Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “Düşmənin diversiya qrupları təxribat törətmək istəyir” – Polkovnik

“Düşmənin diversiya qrupları təxribat törətmək istəyir” – Polkovnik

“Ermənistan cəbhəyanı bölgələrdə yaşayan dinc sakinləri atəşə tutmaqla Azərbaycanı adekvat addımlar atmağa təhrik edir”

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ağcabədi rayonunda Ermənistan silahlı bölmələrinin dinc sakinləri atəşə tutmasına və Hacıyev Rahim Azər oğluna xəsarət yetirmələrinə münasibət bildirərkən deyib.

Ş.Ramaldanov bildirib ki, ermənilər daim Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutmaqla kifayətlənmirlər. Düşmən ara-sıra cəbhə bölgəsindəki yaşayış məntəqələrimizi də atəşə tutur, dinc sakinlərə xəsarətlər yetirirlər. Azərbaycanın cəbhəboyu zonadakı bütün yaşayış məntəqələrinin hamısında dinc əhali yaşayır. Ermənistan ordusunun bölmələri aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini atəşə tutublar. Nəticədə kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən güllə yarası alıb.

Ermənistan tərəfinin bununla Azərbaycan Ordusunu cavab tədbirləri görməyə vadar etdiyini vurğulayan hərbi ekspert deyib: “Düşmənin diversiya qrupları daim təxribat törətmək istəyirlər. Lakin Azərbaycan Ordusu bu təxribatların qarşısını alır, ermənilərə layiqli cavab verir. Düşmən öz çirkin niyyətini həyata keçirməyə nail olmayanda isə kəndlərimizi, dinc sakinlərimizi atəşə tutmağa başlayır. Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt dinc əhalini atəşə tutmayıb. 2016-cı ilin Aprelində də ermənilər kəndlərimizi atəşə tutmağa başlamışdılar. Azərbaycan Ordusu düşmənə gücünü göstərdi və layiqli cavabını verdi. Aprel hadisələri ermənilərə yaşayış məntəqələrini atəşə tutan zaman hansı nəticələrlə üzləşəcəklərini göstərdi. Ermənilər həmişə təxribatlara əl atırlar. Düşmən bizi nə qədər təhrik etməyə çalışsa da, öz mənfur niyyətlərinə çata bilməyəcək”.

Qeyd edək ki, aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. (AzərTAc)

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …