Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Səngər qələbə yolunun başlanğıcıdı – REPORTAJ

Səngər qələbə yolunun başlanğıcıdı – REPORTAJ

Başlanğıcı bu gün şərti sərhəd – səngər olan bu yolun sonu yaxın vaxtlarda Azərbaycan əsgərinin qazanacağı qələbənin işığına bürünəcək.

Bu yol məni payızın son ayında əsgərlərimizlə görüşdürən yoldu. Səmimiyyətlə söhbətləşmişdik, Vətəndən, torpaqdan, şəhidlikdən, şəhidlərdən danışmışdıq, torpaqlarımızın işğalından, Azərbaycan əsgərinin döyüş əzmindən, qələbə ruhundan, Böyük Qələbədən danışmışdıq. Onda xırda-xırda əsən meh səngərə can atsa da, sıxlaşmağa çəkinən dumanı dağıtmışdı. Bunu rəmz bilmişdim: Azərbaycan əsgərinin yüksək döyüş hazırlığı, qətiyyəti işğal dumanını dağıdacaq! Fikrimi tamamlayar-tamamlamaz, əsgərlər bir mənə baxmışdı, bir qarşı tərəfə. Həmin baxışların eynini görməyə tələsirik. Yayda istini-bürkünü, qışda şaxtanı-sazağı sındıranlarla kəlmələşəcəyimiz şirin anlara, – mətləb deyib mətləb eşitməyə tələsirik. Xalq şairi Zəlimxan Yaqub belə anlara ömürə yazılan dəqiqələr deyərdi; ömürə yazılacaq məqamlara can atmaqdayıq. Niyə belə tələsirik? – eşidəcəklərimizi düşüncələrimizə hopdurmağa, “Böyük Qələbənin əsgəri olacağıq!” inamına bağır basmağa tələsirik. Səpələmə yağan qar yerdə qalmayıb – ayaqlarımız altından sürüşən yolların inadını qırıb səngərlərə çatmışıq…

Nazik köynəkli duman çəkilib. Günəş torpağın “canını qızdırmaqdadı”…

Bir amal işığında əsgərlərlə kəlmələşirik. Bu işıq Qələbədi…

Son illər həyata keçirilən irimiqyaslı islahatlardan da danışırıq, yeni tikilən, əsaslı təmir edilən hərbi hissələrdən də. Ali Baş Komandanın, Müdafiə nazirinin döyüş bölgələrində səngərlərdə əsgərlərlə söhbətlərinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığında hansı səviyyədə əhəmiyyətli olmasından da.

Səngərdə Müdafiə nazirindən hədiyyə alan əsgər bu qüruru hərbi xidmət dövründə necə yaşayırsa, tərxis edildikdən sonra da həmin qürurla yaşayır. Bu qürur əsgərin timsalında ordu üçündü. Bunu çağırışçıların da eşitməsi, bilməsi vətənpərvərlik duyğularının formalaşmasında, formalaşdırılmasında müəyyən təsirə malik olur.

Mayor Ruslan Novruzov şəxsi heyətin yüksək döyüş hazırlığına malik olduğunu bildirir. Səsində hiss edilən, duyulan qətiyyət 2016-cı ilin aprel döyüşlərinə söykənən inamın, etibarın qətiyyətidi:

– Düşmənlə təmas xəttində xidmət həm də məsuliyyət deməkdir. Əsgərlərimiz qarşı tərəfi ciddi nəzarətdə saxlayırlar. 2016-cı ilin aprel döyüşlərində düşmən Azərbaycan Ordusunun gücünü gördü. Bir atalar sözünü xatırlayaq: “Göz gördüyündən qorxar”. Müşahidələrimə əsaslanıb tam məsuliyyətlə deyə bilərəm ki, düşmən nəinki təxribat törətməyə, atəşkəsi pozmağa da çəkinir.

– Qarşı tərəf də bizim ərazilərimizdi. Öz ərazilərimizdən öz ərazilərimizi nəzarətdə saxlayan əsgərlərin düşüncələrinin işığına gəlmişik, onların nə düşündüklərini eşitmək istərdik, – deyirəm.

– Təbii ki, ağrılı işdi, – gizir Elgün Əhmədpaşayev deyir. – Dövlət sərhədlərimizdə dayanmaq amalıyla xidmət edirik. Gizirin dedikləri zabiti qürurlandırır: – Bizim əsgərlərimiz də torpaqlarımızı işğaldan azad etmək amalıyla xidmət edirlər. Bu amal Ali Baş Komandanın döyüş əmrinə hazır olan Azərbaycan Ordusunun amalıdı. Ordumuz o qələbəni qazanmağa qadirdir. Azərbaycan Ordusunun 100 illiyinə…

– Eləcə də Bakının işğaldan azad edilməsinin 100 illiyinə…

– Bəli, bu yubileylərə həsr olunan möhtəşəm paradlar bu qadirliyin təsdiqi kimi izlənildi. Dünya Azərbaycan Ordusunun qüdrətini də gördü, paradlarda iştirak edənlərin timsalında bu ordunun döyüş əzmini də, qələbə ruhunu da, – mayor əminliklə deyir.

…Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi bir kəlamı indi də xatırladıram: “Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır”. Baş leytenant Fehruz Abbasov döyüş növbətçiliyi aparmağa hazırlaşan əsgərlərə baxır. İnam var bu baxışlarda, etibar var, güvənc var, bir də hiss edilməsi çətin olmayan ehtiram var:

– Çağırışçı hərbi xidmətə müəyyən mənəvi hazırlıqla gəlir. Hərbi hissələrdə onun döyüş hazırlığı ilə bir sırada mənəvi-psixoloji hazırlığı da yüksəlir. Bizim hərbi hissədə xidmət edən əsgərlər də mayor Ruslan Novruzovun dediyi kimi, yüksək döyüş əzmiylə, dönməz qələbə ruhuyla xidmət edirlər.

Ötən il Murovdağda ezamiyyətdəydim. Orada da əsgərlərin baxışlarının qarşı tərəfdən – Kəlbəcərdən üzülmədiyini görmüşdüm, bu mətləbdən orada da danışmışdıq. Əsgərlərimizin işıqlı düşüncələri ürəyimi dağa döndərmişdi. “Burada qırılan yolu siz davam etdirəcəksiniz”, – demişdim. Araya ani sükut çökmüşdü. Əsgərlərdən biri: “Hərbi xidmətə müxtəlif rayonlardan çağırılmışıq. Burada hər birimiz özümüzü kəlbəcərli hesab edirik. Ali Baş Komandanın əmriylə dediyiniz yolla sonacan biz gedəcəyik, Kəlbəcəri işğaldan azad edəcəyik. Başqa mövqelərdə olanlar da digər rayonlarımızı azad edəcəklər”, – demişdi. Qürurlanmışdım. Burada da eyni ovqatdayam. Eyni mətləblə eyni fikri burada da deyirəm. Burada da Murovda eşitdiklərimin eynini eşidirəm:

– Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda Ali Baş Komandanın dediyi fikri yaxın vaxtlarda gerçəkləşdirəcəyik. Qələbə qazanacağıq, qələbə bayraqları Azadlıq meydanına gətiriləcək, – çavuş Şahin Hüseynov belə deyir. Baş leytenant Fehruz Abbasovun əli əsgərin çiyninə enir. Bu incə təması əsgərin düşüncəsinə minnətdarlıq bilirəm.

– Qazanılacaq qələbəyə Böyük Qələbə deyəcəyik, – könül xoşluğu duyduğum məqama görə belə deyirəm.

– Əsgərlərimizin hər biri həmin döyüşlərdə iştirak etmək, qalib əsgərlərin sırasında olmaq istəyir. Bu, qələbə ruhudu, – zabitdən bu kəlmələri eşitmək necə də xoşdu!

Ruslan Novruzov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudu. Orta məktəbdə oxuyanda ermənilərin törətdiyi vəhşiliklər haqqında o da eşidibmiş. Hərbçi olmağı qərara alıb. Zabitin könlümüzə yatan “Bu, qələbə ruhunun niyyətidi” fikrini “Bu niyyət Vətənə əsgər sevgisidi” fikriylə tamamlayıram. Bayaqdan bəri ora-bura vurnuxan dumandan əsər-əlamət qalmayıb. Bizi gətirən yolun yaş əlləri də, nəm sinəsi də qurumaqdadı…

Qışdı.

Şaxta-sazaq yoxdu. Bəlkə də var, əsgərlərin əhatəsində hiss etmirik. Bu, Azərbaycan əsgərinin Vətən sevgisinin, təbiətin Azərbaycan əsgərinə ehtiramının qüdrətidi. Bayaqdan bəri həzin-həzin əsən meh bir qədər çılğınlaşıb. “Mehin çılğınlaşması təbiətin Azərbaycan əsgərinə xeyir-duasıdı”, – deyirəm. Mayor Ruslan Novruzovun da, baş leytenant Fehruz Abbasovun da, əsgərlərin də baxışlarını incədən də incə bir təbəssüm örtür. Mən zabitlərə baxıram, zabitlər əsgərlərə, əsgərlər qarşı tərəfə. Qəribə bir sükutdu. Nəsə deyən sükutdu; zabitlər məni anlayır, əsgərlər – zabitləri, qarşı tərəf, səngərlərin o üzü – əsgərləri. Qarşı tərəf də Vətən torpağıdı, araya səngər düşsə də, ruhu oralardan üzülməyən Azərbaycan əsgərinin niyyətini yaxşı bilir. Bu baxışları eyniləşdirən mətləbin cazibəsindəyik. Baş leytenant məzmunlu baxışlarla əsgər Seymur Məmmədova baxır, yəni, jurnalistin fikrinə nə deyirsən. Hər halda, etiraf edim ki, fikri cavab almaq, nəsə xoş bir münasibət eşitmək üçün deməmişdim. Baş leytenantın baxış-təklifi könlümə yatır: təbiətin Azərbaycan əsgərinə xeyir-duası fikrinə əsgər münasibətini eşitmək könül xoşluğu olacaqdı deyə, düşüncələrimi arzuladığım məcraya yönəldəcəkdi deyə.

Əsgər Seymur Məmmədov gözucu əsgər yoldaşlarına baxır, ovqatımızın ovqatına dönən bir qürurla deyir:

– Hər birimiz Hərbi anda sədaqətlə xidmət edirik. İlk xeyir-duamızı valideynlərimiz verib, əzizlərimiz verib, sonra zabitlərimiz, komandirlərimiz, bizdən əvvəl xidmət edən əsgər yoldaşlarımız. Azərbaycan əsgəri olmağımızla nə qədər qürurlanırıqsa, mehin çılğınlaşmasını təbiətin Azərbaycan əsgərinə xeyir-duası bilməyinizdən də elə qürurlanırıq.

– 2016-cı ilin aprel döyüşlərində əsgərlərimiz məktəbli idi. Əksəriyyəti döyüşlərdə iştirak etmək istəyib. Bu döyüşlər, döyüşlərin qələbə sonluğu onların vətənpərvərlik duyğularını kükrədib. Necə deyərlər, hərbi xidmətə dərsliklərə salınmalı aprel döyüşlərində qazanılan qələbənin ovqatıyla gəliblər. Hər biri Ali Baş Komandanın döyüş əmrinə hazırdır, – baş leytenant Fehruz Abbasov belə deyir.

Ötən il ezamiyyətdə olanda təmas xəttində – səngərdə əsgər Mahir Məmmədovla səmi-mi söhbətimiz olmuşdu. Söz sözü çəkmişdi. 2016-cı ilin aprel döyüşlərini də xatırlamışdıq. Onda Mahir demişdi:

– 2016-cı ilin aprelində orta məktəbdə oxuyurdum. Onda mən də ordu sıralarına getmək, döyüşmək istəmişdim. İcazə verməmişdilər. İyunda hərbi xidmətə çağırıldım. İki ay əvvəl çağırılmadığıma nə qədər təəssüflənirdimsə, həmin döyüşlərdə iştirak edənlərlə eyni bölmədə xidmətə başladığıma görə taleyimdən razıydım. Onların söhbətləri, döyüş təəssüratları düşüncələrimi özünə bağladı. Ali Baş Komandanın döyüş əmrini böyük istəklərlə gözləyirik. Mən də qalib əsgərlərdən biri olmaq istəyirəm, mən də “Torpaqlarımızı işğaldan azad etdik!” deyəcək əsgərlərdən biri olmaq istəyirəm. Mən də sonralar uşaqlara, yeniyetmələrə döyüşlərdən, qəhrəmanlardan danışmaq istərdim. Təkcə həmin dövrdə xidmət edən əsgər kimi yox, o döyüşlərin iştirakçısı olan qalib əsgər kimi danışmaq istərdim…

Onda Mahir belə demişdi. Onda da yarpaq titrədən meh əsirdi və bu mehin doğmalı-ğında eşitdiklərim düşüncələrimə hopmuşdu. Həmin söhbəti xatırlayıram, xatırladıram. Araya ürkəcək sükut çökür:

– Mahirin sizə dediklərini yaşayan əsgərlərimiz çoxdur. Bu duyğuları o vaxtlar hərbi xidmətdə olanlar da yaşayıb. 2016-cı ilin aprelində hamımız döyüşlərə getməyə can atırdıq. Hərbçi kimi verilən əmri yerinə yetirdik. Hər halda, həmin döyüşlərdə iştirak edənlərə həsəd aparırdıq. Əsgərlər əsgərlərə, zabitlər zabitlərə, – mayor Ruslan Novruzov belə deyir…

– O döyüşlər gedən vaxtlarda qardaşım hərbi xidmətdəydi. Tərxis edildikdən sonra deyirdi ki, “həmin vaxtlarda əsgər olsaq da, döyüşlərdə iştirak edə bilmədiyimizin təəssüfünü yaşadıq, elə indi də yaşayırıq. Xidmətimiz başa çatdı, döyüş əmri verilmədi, tərxis olunduq, indi növbə sizindi”. Biz əsgərlər döyüş əmri gözləyirik. İstəyirik ki, tərxis olunanda valideynlərimiz də, hərbi xidmətdə olmuş qardaşlarımız da, çağırışçı yeniyetmələr də bizi qalib əsgər kimi qarşılasınlar, – əsgər belə deyir.

Əsgərlərin ürəyindən keçənləri duymaq çətin deyil: torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək. Duru niyyətdi…

Qışda hava gah tutular, gah açılar. İndi belə deyil. Gömgöy göy üzündə bir əlçim də bulud yoxdu. Bunu zaman anlamında sabahlarımızın havasının necə olacağına rəmz bilirəm – aydın, işıqlı, nurlu. Burada da duyuram ki, Azərbaycan əsgəri səngəri qələbə yolunun başlanğıcı bilir. Yaxınlarda qazanacağımız qələbə yolunun başlanğıcında – səngərdə, əsgərlərin əhatəsində yenə sinəm ürəyimə darlıq edir, Qələbə kəlməsi yenə düşüncələrimin göyqurşağıdı.

Düşüncələrim elə dönməzləşib ki!.. (Ordu.az)

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …