Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / MTN şantajı məni o siçan qədər ağlatmadı… – Könül Quliyeva

MTN şantajı məni o siçan qədər ağlatmadı… – Könül Quliyeva

Hərdən mənə elə gəlir ki, qış mənim qapımı daha tez döyür. Qışın gəlişini hər kəsdən tez mən hiss edirəm. Bəlkə buna səbəb kasıb evimin soyuq divarları, bəlkə də isinmək üçün əlverişli şəraitimin olmamasıdır?! Kimisi isti sobanın yanında oturub qışın gəlişini, qarın yağması kimi əsrarəngsiz mənzərəni seyr etməyi, kimisi də qış tətilinə çıxıb xarici ölkələrdə xizək sürməyi səbirsizliklə gözləyir. Mən isə qışın gəlişini, qarın yağmasını heç istəmirəm…
Hər il yayda “Allah qoysa, bu qışa qədər özümə şərait quracam” deyirəm. Ancaq qura bilmirəm ki, qura bilmirəm. İndi sizə elə gələcək ki, evimin soyuq olmaması üçün qışın gəlişini istəmirəm. Yox, əsla!!! Artıq soyuğa alışmışam. Buna səbəb qışda evdən bayıra çıxmaq üçün qışlıq cəkmələrimin olmamasıdır. Bir az öncə onları çıxarıb təmizləmək üçün evin zirzəmisinə düşdüm. Çəkmələri qoyduğum qutunu açanda gözlərimə inana bilmədim. Çəkmələrdən əsər-əlamət qalmamışdı. Siçan hər yerini deşik-deşik etmişdi… Bir anda mənə elə gəldi ki, sanki siçan çəkmələri yox, mənim ürəyimi elə didib-parçalayıb. Əsəbimdən uşaq kimi, hönkürtü ilə ağladım. Çünki yenə çəkmə almağa da imkanım yoxdur. Bir anlıq düşündüm ki, bəlkə dostların birindən borc götürüb, yeni çəkmə alaram. Amma ərk etdiyim dostlardan borc almadığm kim qalıb?! Heç aldıqlarımı da qaytarmamışam.
Nə qədər etsəm də xeyli müddət göz yaşlarımı saxlaya bilmədim. Elə o an bütün həyatımı, neçə il arzusunda olduğum təhsili, oxuduğum universiteti lənətlədim. Axı mənə lazım idi oxumaq? Axi mənə təhsildən ötrü borca girmək o qədər vacib idi? Özümə verdiyim bu suallarla özümü daha çox danladım. Heç MTN quldurları tərəfindən həbslə şantaj olunanda həyatımı bu qədər lənətləməmisdim, taleyimdən bu qədər inciməmisdim ki, bir cüt çəkmələr qarşısında bu qədər üsyankar olub, göz yaşı tökdüm. Çox məyus halda özüm uçun borclarımı ödəməyin çıxış yollarını axtarmağa başladım.
Bu vaxt yaxın rəfiqələrimdən birinin mənə tez-tez xatırlatdığı bir hekayə yadıma düşdü. Bunu sizə də xatırlatmağı özümə borc bilirəm:
“Bir kasıb uzaq bir səfərə çıxmalı olur. Ayağında ayaqqabısı, başında papağı olmadığı üçün bu səfər zamanı çox əziyyət çəkir, ayaqlarını daşlar əzir, başını gün yandırır. Bir dəfə oturub düşünür və özünü möhkəm qınayır, deyir ki, sənin tay-tuşların dəvə karvanları ilə yola çıxırlar, sən isə ayağına geyməyə ayaqqabı da tapmırsan. Bu yaşa qədər gəlmisən, qarındolusu çörək yediyini də xatırlamırsan.
Bəli, bu kasıb özünü xeyli qınayandan, danlayandan sonra durub yoluna davam edir. Gəlib bir kəndə yetişir. Baxır ki, yolun kənarındakı iri bir daşın üstündə təxminən onunla yaşıd bir adam oturub. Yolçu diqqət edib görür ki, meh əsdikcə həmin adamın şalvarının balaqları havada oynayır. Baxır ki, adamın ayaqları dizdən aşağı yoxdur. Daşın dibinə isə bir cüt qotazlı çarıq qoyulub. Əlini cibinə salır ki, ona bir şey versin, amma onun cibi nə zaman pul görmüşdü ki? Yolçu kəndin çıxışındakı bir bulaqdan su içib əl-üzünü yaxşıca yuyandan sonra yoluna davam edir. Daha onun ayaqları əvvəlki qədər ağrımırdı”.
Bu misalı xatırlayandan sonra həmin rəfiqəmə zəng etdim. Ona başıma gələni danışdım. Rəfiqəm mənə yaşadığım çətinlikləri xatırladaraq, sən nələrə guc gəldin, nə qədər haqsızlıq gordun, nə qədər əziyyətlər çəkdin, amma butun bunlara rağmən döyüşdün, çarpışdın, sona qədər mücadilə aparıb ayaq üstə durmağı bacardın, – dedi. Həyatında baş vermiş bütün çətinliklərdə bir hikmət var. O hikmət sənə nələri öyrədib? Öyrəndiklərini yaz, qələmə al, insanlara ümid ver. Ümid ver, qoy bilsinlər ki, hec bir haqsızlıq yerdə qalmır, İlahi ədalət çox qısa zamanda öz hökmünü verir. Belə ağlayıb-sızlayıb həyatdan incik dusməkdənsə, “nağıl həyatını” yaz, deyərək mənə təskinliklər verdi.
Mən də bayırda yağan yağışa baxa-baxa soyuq otağımda hələ də atmağa əlim gəlməyən siçanların yediyi çəkmələrimi qarşıma qoyub düşünürəm. Bəlkə də bu çəkmələr Allahdan zirzəmimizdəki siçanların qış ruzisidir?! İndi o siçanlara da nifrət etmirəm, halal xoşları olsun, deyib yenidən zirzəmiyə atacam. İstədikləri qədər yeyib əylənsinlər təki!!!
Hər işdə bir xeyir var, bəlkə o siçanların duası ilə özümə normal iş tapıb yeni çəkmə ala bildim?!

Azinforum.az

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın