Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Eldar Sabiroğlunun vətənpərvərliyi – Elşad PAŞASOY

Eldar Sabiroğlunun vətənpərvərliyi – Elşad PAŞASOY

2013-cü ilin 12 yanvarda Bakıda keçirilən “Əsgər ölümlərinə son” aksiyaları yadınızdadırmı? O vaxt bir qrup gənc ordudakı yaşıdlarının qeyri-döyüş şəraitində həlak olmasına etiraz etdi. Məhz bu etirazların nəticəsiydi ki, sonradan orduda ciddi islahatlar həyata keçirildi, qeyri-döyüş itkiləri kəskin azaldı.

Lakin o zaman Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi postunu tutan, bu gün isə mediaya, hətta cəmiyyətə cəsarət dərsi keçməyə çalışan Eldar Sabiroğlu etirazçıları “anaların göz yaşından istifadə etməkdə” günahlandırdı, “bu, vicdanlı bir hərəkət deyil” dedi. Bu gün onun misralarından “qan daman”, hakimiyyətin aparıcı fiqurlarından birinə qarşı olduqca kəskin yazılarını oxuyanda üç il əvvəli xatırlamamaq olmur.

Onun qəzetlərə ünvanlı ittihamlarını da unutmamışıq. Birini xatırlayaq: “Bəzi kütləvi informasiya vasitələri düşmən dəyirmanına su tökməkdən çəkinmir, dəqiqləşdirilməmiş məlumatları xəbərsiz yaymaqla özlərinin reytinqini yüksəltmək, ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyir, Azərbaycan Ordusunun imicinə kiçik zərbəciklər endirməyə başlayır”.
Bir gün redaksiya telefonunu qaldırdım, Eldar Sabiroğlu telefonun o tərəfindən od püskürürüdü. Ordu ilə bağlı yazıya görə baş redaktorumuza zəng edibmiş, özü də “bizim mövqeyimizi yazın” təklifi ilə yox, “axı, niyə yazmısınız” tələbi ilə. Baş yazardan cavabını almışdı, ikinci dəfə redaksiyanı yığmışdı, asıb-kəsirdi.

İllər idi əlaqəmiz kəsilmişdi. Yalnız bu yaxınlarda telefon danışığımız oldu, onda da bizi ittiham etdi, hakimiyyətə qarşı “sərt yaza bimədiyimizə” görə…Absurda baxın! 27 illik tarixi olan, keşməkeşlərdən keçən qəzetə nəyi, necə yazmağı öyrədir.

Bizim redaksiyada daha heç kəsin şübhəsi yoxdur ki, nazir Səfər Əbiyevi mətbuata kükrədənlərdən biri elə Eldar Sabiroğlu imiş. Mətbuat işinə cavabdeh kimi, yəqin ki, hər gün nazirlə görüşərək “qara siyahı”ya saldığı qəzetlərin xülasəsini təqdim edib. Hansı ki, o, bu gün nicat gözlədiyi mətbuatla vaxtında normal işləsəydi, Səfər Əbiyev mətbuatın qənimi statusunu qazanmazdı. Təkcə bir ildə “Yeni Müsavat”ı 7 ordu generalı məhkəməyə vermişdi!
Bugünlərdə Sabiroğlunun sələfi Ramiz Duyğun mətbuatla döyüşündən şəstlə danışmışdı. “”Yeni Müsavat” qəzetini o zamankı məzənnə ilə 4 milyon manat, müxbiri Mahir Məmmədlini isə 500 min manat cərimə etdilər. 4 milyon yarım manatı Silahlı Qüvvələrə Yardım Fonduna köçürdüm. Qəbzi də arxivimdə qalır”. İndi Sabiroğlunun məhkəmə iddialarından xəbərsiz olduğunu iddia etməsi absurd olardı.

Təsəvvür edin, ömrü boyu bu hakimiyyətə xidmət edib, hətta mülki həyatdan orduya transferdən sonra yüksək rütbə alıb, bu illərdə “Yeni Müsavat” daxil, tənqidçi medianın üstünə kükrəyib, ancaq indi bizi mübariz olmamaqda…suçlayır.

Adam bəzən düşünür ki, bəlkə o, haqlıdır. Lakin birdən onun oğlu Rüfət Sultanovun “YAP-ın mənə verdiyi çörəyi özümə haram bilirəm” sözləri yada düşür. Məntiqlə Eldar Sabiroğlu heç olmasa bundan sonra hakim partiyadan getməliydi. Yoxsa nədən “oğlum, səndən belə bir zərbə alacağımı heç ağlıma gətirməzdim” deməliydi? Özü demişkən, oğlu ilə yollarını ayırırsa, demək, nəsə təmənnası var…”İki ildir işsizəm. Bəziləri bir-iki ay işləməsəydi, səsləri hansı cəbhədən gələcəkdi, onu bir Allah bilir”-bunu da o deyib. Cəmi iki il işsiz qalandan, deputatlıq iddiası gerçəkləşməyəndən, müstəntiq oğluna yüksək vəzifə verilməyəndən sonra…olub “ilin mübariz, vətənpərvər adamı”, ölkənin dərd-sərinə etiraz püskürən mücahid…

Müharibə aparan ölkədə bu gün hərbi ekspert tapmaq müşkülə dönüb. Bir neçəsi təzyiqlərə dözmədi, mühacirətə getdi, bəzilərinin də gərginlikdən ömrü yarıda qırıldı. O ekspertlər xalqın və ya ordunun düşməni deyildi, istəyirdilər daha güclü olaq, torpaqlarımızı azad edək. Bir çoxları Qarabağ uğrunda döyüşmüşdü. Mətbuat xidmətində hazırlanan məhkəmə “torbaları” onları sıradan çıxartdı.

Bir faktı da xatırladım. Hörmətli Eldar Sabiroğlu mətbuat xidmətində işləyən mayor İlqar Verdiyevi yaxşı xatırlayır yəqin. Üç il əvvəl cəbhədə döyüş yoldaşını xilas edərkən minaya düşüb şəhid oldu. Ancaq İlqar bəyin doğmalarının gözü yolda qaldı, heç olmasa keçmiş iş yoldaşı kimi Eldar Sabiroğlu onun yasına getmədi. Kimlərinsə zavalına gəldi, rütbəsi aşağı salındı, özü ön cəbhəyə göndərildi və 3 uşağı başsız qaldı. Hansı ki, 14 yaşından hərbidə olan, Türkiyədə ilk hərbi təhsil almış İlqar Verdiyev gerçək vətənpərvərlərdən idi…

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın