Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Sələfilər əsl sələfidirmi?! – Vaqif Cəliloğlu

Sələfilər əsl sələfidirmi?! – Vaqif Cəliloğlu

Özlərini sələfi adlandıranların bəzi görüşlərinin həqiqi sələfilərə məxsus olub-olmaması barəsində fikir müxtəlifliyi olduğu üçün, biz bu yazıda ümumi-mücərrəd sələfilərdən yox, ideologiyalarını Azərbaycan və Şimali Qafqaza ixrac edən vəhhabi mahiyyətli sələfilərdən bəhs edəcəyik. Yəni o sələfilərdən ki, ənənəvi məzhəblərə məxsus müxtəlif xalqların yaşadığı həmin regionda özlərini qəbul etdirmək üçün vəhhabi yox, sələfilər kimi təqdim edirlər. Halbuki, hər iki təriqət ümumən bir ideologiyadan- ibni Teymiyyə (1263-1328) baxışlarından qaynaqlanır.
Özlərini sələfi kimi qələmə verənlər Azərbaycana SSRİ-nin tabutuna son mismar vurulduqdan sonra ayaq açıblar. Həmin dövrdə dini maarifləndirmə sahəsində yaranan boşluqdan istifadə edən xarici təşkilat 1993-cü ildə Sumqayıtda bir məscid inşa etdi. Vəhhabizmin hakim ideologiya olduğu Səudiyyə Ərəbistanının “İslami Nicat” təşkilatının maliyyə vəsaiti ilə tikilən bu məsciddə ilk imamlığı milliyyətcə ərəb olan Əmir Fəhmi edib (??). Allah evi adı ilə təqdim edilən və “Əbu Bəkr Məscidi” adlanan bu müqəddəs yerdə 2-ci Çeçen Müharibəsində iştirak etmək üçün mücahidlər də hazırlanırdı. Həmin səbəbdən Azərbaycan hökuməti 2001-ci ildə sözügedən məscidin fəaliyyətinə xitam verdi.
1998-ci ildə isə həmin xarici təşkilatın maliyyə dəstəyi ilə Bakının Nərimanov rayonunda 2-ci eyniadlı ibadətgah- “Əbu Bəkr Məscidi” istifadəyə verildi. 2008-ci ildə bu Allah evində dinimizə, adət və ənənəmizə yad olan bir hadisə- terror baş verdi. Nəticə: 2 nəfər ölü, 18 yaralı, minlərlə gəncimizin beyinlərinin zəhərlənməsi və onların məlum fəsadları…

 

i
Hicri IV əsrdə (Miladi X əsr) meydana gələn müasir sələfilərin sələfləri İslamın sünni cərəyanının 4-cü məzhəbinə (qurucusu Əhməd ibni Hənbəl) mənsub olanlardır. Onlar Hənbəlin vəfatından (855-ci il) sonra iddia etdilər ki, ideologiyaları sələfiyə inancını yenidən dirildən və bu görüşə əks olanlara qarşı mübarizə aparan Əhməd ibni Hənbələ aiddir. Lakin bu məzhəbin əksər alimləri Hənbələ istinad edilən fikrin doğru olmadığını bildirdilər. Həmin səbəbdən məzhəbdaxili çəkişmələrin nəticəsi olaraq sələfilər fəaliyyətini müvəqqəti dayandırmağa məcbur oldular.
Sələfiyə inancı hicri VIII əsrdə (Miladi XIII-XIV əsrlər) şeyxülislam adlanan ibni Teymiyyə tərəfindən təkrarən reanimasiya edildi. O, müsəlmanlara çox təkidlə bu ideologiyanı qəbul etdirməklə yanaşı, həm də dövrün tələb etdiyi bəzi fikirləri sələfiyə görüşünə əlavə etdi. Lakin ibni Teymiyyəyə müxalif olan əksər müsəlman alimlərinin səyi nəticəsində bu ideya inkişaf edə bilməyib zamanını gözlədi. Teymiyyənin həyatına son qoyan bu ideya yalnız XVIII əsrdə Məhəmməd ibni Əbdulvəhhab (1703-1787 və ya 1792) tərəfindən yenidən gündəmə gətirilərək, daha sərtləşdirilmiş şəkildə vəhhabilərin dini-siyasi ideologiyasının əsasına çevrildi. Həmin səbəbdən bu ideologiyaya mənsub olanlar özlərinin inancda sələfiyyəçi, əməldə Hənbəli və Müvəhhidi (vahid Allah tərəfdarları) olduğunu deyirlər. Göründüyü kimi, müasir sələfilər X-XIV əsrlərdə hazırlanan sələfi ideologiyasının 4 əsrdən sonra ibni Teymiyyə irsindən yararlanan Vəhhabi dini-siyasi təriqəti ilə sintezindən əmələ gələn ideologiya əsasında fəaliyyət göstərirlər.
İbni Teymiyyə metodlarını tədqiq etdiyi alimlərin İslam inancını anlama üsullarını əsasən dörd qismə ayırıb: “1) Filosoflar. Bunlar: “Qurani Kərim xitabət yolu ilə və insanları iqna edən (başa salan) müqəddimələrlə gəldi”- deyirlər. Filosoflar özlərinin dəlillərə dayandıqlarını, etiqadi məsələləri isə ancaq dəlillər və dolğun bilgi ilə əldə edə biləcəklərini iddia edirlər. 2) Kəlamçılar (ibni Teymiyyə bu sözlə mötəzililəri nəzərdə tuturdu- V.C). Onlar ağıla söykənən dəlilləri Quran dəlillərindən üstün sayıblar. Belələri Quran inancından sapmasalar da, fəqət Kitabı ağıllarına görə yozublar. 3)Bir qrup alimlər (Maturidi və b.) Qurani-Kərimdə olan etiqadi məsələləri araşdırır, Kitaba inanır və Quranın bu məsələlər haqqında dəlillərini də qəbul edirlər. Lakin onlar bu dəlilləri yox, ehtiva etdiyi mənaları inanılması vacib olan xəbərlər kimi qəbul edirlər. Onlar ağıldan istifadə etməklə, Quranın bəyan etdiyi etiqadi məsələlərə dəlil gətirməyə çalışırlar. 4) Bu qrupa Quranın həm etiqadi məsələlərini, həm də dəlillərini qəbul edənlər daxildir. Onlar Quran dəlilləri ilə yanaşı, ağlı dəlillərdən də istifadə edirlər”.
İbni Teymiyyə bu təsnifatdan sonra deyir: “Sələfin metodu bunlaırn heç biri deyil. Sələfilərə görə, etiqadi məsələləri, dini hökmləri və onlarla əlaqəli bütün mövzuları qısa və ya ətraflı bilmənin yeganə yolu Quran və sünnətdir. Quran nə hökm edibsə, sünnət necə izah edibsə, olduğu kimi qəbul olunur, əsla rədd edilməz. Bunları qəbul etməmək İslam inancından çıxmaq deməkdir. Quranın izahında və ondan hökm çıxartmada ağlın rolu ancaq mətinlərin göstərdiyi ölçüdə və xəbərlərin ağlı dəstəklədiyi nisbətindədir. Ağıl şahiddir, hakim deyil. Ağıl iqrar edən və dəsətkləyəndir; pozan və qəbul etməyən deyil. Ağıl Quran dəlillərini ancaq izah edə bilər. Sələfilərə görə, ağıla söykənən metodlar sonradan icad edilən, səhabə və tabiinin istifadə etmədikləri üsullardır. Etiqadi məsələləri anlamaq üçün ağıl prinsiplərinin zəruri olduğunu söyləmək, “sələfi salih bu məsələləri və dəlilləri bilmirdi”- deməkdir!”
Sələfilər Allahu-Təalənin sifətləri, qulun feli, Quranın məxluq olub-olmaması barədə, Allahın yaratdıqlarına bənzədiyi zənnini doğuran ayələri şərh etməyə çalışıblar. Onlar bütün müsəlman alimləri tərəfindən qəbul edilən vəhdaniyyəti (Allahın birliyini) İslamın əsası hesab etsələr də, fəqət bəzi məsələlərdə ixtilafda olublar. Məsələn, sələfilər vəfat edən bəzi saleh insanların Allahdan bir şey diləməyə vasitə olmasını vəhdaniyyətə əks olduğunu iddia edirlər. Onlar həz. Məhəmmədin qəbrini ziyarət etməyi, orada ibadət və duanı da vəhdaniyyətə əks olduğunu, bir bidət kimi vəhdaniyyəti zədələdiyini iddia edirlər.

 

sel
Sələfilər “Allahın əli və üzü var və bu barədə heç bir açıqlamaya ehtiyac yoxdur!- deyirlər. Bununla yanaşı onlar qeyd edirlər ki, Onun əli və üzü yaratdıqlarının əli və üzü kimi deyil.
Sual olunur: Özlərini sələfi adlandıranların bu və digər tezisləri doğrudanmı həqiqi sələfilərin baxışıdır? Cavab olaraq mənbələr yazıb: “İbni Teymiyyədən əvvəl hicri IV yüzillikdə Hənbəli məzhəbində olanalrın bir qismi bu görüşü ortaya atmışdılar və bunun sələfin məzhəbi olduğunu iddia etmişdilər. O zamanın alimləri onlarla mübarizə apararaq, deyilənlərin Allahı yaratdıqlarına bənzətməyə, Allaha cism isnad etməyə yol açdığını isbat etdilər. Belə ki, Hənbəli fiqh alimi İbnul Cəvzi sələfilərin belə baxışlarına qarşı çıxmış və bu fikirlərin sələfi salehin, imam Hənbəlin görüşü olduğunu rədd etmişdi. İbnul Cəvzi yazıb: “Bəzi din qardaşlarımız təməl əsaslar haqqında doğru olmayan sözlər deyib, məzhəbi ləkələyən kitablar yazır. Onlar “Allah Adəmi Öz surətində yaratdı” hədisini səhv şərh etməklə Allahın zatına Onun şəklini- ağzını, əl və üzünü əlavə etdilər. Və: “Biz mütəşəbih ayələri zahiri mənalarına görə yozuruq”- söylədilər. Mən onlara dedim: “Qardaşlar! Ən böyük imamınız Əhməd ibn Hənbəl qamçılanarkən deyib: “Öncəkilərin söyləmədiyi bir şeyi mən necə söyləyə bilərəm?” Elə isə sələfi olan bu zatın məzhəbinə onda olmayan şeyləri əlavə etməyin”. İbnul Cəbzin bu fikrini Hənbəli məzhəbinə mənsub olan fiqh (İslam hüququ) alimləri Əl-Qadi Əbu Yəla, ibn Əzzağfəran və başqaları da israrla müdafiə ediblər.

Hələ X əsrdə belə fikirləri tənqid edən müsəlman teoloqu, nəzəri ilahiyyatın-kəlamın banilərindən biri Əl-Əşəri (873-935) yazırdı: “Onlar Qurani-Kərimi öz görüşlərinə görə yozublar. Bu görüşlərinə dair Allahu-Təalə nə bir dəlil endirmiş, nə də onu açıqlayıbdır… Bunlar Rəsullulləh(ə)-nin şəfaətini inkar etmişlər və bu xüsusda sələfi salehdən gələn rəvayətləri qəbul etməyiblər. Biz Əhməd ibni Hənbəlin yolunu tutmuşuq… Biz Allahu-Təalənin Peyğəmbərinin söhbətinə nail etdiyi sələfi salehi sevirik. Onları öndərlər qəbul edirik və deyirik: “Rəsululləh(ə)-dən sonra xəlifələr həz. Əbu Bəkr, həz. Ömər, həz. Osman və həz. Əlidir. Biz möminlərin ölülər üçün dua etməsini və sədəqə verməsini caiz hesab edirik. Bunlar ölüyə fayda gətirə bilər. Biz inanırıq ki, Allahın izni ilə Peyğəmbər(ə) ümməti üçün şəfaət edəcək…”
Mətndən aydın olur ki: 1) Sələfi saleh Peyğəmbər(ə) dövründə yaşayan, onu görən, ondan dərs alan səhabələr olub; 2) Əhməd ibni Hənbəl və sağlığında onun məzhəbinə mənsub sələfi salehi sevən müsəlmanların Hənbəlin vəfatından sonra özlərini sələfi adlandıranlarla heç bir əlaqəsi olmayıb. Özlərini sələfi adlandıranlar ideologiyalarının cəmiyyətdə qəbul olunması üçün Hənbəl və onun məzhəbinin nüfuzundan istifadə edib, olmayan baxışları sonradan məzhəbin adına yazıblar; 3) “Biz Əhməd ibni Hənbəlin yolunu tutmuşuq” yazan Əşəri, ölülər üçün dua edilməsini və bunun ölüyə fayda verəcəyini deməklə, həm də bu fikrin vaxtilə Hənbəl tərəfindən dəstəkləndiyini ortaya qoyub.
Göründüyü kimi, Əhməd ibni Hənbəlin vəfatından sonra da həqiqi sələfilər hicri IV və V əsrlərdə meydana atılan bu yanlış ideyaya qarşı çıxıblar.
Yuxarıda qeyd olunduğu kimi, sələfi salehdə də, Əhməd ibni Hənbəl və onun məzhəbində olmayan şeyləri də bu məzhəbin adına yenidən şamil edib onu inkişaf etdirən ibni Teymiyyə olub. Onun iddiasına görə, “Quran mətnləri olduğu kimi qəbul edilməlidir. Çünki kəlimələr zahiri və hərfi mənalarından anlaşılır. Bu, sələfi salehin yoludur”. Qeyd edək ki, hüccətül-İslam (İslamın dəlili) adını daşıyan imam Qəzzali (v.e. 1111) bu fikri hələ XII əsrdə dəlillərlə rədd edərək, belə yanaşmanı hətta Allahı inkar edən ideya kimi qiymətləndirib. Maraqlıdır, ayələrin zahirini əsas götürən ibni Teymiyyənin Peyğəmbər(ə)-dən gələn bu səhih hədisə münasibəti necə olub: “Quranın zahiri və batini var, batinin də batini var. Onun batini yeddiyə qədərdir”.
Vəhhabi və müasir sələfilərin ideya bayraqdarı İbni Teymiyyəyə görə: 1) Saleh insan və övliyalar vasitəsilə Allaha yaxınlaşmaq olmaz; bu qadağandır; 2) Ölülərdən və bənzərlərindən yardım gözləmək və onları vasitə etmək olmaz, bu qadağandır; 3) Təbərrük (uğur, bərəkət istəmə) və ya təqdis (müqəddəs saymaq; əziz tutmaq) üçün peyğəmbərlərin və saleh qulların qəbirlərini ziyarət etmək yasaqdır. Bununla yanaşı o, bəzi insanların kəramət sahibi olduğuna və Allahu-Təalənin onlar vasitəsilə bir sıra xarüqələr göstərməsinə inanıb. İbni Teymiyyə deyib: “Lakin bu, həmin insanların xətalardan uzaq olmasını göstərmir. Çünki onlar da sorumlu qullardır… Kəramət doğru olmaqdan üstün deyil”. İbni Teymiyyə yazıb: “İstər sağ, istərsə də ölü olsunlar, saleh qullar vasitəsilə Allaha yaxınlaşmaq və ya onlardan yardım istəmək caiz olmadığı kimi, qəbirlərə və ya orada dəfn edilənlərə and içmək də caiz deyil. Çünki bu hal bütlərə and içməyə bənzəyir. Kim qəbirlərdəki insanların fayda və ya zərər verəcəyinə inanırsa, həmin şəxs sapıqdır, cahildir. Peyğəmbər(ə)-nın qəbrini təbərrükən ziyarət etmək caiz deyil”. Qeyd edək ki, məhz bu sonuncu fətvaya görə, o, növbəti dəfə zindana salınıb və orada da vəfat edib.
Göründüyü kimi, ibni Teymiyyə və onun xələfləri olan müasir sələfilər bəzi baxışlarına görə əksər müsəlmanlara müxalifdirlər. Onlar hətta həz. Peyğəmbərin qəbrinin ziyarət edilməsi məsələsində bu çoxluğa qarşı barışmaz mövqedədirlər. Halbuki, səhabə və onların saleh ardıcılları Peyğəmbər(ə)-nin vəfatından sonra onun qəbrini ziyarət edib və qibləyə dönərək dualarda bulunublar. İbni Teymiyyə ideologiyasından bəhrələnən sələfilər: “Peyğəmbər(ə)-nin qəbrini ziyarət etmək onu müqəddəsləşdirmək deməkdir”- deyirlər. Əslində, bu əndişə qorxusu olmayan şeydən qorxmaq deməkdir. Çünki, bu ziyarət Peyğəmbər(ə)-ni müqəddəsləşdirirsə, deməli, bu, Allahın birliyinə dəvət edən, ömrü boyu bütpərəstlik və şəxsiyyətə pərəstiş ilə mübarizə aparan və aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbər(ə)-ni müqəddəsləşdirir. Bu isə Allahın birliyini müqəddəsləşdirmək deməkdir.
Peyğəmbər(ə)-nin qəbrini ziyarət etmək onun səbrini, tolerantlığını, mətanətini, Allah rızası üçün cihad və mücadiləsini, Allahın yardımı ilə monoteizmi ucaltması və ibadətin yalnız Allaha edilməsini, təvhid inancını insanlara çatdırmaq, gənclərə Vətən, Bayraq sevgisini aşılamaq və s. müqəddəs dəyərlərin vacibliyini, bəşərə onun kimi yaşamağı, fəaliyyət göstərməyi təbliğ etmək məqsədini daşıyır. Bu baxımdan heç ibni Teymiyyənin də fəaliyyəti istisna olmayıb. Çünki, mənbələrə görə, özünü sələfi hesab edən Teymiyyə özü sələfi salehin həz. Məhəmmədin qəbrini ziyarət etməsini, ona salam verməsini nəql edib.

ib
Həz. Ömərin oğlu Abdullahdan nəql edən Hafi isə deyib: “Abdullah ibni Ömərin Peyğəmbərimizin qəbri önündən keçərkən, qəbrə salam verdiyini yüz dəfə, hətta daha çox gördüm”. Beş məzhəb imamları, o cümlədən ibni Teymiyyənin mənsub olduğu məzhəbin rəhbəri imam Əhməd ibni Hənbəl də daxil olmaqla, Peyğəmbər(ə)-nin qəbrini ziyarət edib, onu yad ediblər. Sual olunur: Həmin imamların və sələfi salehin bu ziyarəti haqqında dəqiq məlumata malik olan ibni Teymiyyə Əhməd ibni Hənbəl məzhəbinə və sələfi salehə əks olmayıbmı? Qeyd edək ki, Peyğəmbər(ə) qəbrinin ziyarət edilməsinə qadağa qoyan ibni Teymiyyənin həz. Məhəmmədin səhihliyinə şühbə edilməyən bu kəlamına: “Qəbrimi ziyarət edənə qiyamət günündə şəfaətim vacib olacaq” diqqət çəkməməsi həm də düşündürücüdür.
Biz həz. Məhəmmədin, övliya və imamların, saleh şəxslərin, vətən, din, bayraq uğrunda şəhid olanların, Xaliq və xalq rızası üçün çalışan ictimai-siyasi, din xadimlərinin, qohum-əqrabamızın qəbrini ziyarət edilməsini əsillərimizin bizə əmanət olaraq ötürdüyü adət hesab edirik. Bu adət həm də Quran hikməti və sünnətlə təqdir olunduğu üçün, onu gələcək nəslə ötürməyi bir vəzifə borcu hesab edirik. Bizim burada “Təbərrik” sözündən məqsədimiz: 1) Rəbbimizin şəfaət üçün izn verdiyi şəxslərin həmin salehlərin olmasına inamımız (bax: Bəqərə 255, Taha 109); 2) onların həyatından öyüd-nəsihət almaq, gənclərimizə onlar kimi yaşamağı öyrətməkdir. Çünki hər bir insanın dəyərini varlığı ilə yanaşı, yoxluğu da göstərir. Yoxluğu bir şeyə təsir etməyənin, varlığı da gərəksiz olub.
Peyğəmbər(ə)-nin qəbrini ziyarət etmək bir hidayət və bəsirətdir. Onun qəbrinin yanında edilən dua isə ən mübarək bir duadır. Çünki qəlb huşi (ayıq-sayıq) içində, ağıl şüurlu, nəfs ixlaslı və vicdan oyaq məhz bu ibadətdə bərqərar olur.
Allah bizi yalançı, yabançı, yamaqçı və yaraqlı ibadətdən qorusun. Amin!

 

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın