Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Məmləkətim – Məhsəti Şərif

Məmləkətim – Məhsəti Şərif

Üç ildən sonra Azərbaycana gəldim. Əslində yaya planlaşdırırdım gəlməyi. Amma həyat hər zaman planlaşdırdığımız kimi getmir. Gəlişim xoş səbəbdən olmasa da, sevinirdim. Çünkü vətənimdən ilk dəfə uzun müddət ayrı qalmışdım. Ölkədən kənardan baxanda hər şey mənə fərqli gəlirdi. Hər kəs də Bakının çox dəyişdiyini deyirdi. Bu dəyişim məsələsini bütün mənalarda anlayırdım. Həm görünüş, həm yaşayış, həm insanlarımızın düşüncə tərzi…

Belə bir məsəl var kasıb evindən çıxanda elə bilir evi varlanıb. Gözəl məmləkətimə ayaq basdım və anamın sağlıq problemi olduğu üçün öncə səhiyyəmizlə üzləşdim. “Azərbaycanda yaxşı həkim yoxdu” fikrim dəyişdi. Çox ağır əməliyyatın belə, bizim ölkədə edilə və müsbət nəticə alına biləcəyindən əmin oldum. Amma bizim səhiyyə sistemindəki vəziyyətin çox acınacaqlı olduğunı bir daha görmüş oldum. Yəni dörd il əvvəl necə qoyub getmişəmsə, elə də qalır. Hətta daha da pisləşib. İnsanların illərlə dövlət sığortasına ödədiyi pullar boş yerədi. Tibb bacıları xəstələrin verdiyi üç-beş manatla dolanır. Ona görə də üzlərinə bir neçə üz də bağlayıb xəstə “soyğunu” ilə məşğuldurlar. Səhiyyə Nazirliyi işçilərini bu durumdan qurtarmaq üçün yeniləmə düyməsinə basmalıdır… Yoxsa millət bu biabırçılıgı görməmək üçün hələ çox xarici ölkələrdə müalicəyə üz tutacaq…

İkinci hədəf şəhər sərnişindaşıma xidməti… Onda da dəyişən heç nə yoxdu. Hələ də sürücülər vətəndaşa əl açıb qəpik toplayır. “Bakı Bus”u nəzərə almasaq, avtobuslar hələ də kart sisteminə keçməyib. Sürücülərimizin də maşallahı var. Aqresiya vulkanıdırlar. Məsələn, 20 qəpik yox, 1 manat verib qalıq pul almaq istəsən, bir ton laf eşidərsən. Bunu onların iş rejiminin ağırlığı, sosial problemlərilə bağlamağa çalışıram. İnsanları sosial problemlər aqresivləşdirir. Amma avtobusda tum çırtlamaq, siqaret çəkmək, telefonla danışmaq, qarşıdan gələn avtobus sürücüsüylə şit zarafat etmək, zövqü korlayan musiqiləri dinləmək də hələ də birinciliyini qoruyub saxlayır. Bunun sosial sıxıntıyla yaxından-uzaqdan əlaqəsi yoxdu…

Bakı çox dəyişib. Hətta 4 il əvvəl qoyub getdiyim Bakı çox gözəllışib. Amma nədənsə Bakıda bir hüzn gördüm. Anlamını çözə bilmədiyim qəribə nisgil. Metroda insanların üzünə baxıram. Hər kəs gərgin, qaşlar çatılmış, qışın gəlişiylə qara libasa bürünən insanların narahat baxışları. Nədənsə heç ürəkdən gülən insan görmədim…

Bakıya nə xəyallarla gəlmişdim. Dostlarımla görüşəcəm, gəzəcəm, qonaq gedəcəm… Gəlişimdən bir neçə gün sonra Nardaranda olaylar oldu. Polislərimiz şəhid oldu. Nardaran sakinlərindən də dünyasını dəyişən vardı. Demək ki, elə nardaranlılar da dəyişməyib. Düşüncə və feyz aldıqları ölkə də eyni qalib. Hətta geriyə on addım atılıb. İnsanların haqlarını tələb etmək haqqı var.Amma bu, başqa beyindən gələn və altında min bir məkr yatan düşüncə insanından çıxmamalıdır. Taleh kimi… Yenə də olan qara nardaranlıya oldu. Qara çadralı yox, qara…

Sonra Neft Daslarındakı qəza… Suya qərq olmuş insanlar… Əcaba mənim ayagımmı ağır oldu… Gəlməsəydimmi?.. Təsəlli üçün batil inanclara sarılıram. O qəzadan daha az itkiylə necə qurtarmaq olardı düşüncəsini ağlıma belə, gətirmirəm. Hər zaman baş verəcək qəzalar nəzərə alınmalıdır. Nədənsə qəzadan sonra olan canfəşanlıqlar mənə səmimi gəlmir.

Gündəmdə “tıxac” var. Bir-bir birinin ardınca elə dəyişir ki, işləməkdə çətinlik çəkirsən. Onsuz da mənim ölkəmdə gündəmi dəyişmək bir saniyəlikdir. Təki söz olsun. Böyük hadisələrin gündəmini kiçik dedi-qodularla dəyişmək bacarığımza çatan olmaz.

Danışmağa ağız çoxdu. Gözəl məmləkətimdə yenə də dedi-qodu, ağıllı görünmək yarışı ön sıradadı. Təki söz olsun, iş sonra da olar. Bu arada iş olmadığına görə də insanlar yaşama çabasındadı. İşsizlik problemi insanları aqresivləşdirib. Məsələn, mənim hazırda qonaq olaraq qaldığım, bundan əvvəlki yaşayış yerim olan məcbiri köçkünlərin məskunlaşdığı yataqxana. Yataqxananın yarıdan çoxu işsizdir. Hətta ailə var, beş üzvünün hamısı evdə oturub iş möcüzəsinin nə zaman gerçək olacağını gözləyir. İş yoxdu, fəhlə işləmək üçün də tapşırıq və adam lazımdı. Bizdə adamı olmaq özü böyük işdi. İndi biri çıxıb mənə deyəcək bu ölkədən gedib buranı bəyənmirəm. Əsla! Dost acı söylər. Sadəcə. başqa ölkəyə gedib-gələndə problemləri və çatışmazlıqları daha aydın görürsən. Axı mən Türkiyədən pulsuz aldığım dərmanı burda “od” qiymətinə alıramsa, orda beş dəqiqəyə aldığım sənədi burda beş gün sürünəndən sonra alıramsa, fərqi necə görməyim?

Bir ildə iki dəfə devalvasiya yaşayan ölkənin vətəndaşı kimi üzgünəm. İnsanların iki gün daha ucuz yemək yeməsi üçün marketləri silib-süpürməsinə, marketlərin malları gizlədib daha baha satması hərisliyinə üzgünəm. Çörəyin çəkisinin azaldılaraq, insanları çörəklə imtahan edənlərin zehniyətinə üzgünəm! Dollardan asılı qalan manatımızın halına üzgünəm! Banklara dollarla borcu olan boynu bükük çarə axtaran insanların halına üzgünəm! Təqaüdlə yaşayan yaşlıların halına üzgünəm. Ölkənin iqtisadiyyatını müəyyənləşdirən, tənzimləyən rəsmi qurumlarımızın başarısızlıqlarına üzgünəm!
Ey mənim zəngin məmləkıtimin fakir insanları halınıza üzgünəm! Gözəl ölkəm üzgünəm….

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın