Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

Azinforum.az tanınmış dinşunas t.e. üzrə fəlsəfə doctoru Hacı Vaqif Cəliloğlunun bugünkü İslam ailəmindəki hadisələrlə həmahəng olan silsilə yazısını təqdim edir.

7–ci yazı

Yazının əvvəli ilə bu linklər vasitəsilə tanış ola bilərsiniz :

1.(https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu/)
2.https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu-2/
3. https://www.azinforum.az/20783-2/
4.https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu-3/
5.https://www.azinforum.az/22733-2/
6. https://www.azinforum.az/23211-2/

İmam Əhməd b. Hənbəl (781-855) və məzhəbi
Əhməd b. Hənbəl 781-ci ildə Bağdadda anadan olub. Həmin dövrdə nadir kitabların saxlanıldığı kitabxanaları ilə məşhur olan Bağdad həm də imamın yaşadığı, dərs dediyi və şöhrətinin yayıldığı yer olub. Mənbələrə görə, Hənbəlin mənsub olduğu qəbilə Peyğəmbər(ə) soyuna çatır. Onun ailəsi çalışqan və səxavətli idi. İmamın babası Əməvilər dövründə vali olsa da, fəqət onların iqtidarının son illərində Abbasilərə rəğbət bəslədiyi üçün Əməvilər tərəfindən vəzifədən kənarlaşdırılıb və işgəncələrə məruz qalıb. Hənbəl atasını çox tez itirib və anasının himayəsində olub. Uşaqlığdan dini elmləri və hədisləri öyrənib. Dövrünün alimlərindən biri onun haqqında deyib: “Yaşayacaqsa, bu çocuq dövrünün hüccəti (dəlili- V.C.) olacaq”.
Əhməd b. Hənbəl hədislə elmi birləşdirən fiqh təhsilini Əbu Hənifənin tələbəsi və dövrünün ən böyük qazisi olan Əbu Yusifdən alıb. O, hədis üzrə biliyini artırmaq məqsədilə Yəmən, Misir, Bəsrə, Hicaz və digər islam bölgələrində dəfələrlə olub. Hafizəsi çox qüvvətli olan Hənbəl Peyğəmbər(ə)-nin kəlamlarını toplayıb, sistemləşdirib və gələcək nəslin istifadəsi üçün yazıb. O, Əbu Hənifə kimi fətva verməyə 40 yaşından (kamillik yaşı, bax: Əhraf 15) sonra başlayıb.
Həmin dövrdə xəlifə Məmun (813-833) xilafətdə hakim mövqe tutan mötəzililərin (827-851) “Quran məxluqdur” ideyasını dəstəklədiyi üçün, bu fikrin xalq tərəfindən də qəbul edilməsi məqsədilə geniş təbliğat işlərinə start verilmişdi. Belə ki, Bağdadda xəlifənin vəkili ölkənin bütün aparıcı fiqh və hədis alimlərini toplayır. Əhməd b. Hənbəl də dəvətlilər içərisində idi. Toplantıda alimlərə əvvəlcədən deyildi ki, siz xəlifənin qəbul etdiyi tezisi müdafiə etməli, onunla ittifaqda olmalısınız. Əks halda, sizi cəza və işgəncələr gözləyir. Yığıncaqda dörd alimdən başqa hamı “Quran məxluqdur” ifadəsini qəbul edir. Etiraz edən dörd nəfər- Əhməd b. Hənbəl, Məhəmməd b. Nuh, əl-Kəvarari və Səccadi idi. Onların ayaqlarına zəncir, əllərinə qandal vuraraq işgəncə verirlər. Ertəsi gün Səccadi xəlifənin əmrini qəbul etdiyi üçün azad edilir. Az sonra işgəncələrə tab gətirməyən Kəvarari də təslim olur. Qalan 2 nəfər xəlifənin hüzuruna göndərilərkən onlardan biri – Məhəmməd b. Nuh yolda vəfat edir. Bu zaman tək qalan Əhməd b. Hənbəl yolda ikən xəlifə Məmunun ölüm xəbəri yayılır. Lakin məlum olur ki, ölüm yatağında olan xəlifə növbəti xəlifəyə- qardaşı əl- Mötəsimə vəsiyyət edib ki, əmri qüvvədədir.
İmam Əhməd b. Hənbəl yeni xəlifə Mötəsimin (833-842) hüzurunda da “Quran məxluqdur” sözünü rədd edir. İmamın sarsılmaz iradə, kamil iman, qüvvətli elmini sındıra bilməyən Mötəsim ona işgəncə verdirir və yenidən zindana atdırır. Əhməd b. Hənbəl bu minvalla 28 aya qədər işgəncə altında zindan həyatı sürür. Nəhayət, şikəst edilən imamın sözündən dönməyəcəyinə əmin olan xəlifə onu evinə buraxdırır.
Mötəsimin ölümündən sonra hakimiyyətə gələn əl- Vasiq (842-847) də sələflərinin əmrini nəinki dəyişdirmir, hətta evə buraxılan və şikəst edilən imam Əhməd b. Hənbəli yenidən zindana atdırır. Maraqlıdır ki, ölümünü hiss edən Vasiq, Əhməd b. Hənbəl ilə “Quran məxluqdur” ifadəsini müdafiə edən bir alimin elmi mübahisəsini təşkil edib. Hənbəl həmin alimə xitabən: “Sən elə bir şeyə dəvət edirsən ki, ona nə Allahın elçisi, nə Əbu Bəkr, nə Ömər, nə Osman, nə də Əli dəvət edib. Deyə bilərsən ki, onlar bunu bilirdilər və ya bilmirdilər? Əgər onlar bilirdilərsə, fəqət söyləmədilər desən, bu mövzu barəsində sənə də, mənə də susmaq lazımdır. Onlar bilmirdilər, mən bilirəm desən, ey heyvan oğlu heyvan, Peyğəmbər(ə) və 4 rəşidi xəlifənin bilmədiyini sənmi bilirsən?” Bu açıq söz və qüvvətli məntiqdən sonra xəlifə Vasiq yerindən sıçrayaraq həmin sözləri təkrar edə-edə imam Hənbəli evə buraxır. Fəqət “mərhəmətli” xəlifə ona fətva verməyi, hədis söyləməyi qadağan edir və deyir: ”Sənin yanına heç kim gəlməyəcək və sən heç vaxt mənim olduğum yerdə olmayacaqsan”. Beləliklə, ev dustağı edilən Əhməd b. Hənbəl xəlifə Vasiq ölənə qədər fitnə ilə üz-üzə qalır…
Lakin heç kim Rəbbin səbrini imtaha etməsin. Məgər bəxtiyarlar həm də səbr edənlər deyilmi? Həz. Əyyubun, aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd Mustafa(ə)-nın səbri haqqında oxumuşuq, bilirik. Və Rəbbimizin sonda nə etdiyini də bilirik. Çünki Rəbbimizin şəfqət və mərhəməti sonsuzdur. Belə ki, Rəbbimiz öz sonsuz mərhəmət və ədalətinin bir damlasını bəndəsinə göstərmək üçün Vasiqi yeni xəlifə ilə əvəz etdi. Növbəti xəlifə əl-Mütəvəkkəl (847-861) hakimiyyətə gələn kimi “Quran məxluqdur” deyən mötəzililəri saraydan uzaqlaşdırdı, onların səlahiyyətlərini ləğv etdi, fiqh və hədis bilicilərini ətrafına topladı.
Göründüyü kimi, Abbasi xilafətinin 4 xəlifəsi dövründə yaşayıb fəaliyyət göstərən imam Hənbəl ömrünün 34 ilini təqib altında olub, müxtəlif fitnələrə məruz qalıb. O, 34 ilin ən azı 7 ilini zindanda, fiziki işgəncələr altında keçirib. Səbəb isə onun ilk 3 xəlifənin mənimsədiyi Mötəzili əqidəsini inkar etməsi olub. Qurani-Kərimin yaradılmış olduğunu söyləyən mötəzililər bu üç dəlilə söykənirdilər: 1) Allahdan başqa hər şey məxluqdur, sonradan yaradılıb; 2) Quran insanlar tərəfindən oxunan hərf və kəlimələrdən əmələ gəlib. Onlar olmasaydı, Quran da olmazdı. Bu da onun ancaq yaradılmış olduğunu təsdiq edir; 3) Quranın məxluq olmadığı fərz edilsə, onun qədim olması lazımdır. Çünki yaradılmayan bir şeyin başlanğıcı yoxdur (Mötəzililərə görə, Quranın qədim olduğunu deyən müsəlman Allaha şərik qoşmaqla, xristianların durumuna düşür- V.C ). Bəs Əhməd b. Hənbəlin əks arqumenti necə olub? Bu suala toxunmazdan öncə deməliyik ki, belə məsələlərdə o, sələfi- salihin elmi ilə hərəkət edirdi. Sələfi-saleh isə həmin məsələlərə toxunmurdu. Lakin rastlaşdığımız mənbələrə görə, Hənbəl deyib: “Bir şəxs Quranın məxluq olduğunu iddia edərsə, o Cəhmidir (Quranın məxluq olduğunu deyən Cəhi b. Safvana işarədir- V.C). Bir şəxs də Quranın məxluq olmadığını iddia edərsə, o da bidətçidir. (İmamın xəlifə Vasiqin hüzurunda dediyi sözə işarədir- V.C.). Digər mənbələrə görə, imam Əhməd “Quran hərf, söz, ibarə və mənaları ilə birlikdə məxluq deyildir” deyib. Başqa bir mənbə isə imamın bu mövzu üzrə xəlifə Mütəvəkkilin sualının cavabına istinad edir. Xəlifəyə göndərilən cavab məktubuna görə, Əhməd b. Hənbəl yaratma ilə əmr arasında bir fərqin mövcudluğunu (“Bilin ki, yaratma da, əmr də Ona məxsusdur”, Əraf 54), Quranın Allahın əmrindən, kəlam və elmindən olduğunu, yaratmasından olmadığı fikrində olub. Deməli, 34 il təzyiq altında qalan imam Hənbəl Quranı məxluq saymayıb.
Qeyd edək ki, müasir Əhli-sünnət alimlərinin bəziləri bu məsələ barəsində orta mövqedədirlər. Məsələn, İslam hüququ professoru misirli Məhəmməd Əbu Zəhra yazıb: “Quranın mənaları Allahın əzəli elminə daxildir. Allahın elmi isə qədimdir- məxluq deyil. Quranın söz və hərflərini Allah Peyğəmbər(ə)-yə Cəbrail(ə) vasitəsilə göndərib. Quran təvatür (nəql etmə, şifahi- V.C) yolu ilə öyrədilib. Buna görə Quran məxluqdur”.
Xəlifə Mütəvəkkil dövründə Əhməd b. Hənbələ müxtəlif vəzifələr təklif olunub. Lakin çox ağır maddi durumda olmasına baxmayaraq, imam həmin vəzifələrdən (qazilikdən) imtina edib. Əhməd b. Hənbələ görə: iman qəlb ilə təsdiq, dil ilə söyləmək və əməldir. İslam təsdiq və söyləməkdir. İnsan Allaha şirk qoşmazsa və Onun hər hansı əmrini (namaz, oruc, həcc və s.) inkar etməzsə, İslamdan çıxmış hesab edilməz. Küfr isə Allaha şirk qoşmaq və Onun əmrlərini inkar etməkdir. İmam Hənbəl mötəzililərin “böyük günah edən mömin deyil” sözünü rədd edərək deyib: “Əgər bir kimsə böyük günah edənin mömin olmadığını qəbul edərsə, o, həz. Adəmin və atalarına yalan söylədikləri üçün həz. Yusifin qardaşlarının da kafir olduğunu iddia etmiş olar”. İmamın siyasətlə bağlı baxışları səhabə və tabiinlərin fikrinə söykənir. Əhməd. b. Hənbəl xilafəti zorla ələ keçirib xalqı məmnun edən və ədalətli olan şəxsin xilafətini qanuni hesab edib. İmam Əhməd b. Hənbəlin “Müsnəd” əsəri 30 mindən artıq hədisi ehtiva edir.

İbni Teymiyyə (1263-1328) və baxışları
Bir sıra müasir dini-siyasi təriqətlərin (məsələn, radikal vəhhabizm və sələfilərin) İbni Teymiyyənin dini-siyasi görüşlərindən bəhrələndiyini nəzərə alaraq, məqalədə İbni Teymiyyə haqqında məlumata da ehtiyac duyulur. O, Harranda savadlı bir ailədə anadan olub. Atası əş-Şeyx Şihabuddin Abdulhəlim yaşadığı yerin adı ilə çağırıldığı üçün ailə “Əl-Harrani” ismi ilə tanınıb. Həmin səbəbdən mənbələrin bir qismi onun qeyri-ərəb, digərləri isə ərəb əsilli olmasını rəvayət ediblər. Atası vəfat edərkən İbni Teymiyyənin 21 yaşı olub. Kiçik yaşlarında Quranı əzbərləyən İbni Teymiyyə həmişə müqəddəs kitabı oxuyub. Bir rəvayətə görə, o, həbsxanada olarkən Quranı 80 dəfə xətm edib.
O, Əhməd b. Hənbəlin “Müsnəd”ini, Buxari ( vəf. ed. 870), Müslim (vəf. ed. 875), Tirmizi (vəf.ed.893), Əbu Davud (vəf.ed. 889) və digər məşhurların hədis kitablarını mənimsəyib. İmam Əhməd (ibni Teymiyyə) Şamda dini dərslər verib. Lakin Hənbəli məzhəbinə bağlı olan imam, bu məzhəbin bəzi müddəalarını radikallaşdırdığı üçün birmənalı qəbul edilməyib. Belə ki, onun fikirlərini dəstəkləyənlər olduğu kimi, ona müxalif və orta mövqedə qərarlaşan alimlər də olub.
İbni Teymiyyənin yaşadığı dövrdə müsəlman dünyası da monqolların işğalına məruz qalıb. Elm şəhəri Bağdad yandırılarkən, dünyada analoqu olmayan İslam incilərinin əksəriyyəti- yeganə nüsxələrdə yazılan qiymətli kitablar da yandırıldı. Bu zaman ibni Teymiyyə bir vətəndaş kimi dərs deməyə ara verib vətəninin müdafiəsinə qalxdı. Onun elm mehrabından müvəqqəti ayrılıb silaha sarılması şübhəsiz ki, monqollara qarşı döyüşən Misirin türk əsilli sultanı Məhəmməd Nəsirəddin b. Qalavun tərəfindən alqışlandı.
İbni Teymiyyə Şam ordusu ilə monqolların vuruşu Ramazan ayına təsadüf etdiyi üçün əsgərləri oruclarını pozmağa təşviq etdi. O, verdiyi fətvanın sübutu kimi Peyğəmbər(ə)-nin Məkkəni fəth etməzdən qabaq ordusuna dediyi sözləri xatırladıb: “Siz düşmənlə vuruşacaqsınız. Oruc tutmasanız, güclü olarsınız”.
Ərəblər monqollarla döyüşdə qalib gəldikdən sonra İbni Teymiyyənin iqtidarda mövqeyi daha da möhkəmləndi. Heç bir şeyx, qazi, xatib, vaiz, mədrəsə rəisi onun razılığı olmadan vəzifəyə təyin edilmirdi. Fəqət xasiyyətindəki radikallıq və Muhyiddin b. əl-Ərəbini (vəf.ed. 1240) imam qəbul edən sufillərə qarşı dözümsüzlüyü, müxalifətləri ilə çox sərt davranışı bəzi aparıcı din və siyasi xadimlərin etirazı ilə qarşılandı. Başqa sözlə, ibni Teymiyyə ideya opponetlərini özünə düşmən etmişdi. Nəticədə narazı qalan alim və qazilər Misirdəki əmirlərə şikayət etdilər. İbni Teymiyyəni çox yaxşı tanıyan və təqdir edən sultan Nəsirəddinin siyasi mövqeyi həmin vaxt zəyiflədiyi üçün o, əmirlərə- valilərə müqavimət göstərə bilmədi. Bu zaman ibni Teymiyyənin əleyhinə yönələn çıxış və toplantılar kəskin həddə çatmışdı. Nəhayət, onu Misirə istintaqa dəvət etdilər. O, burada Maliki məzhəbinin qazisi b. Məxlufun rəhbərliyi ilə sorğu-suala çəkildi. Məxluf ona: “Allah həqiqətən ərşin üstündədir, hərf və səslə danışır, eləmi?”. İbni Teymiyyə sözünə Allaha həmd-səna ilə başlarkən, qazi onun nitqini kəsib dedi: “Cavab ver, xütbə oxuma!” İmam Əhməd (ibni Teymiyyə) artıq bu durumun elmi mübahisə, müzakirə yox, mühakimə olduğunu anlayaraq Məxlufa dedi: “Sən düşmənim olduğun halda, mənim haqqımda necə hökm verəcəksən?” Bundan sonra qızışan qazi dərhal Teymiyyə və onun 2 qardaşını həbs etdirdi. Mənsub olduğu Hənbəli məzhəbinin qazisi isə Misirdə çox zəif olduğu üçün onu müdafiə edə bilmədi. Bu zaman Qahirə valisi Hənəfi, Maliki və Şafii məzhəblərinin qazi və alimləri ilə İbni Teymiyyənin müdafiəsinə qalxdı. İmamın monqollara qarşı vuruşmasını və müdafiənin digər arqumentlərini nəzərə alan iqtidar şərt qoydu ki, Teymiyyə bəzi dini məsələlərdə fikrindən vaz geçməlidir. İbni Teymiyyə bu şərti qəbul etmədi. Sonra onu fikrindən dönməsi barədə 6 dəfə xəbər göndərsələr də, fəqət ondan istədikləri cavabı ala bilmədilər. O, 18 ay həbsdə qalır və yalnız qardaşı Şərafuddin elmi mübahisələrdə qazi Məxlufu məğlub etdikdən sonra azadlığa buraxılır. Bu zaman o, dərs vermək, xütbələr oxumaqla məşğul olub.
Lakin Teymiyyənin: “Allahdan başqa heç kim şəfaət edə bilməz, hətta aləmlərə rəhmət olaraq göndərilən həz. Məhəmməd də” sözü, sufilərlə arasında olan ziddiyyəti daha da kəskinləşdirdi. Bu sözə görə sufilər ona cəza verilməsini tələb edərkən, baş qazi: “Onun dediyi söz sadəcə ədəbə uyğun deyil” dedi. Fəqət ibni Teymiyyənin müxaliflərinin təzyiqi getdikcə artırdı. Nəhayət, hakimiyyət Teymiyyənin qarşısında 3 şərt qoydu. O: 1) Ya İsgəndəriyyəyə; 2) ya Şama; 3) ya da həbsxanaya getməlidir. İsgəndəriyyə və ya Şama gedəcəyi təqdirdə (əslində bu, sürgün idi) o, baxışlarından imtina etməli idi. Həmin səbəbdən həbsxananı seçsə də, fəqət tələbələri onun Şama getməsi barədə qərar verməsinə nail oldular. Buna baxmayaraq, onun təbliğindən qorxan hakimiyyət şərti pozub Teymiyyəni yenidən həbs etdi.
Göründüyü kimi, ibni Teymiyyə üçün məşəqqətli günlər Sultan Nəsirəddinin yerinə gələn Məlikəl- Müzafın dövründə olub. Sultan Nəsirəddin ikinci dəfə taxta çıxdıqda, Teymiyyəyə qayğı göstərməklə yanaşı, həm də ondan düşmənlərindən intiqam almaq üçün fətva istəyib. Lakin Teymiyyə: “Onlaırn qanı haramdır, onlara işgəncə vermək caiz deyil. Mən nəfsim üçün qalib olmaq istəmirəm. Mənə işgəncə verənlərə haqqım halal olsun” deyib.
Qeyd edək ki, imamın əfv etdiyi, halallıq verdiyi alimlər içində ibni Məxluf da var idi. Az sonra Teymiyyə Qahirəyə gəlib fətva və dərslərini davam etdirib. Qahirədə isə ona qarşı müxaliflər çox idi. Lakin onlar sultandan qorxduqları üçün açıq mübarizədən çəkinirdilər.
İbni Teymiyyə Rəbb və Peyğəmbər(ə) kəlamlarından bəhrələnərək Quran və Sünnət fiqhinin tətbiqi ilə məşğul olub. O, bəzi şiə zümrələrinə nifrət etməsinə baxmayaraq, Əhli-beyt imamlarının fiqhindən də istifadə edib. Özünü Hənbəli məzhəbinin nümayəndəsi hesab edən Teymiyyə məzhəb təəssübkeşliyindən uzaq olmaq barədə yazıb: “Kim imamlardan birinə təəssübkeşlik edərsə, o, avam adama bənzər. Istər imam Malikə, istər imam Əbu Hənifəyə, istərsə də imam Əhməd b. Hənbələ bağlanmış olsun. Onlardan birinə təəssüb dərəcəsində bağlanan kimsə bağlanmış olduğu imamın elm və din xüsusunda qiymətini bilmir və başqa imamları da təqdir etmir”. Həmin səbəbdən o, bəzi məsələlərdə 4 sünni imamın fiqhinə müxalif olub, şiə imamlarının görüşünə istinadən ictihad edib. Məsələn, həmin dövrdə insanlar Allaha and içdikləri kimi, arvadlarını boşayərkən də and içərdilər. İnsan Allaha andını pozduğu halda kəffarət olaraq ya kölə azad etməli, ya bir gün oruc tutmalıdır. Lakin şəxs talaq üzərində içdiyi andı pozarsa, arvadı ərsiz qalacaq, yuvası dağılacaq və evlilik deyilən müqəddəs münasibət bitəcək. Ailənin belə sonluğu Teymiyyəni çox düşündürürdü. O, bu məsələ barəsində kitab və sünnətdə, sələfin görüşlərində və sünni məzhəbində bir sübut tapa bilmədiyi üçün, Əhli-beyt imamlarının görüşünə istinad edərək ictihad edib. Nəticədə Teymiyyə talaq üçün içilən andın pozulması ilə arvadın boş olmayacağına fətva verib. Digər misal, ibni Teymiyyə hesab edib ki, bir kişi arvadını aybaşı olduğu vaxt boşayarsa, talaq doğru olmaz. Çünki Abdullah b. Ömər aybaşı olan arvadını boşadığı zaman Peyğəmbər(ə) ona arvadının yanına getməsini əmr etmişdi.
Qeyd edək ki, bu və ya digər məsələlərdə 4 sünni məzhəb imamlarına müxalif olan ibni Teymiyyə sünni din xadimlərinin təhriki ilə hətta Sultandan dəfələrlə xəbərdarlıq almışdı. Lakin o, verdiyi hökmlərin doğruluğuna əmin idi. Nəhayət, talaq məsələsində öz fikrindən dönməyən Teymiyyə qazilərin təşkil etdiyi cəza məclisinin hökmünə görə həbs edilib Şam qalasına göndərildi. 6 aylıq həbsdən sonra azad olunan imam dərs verməyə davam edib. Fəqət ideya düşmənləri onun 17 ay əvvəl verdiyi fətvanı yenidən gündəmə gətirdilər. Həmin fətvaya görə, o, saleh insanların qəbirlərinin ziyarətini qadağan etmiş, hətta Peyğəmbər(ə)-nin qəbrinin ziyarətini təqdir etməmişdi. Beləliklə, xalqın müəyyən hissəsini və Sultanı onun əleyhinə yönəldən qazilər ibni Teymiyyənin növbəti həbsinə nail oldular. Həbsxanada ona oxumağı, yazmağı qadağan edirlər. İbni Teymiyyə həbsxanada vəfat edib. Divara kömürlə yazılan: “Biz vəlləhi böyük cihad içindəyik, fəqət insanların çoxu bunu bilməzlər”(Əraf 187) ifadəsi, onun ölümdən qabaq yazdığı axırıncı cümləsi olub.
Göründüyü kimi, Hənbəli məzhəbinin nümayəndəsi kimi yeni təriqətin qurucusu olan ibni Teymiyyə bəzən verdiyi ifrat fətvaları ilə həm dövrünün, həm də bu günün müəyyən alim, müxtəlif sosial təbəqəsinin dini görüşlərinə müxalif olub. Həmin səbəbdən o, həm Əhli-sünnət vəl-camaat, həm də Əhli-şiə alimləri tərəfindən birmənalı qəbul edilməyib. Qeyd edək ki, vəhhabilərin dini-siyasi görüşləri ibni Teymiyyənin nəzəriyyəsindən qaynaqlanıb.
Rəbbimizin hikmətinə bax ki, ömrü boyu sufilərlə mübarizə aparan ibni Teymiyyə Sufilər qəbristanlığında dəfn edilib. O, möhtəşəm bir camaatın (rəvayətə görə, 200 min kişi, 15 min qadın) iştirakı və xeyir-duası ilə əbədi istirahətgahına təhvil verilib. Təəssüf ki, həmin izdihamın içində onun övladı olmayıb. Çünki Allahu-Təalə, birmənalı qəbul edilməyən bu böyük və hürr alimə ona dua edəcək bir övlad qismət etməmişdi…
İbni Teymiyyədən mənəvi irs kimi indiki nəslə təfsirə dair risalələr, inanc haqqında risalə və kitablar, fiqhə aid çoxlu əsərlər çatıb.

Nəticə
Beləliklə, araşdırmalar göstərir ki, müsəlmanların ixtilafda olmaları Peyğəmbər(ə)-nin vəfatından dərhal sonra başlayıb. Burada əsas səbəblər: 1) Siyasi hakimiyyətə kimin gəlməsi məsələsidir : tarixən Əhli-beytin, ya qeyri Əhli-beytin; 2) Məzhəb təəssübkeşliyi və bunlardan hiyləgərcəsinə istifadə edən qeyri-islami (xarici) müdaxilələr.
Əldə etdiyimiz mənbələrin bir qismi göstərir ki, Məhəmməd(ə) özündən sonra kimin xilafətə rəhbərlik edəcəyi barədə birmənalı, açıq bir söz deməyib. Həmin mənbələrə görə, Peyğəmbər(ə) vəfat edərkən bu məsələ barəsində vəsiyyət də etməyib. Bu fikrə alternativ olan digər mənbələr isə hesab ediblər ki, həz. Əliyə xəlifəliyin-imamlığın verilməsi Peyğəmbər(ə)-nin Xum gölü sahilində(632-ci il) xalqa dediyi bu sözlə sabitdir: “Mən axirətə rihlət edəcəyəm. Sizin aranızda mühüm iki şey qoyub gedirəm. Bunlar Quran və Əhli-beytimdir”. Bu mənbələr arqumentlərini qüvvətləndirmək üçün həm də Məhəmməd(ə)-nin Hudeybiyyə döyüşündən qayıdarkən (628-ci il) söylədiyi: “Mən kimin ağasıyamsa, Əli də onun ağasıdır” və digər kəlamlarına istinad ediblər.
Məlumdur ki, Qurani-Kərim Məhəmməd(ə) vasitəsilə bəşərə nazil edilib.
Həmin səbəbdən kitabın ilk oxucusu və ən bilgini də Peyğəmbər(ə)-dır. Deməli, O, Quranda vəsiyyət haqqında ayənin (bax: Bəqara 180) bəyənilən bir iş, vacib, zəruri olmasını hamıdan yaxşı bilirdi. Vəsiyyəti dünya ilə vidalaşan mömin bəndənin son axirət sərmayəsi hesab edən həz. Məhəmməd buyurub: ”Hər kim vəsiyyət edib dünyadan getsə, sanki şəhid olur. Hər kim vəsiyyətsiz dünyadan getsə, İslamdan əvvəlki dövrlərdə- cahiliyyət vəziyyətində ölmüş kimi olur”. Sonuncu mənbələrin digər qismi vəsiyyət haqqındakı Rəbb və Peyğəmbər(ə) kəlamlarını rəhbər tutaraq, həz. Məhəmmədin ölüm ərəfəsində və ya ondan qabaq ən ümdə məsələ- xilafətin taleyi barədə vəsiyyət etməməsi fikri ilə razılaşmırlar. “Doğrusunu Allah bilir” kəlamına sadiq qalan müəllif isə hesab edir ki, əgər bəzi mənbələrdə göstərilən: “Həz. Ömərin xəlifə olarkən etiraf etdiyi: “Əbu Bəkrə beyət bir ayaq sürüşməsi, bir iş idi, oldu. Ancaq Allah müsəlmanları qorudu. Bu işi bir də təkrarlamayın” ifadə səhihdirsə, onda Peyğəmbər(ə)-nin bu barədə vəsiyyət edib-etməməsindən asılı olmayaraq, həz. Əlisiz keçirilən beyətləşmə xəlifənin qanuni olması üçün yetərli olmayıb.
Vurğulayaq ki, xilafətin tarixən kimə məxsusluğu barədə iki cərəyan (sünni, şiə) arasındakı fikir müxtəlifliyi, elmi-dini diskussiyalar aradan 1383 il keçməsinə baxmayaraq bu gün də davam edir və təssüf ki, bu mübahisələr bəzən qarşıdurmalarla nəticələnir. Bu ixtilaflardan isə İslam dünyasının düşmənləri- “bütün dünyanı incilləşdirin” deyənlər məharətlə istifadə edərək, yeni fitnələrlə müsəlmanları qarşıdurmaya sövq ediblər və edirlər də. 1514-cü ildə Osmanlı-Səfəvi müharibəsinin sünni-şiə müstəvisində aparılması, vəhhabiliyin, əl-Qaidənin yaradılması, İraq, Livyada, Qərb “demokratiyasının intibahı”, bəzi müasir İslam ölkələrində gedən qardaş qırğınları və digər neqativ proseslər “İslam dünya üçün təhlükəlidir” papa(lar) çağırışının əməli işə çevrilməsinin nəticəsidir.
Unutmayaq ki, müsəlman dünyasının keçmişini və bu gününü yaxşı bilən, onu eninə-uzununa təhlil edən qeyri-islami fitnəkarlar Hüzeyfənin 1359 il bundan qabaq dediyi: “Həz. Osmanın şəhadəti ilə açılan fitnə qapısı qiyamətə qədər bağlanmayacaq” ifadəsini məkrlə təkrar etməklə, əslində bizi müsəlman aləmində gedən neqativ proseslərin bir alın yazısı olduğuna inandırmaqdır.
Bu baxımdan məzhəb təəssübkeşliyinə uyub qeyri-islami məkrli dairələrin fitnəsi ilə xilafət haqqında ifrata varanlara xatırladırıq ki, həz. Əli hətta haqqının tapdalanmasına baxmayaraq, I xəlifə həz. Əbu Bəkrin müşavirlərindən biri, vəsiyyətinə görə onu yuyan və dəfn komissiyasının sədri olub. Həz. Əli həz. Əbu Bəkrin dəfn mərasimində deyib: “…hamı Peyğəmbəri yalanlayarkən, sən onu doğruladın. Onun gözü və qulağı idin… İşin haqq, sözün və niyyətin doğru idi. Mağarada onunla idin…”
Təkrar edirik ki, həz. Əbu Bəkrin özündən sonra həz. Öməri xəlifə təyin etməsini qabaqcadan bilən həz. Əli, Allah və Onun Elçisi naminə, müsəlmanların birlik, dirrik və diriliyi naminə, həz. Əbu Bəkrin Peyğəmbər(ə) və İslam qarşısındakı xidmətlərinə, eləcə də onunla qohumluq və şəxsi isti münasibətlərinə görə həz. Əbu Bəkri yuyub-kəfənləyib, dəfn mərasiminin sədri kimi çıxış edib və nəhayət, onu Peyğəmbər(ə)-nın sağ tərəfində torpağa tapşırıb. Həz. Əbu Bəkrin vəsiyyəti ilə haqqı qəsb edilən həz. Əlinin yox, həz. Ömərin xəlifə təyin edilməsinə baxmayaraq, hidayət öndəri həz. Əli 2-ci xəlifənin hökümətində də söz sahibi olub, həz. Ömərə dəyərli məsləhətlər verib, dövlət qulluğçuluğunda fəal iştirak edib. Bütün bu deyilən və deyilməyənlər az imiş kimi, kəramət sahibi olan həz. Əli, özündən qabaqkı xəlifələrin şərəfinə oğlanlarına Əbu Bəkr, Ömər, Osman adlarını verənlərin ilki olub. Elə isə sual olunur: Bəzi xarici dini-siyasi dairələrin məkrinə uyaraq, bilərəkdən və ya bilməyərəkdən sünni-şiə məsələsini qabardanlar mövzunu həmin dövrün canlı şahidi olan həz. Əlidən yaxşımı qiymətləndirirlər?!
Belələri Rəbbimiz bir, kitabımız bir, peyğəmbərimiz bir, qibləmiz bir, oruc, namaz, həcc və bu kimi minlərlə müqəddəs “birlərimizi” yox, ifrata vararaq bir meyvə içindəki toxumların sayı qədər olan ikinci dərəcəli məsələləri qabartmaqla kimin dəyirmanına su tökürlər?! Belələri “Vətən, bayraq imandandır” Peyğəmbər(ə) kəlamının fərqinə varırlarmı?!
İslamda qarşıdurma yaradanlar həm də xalqın əksər hissəsinin təriqət və məzhəb haqqında biliklərinin yetərsizliyindən istifadə edərək, siyasi məqsədləri üçün “yalnız bizim təriqət, bizim məzhəb doğrudur” deyib, növbəti fitnələrı yaratmağa cəhd ediblər və edirlər də. Əslində, məzhəb müxtəlifliyi zamandan, hər bir xalqın adət-ənənəsindən, Quran və sünnətdəki 2-ci dərəcəli məsələlərə yanaşma rəngarəngliyindən doğub. Məsələn, Rəbbimizin “başınıza məsh çəkin” (Məidə 6) kəlamına uyğun olaraq, 5 məzhəbdə abdəstin vacibliyi barədə heç bir fikir ayrılığı yoxdur. Lakin başın hansı hissəsinin məsh edilməsi barədə ayədə konkret göstəriş olmadığı üçün məzhəb imamları müxtəlif qərarlar veriblər. Belə ki, imam Malik və imam Əhməd b. Hənbəl “Məsh başın hər yerinə”, imam Əbu Hənifə “Məsh başın dörddə birinə”, imam Şafi “Məsh başın bir neçə tükünə”, imam Cəfəri-Sadiq “Məsh başın alın tərəfdən dörd qismətdən birinə” edilir hökmünü veriblər. Əlbəttə, onlar bu qərarı verərkən ərəbcədəki “bu-ruusikum” (məsh edin) sözünün mənasını öz bildikləri kimi yozublar (sözönü olan “bi”, “bəzi”, “bitişdirmək”, sözü “gözəlləşdirmək” mənalarını ehtiva edir). Elə isə kim həmin müctəhidlərin fikir müxtəlifliyini dində ayrılıq kimi qələmə verə bilər?! O ki qaldı həmin imamların İlahi hüzurundakı cavablarına, ehtimal ki, onlar Ona belə də deyə bilərlər: “Ya Rəbb, Sənin müqəddəs kəlamlarındakı söz və hərflərdən bəyənib anladığımız tərzdə istifadə etməyə çalışdıq…”
Müqəddəs Qurani-Kərim nəinki üç monoteist dinin nümayəndələrinin, hətta kafirin belə yaşama haqqının, malının, vicdan və digər azadlıqlarının qorunmasını vacib və zəruri sayır. Rəbbimiz bu məsuliyyəti ölkə başçılarına, siyasi-dini qurumlaırn rəhbərlərinə, eləcə də hər birimizə- cəmiyyətə şamil edir. Rəbbimiz istənilən islami və qeyri-islami fitnələri pisləyir və onu dinə, bayrağa, Vətənə xəyanət, Özünə asilik sayır. Dinindən, dilindən, irqindən, məzhəbindən asılı olmayaraq insanları yaxşı işlər görməyə dəvət edən həmişəyaşar Quran, xüsusən bu gün birgə yaşamağı, din və digər azadlıqları demokratik cəmiyyətin əsası sayır və müxtəlif formalarda dini siyasətə alət edənləri Allaha tapşırır: “(Ya Peyğəmbər!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalıb…” (Ənam 159).
P.S. Qeyri-islami dinlərə mənsub olan bəzilərinin qızışdırıcı hərəkətləri həmin dinlərə şamil edilmədiyi kimi, bəzi müsəlmanların da fitnə-fəsadlarını İslama şamil etmək olmaz. Çünki hər üç din Allahdandır. Bu dinlərin göstərişlərinə necə əməl edilməsi isə planetin xəlifəsi sayılan insandan- bizdən asılıdır.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın