaq istəyirdim, bu günə təsadüf etdi. Bu gün isə Naxçıvanın bayramıdır. 93 yaşın mübarək, Muxtar Respublikam!

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın