Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “Sonradan bildim ki, Şuşaya gedənlərdən biri Şamil Basayev olub…” – Qərargah rəisinin gündəliyindən

“Sonradan bildim ki, Şuşaya gedənlərdən biri Şamil Basayev olub…” – Qərargah rəisinin gündəliyindən

“Ermənistandakı ermənilər Xankəndindəkilərə deyirdilər ki, biz Laçının “Qayğı” qəsəbəsindən keçən yolu bağlaya bilmirik…”
…Şuşa və Laçının 26-cı qara “yubileyi” tamamlansa da, hər biri bir təbii qala olan bu dilbər guşələrimizin asanlıqla düşmənə təslim edilməsinin ağrı-acısı bir yana, həm də  onların işğal sirlərinin açılmaması, işğalçı və terrorçu ermənilər bir yana, Azərbaycan hakimiyyəti və hərbi rəhbərlikdə buna şərait yaratmış xainlərin cəzalandırılmaması qəlbimizi yaxıb yandırır…
…26 il öncə bu günlərdə Şuşa və Laçın ətrafında təxribatlar baş alıb gedir, məntiqsiz əmr və göstərişlər verilirdi.  30 aprel 1992-ci ildə Azərbaycanın o vaxtkı Baş Qərargah rəisi Şahin Musayevin hazırlatdığı və müdafiə naziri Rəhim Qazıyevin imzaladığı əmrlə  o dövr üçün kifayət qədər nizam-intizamla idarə olunan, polkovnik Arif Paşayevin komandirlik etdiyi Laçın alayı – 811 saylı hərbi hissə rəsmən ləğv olunaraq aprelin 22-dən  Şuşa, Laçın, Qubadlı və Zəngilan bölgələri üzrə hərbi komendant təyin olunmuş polkovnik-leytenant Elburus Orucovun ixtiyarına buraxılır…  Alay rəhbərliyi bu əmrə tabe olmasa da, şəxsi heyət bundan xəbər tutmasa da, qeyri-iradi komandanlıqda və döyüş əmrlərinin verilməsində pərakəndəlik və xaos yaranır….  Sonradan məhkəmədə və müsahibələrində sabiq müdafiə naziri Rəhim Qazıyev o günlər işin hədsiz çoxluğundan onu hazırlayanlara etibar etməklə həmin əmri əsl məğzi ilə tanış olmadan imzaladığını bildirir…
 
Moderator.az 1992-ci il mayın 1-dən 18-dək  Laçında baş verənləri 811 saylı hərbi hissənin- Laçın alayının sabiq qərargah rəisi Rafiq Nağıyevin  gündəlik və xatirələri əsasında nəzərinizə çatdırır.
…Hələ mayın 11-də də  Baş qərargah rəisi general Şahin Musayev Şuşanın işğal olunmasına “inanmayıb”…
(Yazının əvvəlki hissələri üçün bu linkə baxın:http://www.moderator.az/news/224722.html)
 “…11 may 1992-ci il.  Səhər saat 9:20-də Müdafiə Nazirliyinin Baş qərargah rəisi general  Şahin Musayev yenidən zəng edərək  Şuşadakı vəziyyəti  soruşdu. Bu dəfə özümü eşitməzliyə vurub cavab vermədim…
Həmin gün Şuşanın Turşsu qəsəbəsi  istiqamətində xırda qruplar şəklində gedən hərbi qüvvələr olurdu…
Onu da deyim ki hələ 1992-ci il aprelin axırlarında “Qayğı” qəsəbəsindəki taborumuzdan məlumat verdilər ki, çeçen millətindən olan 4 nəfər Şuşaya getmək istəyir. Onlar Laçına- alayın qərargahına gəldilər. Gecə qaldılar, səhər tezdən  çeçenləri Şuşaya yola saldıq. Bir neçə gün sonra daha  3 çeçen də gəlib Şuşaya yollandı…
Sonralar  televiziyada Çeşenistandakı hadisələrlə bağlı verilişlərə baxanda bildim ki,  Laçından gəlib Şuşaya keçənlərdən biri məşhur Şamil Basayev olub… Operator Tahir Qarayevin Turşsudan çəkdiyi kadrlarda da  Şamil Basayev başda olmaqla  çeçenlər görsənirlər…
***
12 may 1992-ci il…  Laçında alayın qərargahında Ermənistan ermənilərinin bir radio danışığını tutduq.  Xankəndindəki ermənilərə deyirdilər ki, biz Laçının  “Qayğı” qəsəbəsindən Qubadlıya gedən yolu bağlaya bilmirik. Siz özünüz nəsə edin…”
(Davamı var)

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …