Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “Hərbçi olmasına Xocalı faciəsi səbəb oldu…”- Toyunda özünə Şəhidlik arzulayan Şəhidimizin əmisi…

“Hərbçi olmasına Xocalı faciəsi səbəb oldu…”- Toyunda özünə Şəhidlik arzulayan Şəhidimizin əmisi…

Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan hərbçilərimizdən biri də Silahlı Qüvvələrimizin Xüsusi Təyinatlı bölüyünün giziri Teymurov Pəncəli Nurməmməd oğludur. Şəhidimiz böyük izdihamla aprelin 11-də Astara rayon Əzrüd kəndində dəfn edilib. Ölümündən sonra Şəhid Pəncəli Teymurov “Vətən uğrunda” medalı ilə təltif edilmişdi.
Şəhidimizin əmisi Şirməmməd Fərəcov Moderator.az-a açıqlamasında Pəncəlinin hərbçi olması üçün ilk təsiri mən göstərmişəm deyib:
“Pəncəlinin hərbçi olması üçün ilk təsiri mən ona göstərmişəm. Onun hərbçi olmağına səbəb 20 yanvar və Xocalı soyqırımı oldu. Bəlkə də bu çoxlarına adi gələr, amma həqiqətən bu belə olub. Mən övladlarımda həm də qardaşımın övladlarında sovet hökümətinə qarşı nifrət hissi aşılayırdım. Bu söhbətlərə qolaq asanlardan biri də Pəncəli idi.  Amma Xocalı faciəsindən sonra çəkilişlərə baxdıqdan sonra dedi ki: “Əmi, mən hərbçi olub, ermənilərdən qisasımızı alacam. 1999-cu ilin aprel ayının 1-də özüm Pəncəlini əsgərliyə yola saldım. O ilk dəfə xidmətinə Ağdamda başladı. Bir il xidmət etdikdən sonra sənədlərini istədi və biz də göndərdik. Ordan da gizirlik məktəbinə qəbul olundu. Bakıda təhsilini başa vurduqdan sonra işləməyə başladı. Bir müddət sonra isə oxumaq üçün Türkiyəyə yollandı. Türkiyədə çox çətin təlimləri keçdikdən sonra vətənə qayıdıb işinə davam etdi. O, birbaşa mənimlə əlaqədə olub.
“O, “İgidliyə görə” medalını alanda biz onu təbrik etdik. Mən bilirdim ki, Pəncəli nəsə qəhrəmanlıq göstərib. Bu haqda mənə danışdı və doğrudan da belə olmuşdu”.
Şəhidimizin əmisi Pəncəlinin öz toyundakı çıxışına da aydınlıq gətirib:
“O, canıyla-qanıyla vətənə bağlı bir adam idi. On yeddi il xidmət etdi. Toyunda müğənni Manaf Ağayev oxuyurdu. Öz toyunda, şad günündə durub çıxış edib dedi ki: “Dostlar, həqiqətən bəzi şeylər var ki, əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün, canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün Şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”. Bu möcüzə idi, heç kim bilmirdi ki, gün gələcək Pəncəli Şəhid olaraq öz arzusuna çatacaq”.
Şəhidimizin əmisi qeyd edib ki, Pəncəlinin ev muzeyinin açılışı aprel ayında il dönümündə olacaq:
“Pəncəligil ailədə beş qardaş və iki bacıdırlar. Pəncəli ailə qursa da, övladı olmadı. Çox təəsüf ki, ondan bir nişanə qalmadı. Onun qardaşları Pəncəlinin şərəfinə öz həyətlərində böyük ev muzeyi tikdilər. Orda Pəncəlinin şəxsi əşyaları yerləşdiriləcək. Mən onun təbliği ilə məşğulam. Sizlərə də təşəkkür edirəm ki, Şəhidlərimizin qəhrəmanlığını işıqlandırırsınız”.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …