Ana səhifə / Cəbhə Xəbərləri / “Düşmən hərbçiləri tankları vurulan kimi qaçmağa başladılar”

“Düşmən hərbçiləri tankları vurulan kimi qaçmağa başladılar”

Hərbçilər arasında özünəməxsus zarafatlar və ixtisasi bənzətmələr var. Ən çox zarafat obyektinə isə tankçılar tuş gəlir. Deyilənə görə, bunun səbəbi onların həm kobud, həm də çox sərt olmalarıdır, amma bir o qədər də şən və deyib gülən olurlar. 

Hesab edirəm ki, bütün bu xarakterlərə yol açan səbəb elə tankın özüdür. Onlara gah ordunun dəmir filləri, gah piyadanın güvən yeri deyirlər. Onun tırtılının səsi səngərdə duran düşməni vahiməyə salmaya bilməz. Hətta “tankın tırtılı əzən yerdə əsgərə zaval yoxdur” deyirlər. 

Bu gün sizə tankdan və tankçılardan söhbət açacağıq. Özün də ən ön xətdə xidmət aparan tank bölmələrinin tank və tankçılarından. Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissənin tank bölmələri demək olar ki, cəbhənin ən məsuliyyətli və həssas bölgələrindən birində xidmət aparır. Onlar hər an baş verə biləcək düşmən təxribatının qarşısını qətiyyətlə almaq iqtidarındadır desək, yanılmarıq. Çünki, burada döyüş hazırlığının yüksək şəkildə təşkil olunması ilə yanaşı, şəxsi heyətin mənəvi-psixoloji durumu da arzuolunan vəziyyətdədir. 

Reportajımız qəhrəman tankçıların təlim-tədris işləri ilə eyni vaxta təsadüf edir. Əlbəttə ki, işlərinə mane olmadan gözləməli olduq. Həmin müddətdə isə müəyyən müşahidələrimizdən gəldiyimiz qənaət odur ki, burada güclü nizam-intizam və şəxsi heyət arasında əsl qardaşlıq münasibəti var. 

Tank komandiri Paşayev 2012-ci ildən tank bölmələrində xidmət edir. O, xidməti dövrü boyunca ekipaj komandiri olduğu hərbi texnikanın sirlərinə daha dərindən yiyələnir. Hətta komandir Paşayev aprel döyüşləri zamanı da digər silahdaşları kimi verilmiş döyüş tapşırığını layiqincə yerinə yetirib. 

Onun sözlərinə görə, tank bölmələrində xidmət aparmaq çətin və məsuliyyətli olduğu qədər də şərəflidir: “Mən tank bölmələrində xidmət etdiyimə görə fəxr edirəm. Gördüyünüz kimi biz burada təlim-tədris, həmçinin texnikalara zəruri texniki qulluq edirik ki, aprel döyüşləri zamanı öz gücümüzü və cəsarətimizi göstərərək vətənə olan borcumuzun bir zərrəsini ödədik. Lakin Ali Baş Komandanımızın döyüş əmri zamanı son mərmimizə, son damla qanımıza, son nəfəsimizə qədər şərəflə döyüşməyə hazırıq”.

Söhbət zamanı müsahibimiz Ermənistan və Azərbaycan tankçıları arasındakı fərqi də müqayisə etdi: “Mən texniki təchizatlar ya da təminatı misal çəkməyəcəyəm, bunlar hamısı göz önündədir. Mən sadəcə erməni tankçıların cəsarətini vurğulamaq istəyirəm. Onlar aprel döyüşləri zamanı cəsarətsiz və qorxaq olduqlarını göz önünə sərdilər. Yanlarında tank vurulan kimi dönüb döyüş bölgəsindən qaçmağa başladılar… Amma bizim tank bölmələri verilmiş tapşırığı layiqincə yerinə yetirdi və qəti şəkildə heç bir döyüşdən geri çəkilmədi. Ona görə də erməni tankçıları ilə bizim fərqimiz heç müqayisə predmeti ola bilməz…” 

Leytenant Azad Hümbətov tank taqımı komandiridir. Gənc olmasına baxmayaraq, mütəmadi təlimlər tankçı zabiti xidmət etdiyi sahənin peşəkarına çevirib.

“Ön xətdə yerləşən tank bölmələrində xidmət etmək qürurvericidir. Biz burada düşmən təxribatının qarşısını almaq üçün hər an ayıq-sayıq dayanmışıq. Bundan başqa biz mütəmadi olaraq atıcılıq və sürücülük təlimləri keçirik. Həmçinin bölmələrə gələn gənc əsgərlərin hərbi texnikaların sirrinə dərindən yiyələnməsinə səy göstəririk. Hazırda bölmələrdə olan ruh yüksəkliyinə özünüz şahidsiniz. Bu halı birbaşa üst komandanlığın bizə göstərdiyi diqqət və qayğı ilə əlaqələndirmək olar. İstər müasir texniki cihazlar, istərsə də digər təminatlar vaxtında çatdırılır, şəxsi heyətin digər qayğıları ilə maraqlanaraq yaranmış problemlərin dərhal aradan qaldırılması bölmənin döyüş ruhunu daha da yüksəldir”, – deyə o bildirib. 

Leytenant Hümbətov bir tankçı kimi ən böyük arzusunun üçrəngli dövlət bayrağımızı işğal altında olan Azərbaycan torpaqlarına daşımaq və orada dalğalandırmaq olduğunu söyləyib. Məhz bu arzu can bahasına başa gəlsə belə…Ordu.az

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …