Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Universiteti bitirib Qazaxda xidmətə yollandı, düşmən atəşi ilə şəhid oldu

Universiteti bitirib Qazaxda xidmətə yollandı, düşmən atəşi ilə şəhid oldu

Dünən martın 5-də axşam Ermənistan ordusunun mövqelərindən açılan snayper atəşi nəticəsində şəhid olan sərhədçimiz,  1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu bu gün doğulduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndində dəfn ediləcək. virtualaz.org xəbər verir ki, şəhidin cənazəsi dünən axşam doğulduğu kəndə aparılıb.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilirdi ki, dünən saat  19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

O.Paşazadə Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdı.

Bu, Azərbaycanın sərhəd qoşunlarının Qazax istiqamətində son bir neçə gün ərzində verdiyi ikinci itkidir. Xəbər verildiyi kimi fevralın 24-də Ermənistan ordusunun diversiya qrupunun həmləsini dəf edərkən sərhədçimiz İbrahim Vəliyev şəhid olmuşdu. Həmin vaxt düşmən xüsusi təyinatlıları sursat və ləvazimatlarını atıb qaçmışdı.

Ermənistan ordusu Azərbaycanla dövlət sərhədi boyu, xüsusən də Qazax-Ağstafa istiqamətində son zamanlar vəziyyəti gərginləşdirməkdədir və belə görünür ki, getdikcə azğınlaşır. Belə situasiyada düşmən bir neçə qat artıqlaması ilə itkiyə məruz qoyulmalıdır ki, həm şəhidlərimizin qisası alınsın, həm Ermənistan rəhbərliyi təmas xəttində vəziyyəti gərginləşdirməyin sonrakı nəticələri barədə bir daha düşünməyə məcbur olsun. Gözləyək…

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …