Ana səhifə / Cəbhə Xəbərləri / KİÇİK ÇİLLƏ BAŞLAYIR – ƏPOŞ ƏLİYEV

KİÇİK ÇİLLƏ BAŞLAYIR – ƏPOŞ ƏLİYEV

Xalq inancına görə, Böyük çillədən sonra Kiçik çillə başlayır. İyirmi gün davam etməsinə, ömrünün az olmasına baxmayaraq, Kiçik çillə günlərində hava daha sərt, güclü şaxtalı, boranlı-qarlı olur. Məhz elə buna görə də kiçik çilləyə xalq arasında “qışın oğlan çağı” da deyilir.
Çillələr haqda bəzi rəvayətlər mövcuddur. Onlardan birində deyilir: “Böyük çillə 40 gün dövranını sürüb gedir. Yolda Kiçik çillə ilə rastlaşır. Kiçik çillə soruşur:
– Bu qırx gündə nə gördün, neylədin?
Böyük çillə deyir:
– Mən dolu qazanlar üstə gəlmişdim. Sonra təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım.
Kiçik çillə istehza ilə gülüb cavab verir:
– Eh, sən heç nə eləməmisən ki. Mən gör indi nələr eləyəcəyəm, nə tufan qoparacağam. Qazanları ağzı üstə çevirəcəyəm, qarıları təndirin ağzından salıb külfədən çıxaracağam, küpləri, xaralları boşaldacağam, bütün azuqələri tükəndirib, gedəcəyəm.
Onun coşduğunu görən Böyük çillə deyir:
– Çox da öyünmə. Mən qırx günlük ömrümlə bir iş görə bilmədim. Sənin isə iyirmi günlük ömrün var. Bu iyirmi gündə heç nə edə bilməzsən. Çünki qabağın yazdır, ömrün də azdır.
Bu zaman Boz ay onlara deyir:

– Siz məni uzaqda görmüsünüz, hə asaram-kəsərəm deyirsiniz. Görün mən gedib nələr eləyəcəyəm. Buzları əridəcəyəm, torpağın donunu açacağam, əkinləri, çölləri, yamacları, ağacları cücərdəcəyəm. Bağ-bağçalarda gül-çiçək açdıracağam, kürsüləri sökdürəcəyəm”.
Naxçıvanda Böyük çillədə olduğu kimi Kiçik çillədə də bayram keçirilir. Ona Xıdır və yaxud Xıdır Nəbi bayramı deyilir. Bu bayram “qışın oğlan çağında”, kiçik çillənin onuncu günü, Novruz bayramından altı həftə qabaq, fevralın ikinci həftəsinin çərşənbə axşamı günü, qeyd edilir. Kiçik çillə yanvar ayının otuz birindən fevralın on doqquzuna qədər olduğundan Xıdır bayramı əsasən fevralın doqquzu vəya onunda kiçik çillənin yarı olduğu gündə qeyd edilir. Naxçıvanın bəzi kəndlərdə isə Xıdır Nəbi bayramı fevralın 14-ü (15-i) Xıdırın anadan olduğu gün bayram edilir. Əfsanə və rəvayətlərdə Xıdırın dara düşənlərə kömək etdiyi göstərilir. Azərbaycan folklorunda Xızır, Xıdır baba və Xıdır Zində ilə bağlı inamlar sayca üstünlük təşkil edir.
Ümumiyyətlə, xalq ədəbiyyatı və yazılı ədəbiyyatda Xıdır Nəbi bayramının adını daşıyan bu mifik obrazla bağlı mübahisəli məsələlər çoxdur. Onun adının Xızır, Xızır İlyas, Xıdır Nəbi, Xıdır baba və Xıdır Zində olması haqda fikirlər müxtəlifdir. Xalq ədəbiyyatında deyilir ki, “Xıdır Nəbi”,“Xıdır İlyas” Xızır adlı yaşıl geyimli müqəddəs ruhdur və hər adamın gözünə görünmür. Çətinə düşən yolçulara kömək edən ilahi qüvvə kimi, o, dastanlarımızda da təsvir olunmuşdur. Professor Pənah Xəlilov yazır: “Folklorumuzda Xızır qədim, xeyirxah və sehrli qüvvədir. Sonralar İslam dini əfsanəsinə qarışıb Xızır İlyas kimi məşhur olmuşdur”.
Bir çox Türk xalqlarında da bu mifik obrazla bağlı bayram qeyd olunur. Bu bayram Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılır. Kiçik çillənin çıxması münasibətilə keçirilən “Xıdır Nəbi” bayramı əsasən ölkəmizin Naxçıvan, Tovuz, Qazax və s. bölgələrində müxtəlif adlarla (Xıdır İlyas, Xıdır Zində) keçirilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq “suyun, külək və havanın himayəçisi” kimi təqdim olunur. Xıdır Nəbi bayramında ”Xıdır Nəbi” bayramını Naxçıvan əhalisi illər boyu qoruyub saxlamış, nəsillərdən-nəsillərə ötürmüşdür.
Xıdır Nəbi bayramında buğdanı sacda qovururlar. Qovurulmuş buğda “qovurğa” adlanır. Sonra onu kirkirədə (dəstərdə) üyüdüb “qovud” adlanan narın hissəsini və “yarma” adlanan digər iri hissəsini ayrı-ayrılıqda qablara tökərlər. Bir qaba şərbət, doşab və üyüdülmüş buğdanın narın hissəsi tökülərək qarışdırılır və qovud hazırlanır. Buğda ilə bərabər badam, küncüt, şabalıd, qoz, noxud, günəbaxan tumu qovrulur, onun içərisinə iydə, innab, kişmiş, mövüz qarışdırılaraq “Xıdır xonçası” hazırlanır. Aş (plov) süzülür, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlar qapılara gedib evlərə torba atır, “Xıdır payı” yığırlar. Pay gözləyən uşaqlar aşağıdakı misraları söyləyirlər:
Xıdıra xıdır deyərlər,
Xıdırın payını verərlər.
Çatma, çatma, çatmaya,
Çatma yerə batmaya.
Xıdıra pay verməyənin
Ayağı yerə çatmaya.
Naxçıvanda Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən isə təzə gəlinlərə Xıdır payı, Xıdır xonçası aparmaq adəti geniş yayılmışdır. Xıdır xonçasının yanında yundan toxunulmuş qış geyimləri də pay aparılır. Qışın ən soyuq, şaxtalı günlərində Xızır peyğəmbərin şərəfinə mərasim, bayram təşkil etmək, onu çağırmaq qışın çətinliklərindən Xızırın köməyilə xilas olmaq anlamına gəlir. Xıdır Nəbi bayramından sonra artıq Yalançı çərşənbə gəlir. Daha sonra isə Xəbərçi çərşənbə və Boz ay gəlir.
Artıq ilk gündən kiçik çillə sərt üzünü göstərir. Soyuğu, qar-çovğunu ilə. Ancaq el arasında deyildiyi kimi, üzü yaza gedən qışdan qorxmağa dəyməz.

Azinforum.az

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın