Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “Azərbaycan Ordusu Türkiyənin, NATO-nun silahlı birləşməsinə çevrilə bilməz”

“Azərbaycan Ordusu Türkiyənin, NATO-nun silahlı birləşməsinə çevrilə bilməz”

Mərkəz rəhbəri: “Birincisi, bu, coğrafi mövqe baxımdan Azərbaycanı təhlükəyə atmaqdır, ikincisi, Azərbaycanın regional güclər qarşısında manevr imkanlarını məhdudlaşdırmaqdır”

“Türkiyə Azərbaycanla vahid ordu halında fəaliyyət göstərir”. Bu sözləri 3 gün əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Haber Global” telekanalı əməkdaşının “44 günlük müharibədən sonra Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı sualını cavablandırarkən deyib”.

Nazir bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da iki ölkənin əlaqələri dərinləşərək genişlənir: “İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində əməkdaşlıq, işlər davam edir. Tək ordu halında fəaliyyət göstəririk. Ərazilərin minalardan təmizlənməsi istiqamətində əlimizdən gələni edirik”.

Nazir Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin üçüncü tərəfə qarşı olmadığını deyərək, əlavə edib: “İki ölkənin əməkdaşlığı üçüncü dövlətə qarşı deyil. Əksinə, bu, Cənubi Qafqazın təhlükəsizliyi üçündür. Bu, regionda hər kəsin xeyirinədir”.

Akarın “türkiyə və Azərbaycan vahid ordu halında fəaliyyət göstərir” açıqlaması sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə, hətta mübahisələrə səbəb olub. Əksəriyyət hesab edir ki, qardaş Türkiyə Ordusu ilə Azərbaycan Ordusunun vahidliyi ölkəmizin təhlükəsizliyinin qorunmasının əsas təminatçısıdır. Lakin bu bəyanatın zərərli olduğunu düşünənlər də var.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli AYNA-ya müsahibəsində deyib ki, Azərbaycanın yerləşdiyi region, coğrafi məkan səbəbindən ölkənin hərbi-siyasi mövqeyi beynəlxalq ghüclər üçün də, daxili təhlükəsizlik baxımından da əhəmiyyətli hesab olunur:

– Məsələ burasındadır ki, Azərbaycan hər hansı hərbi-siyasi bloka qoşulmadan, ikitərəfli əməkdaşlıqlarda hərbi-strateji münasibətləri saxlamaqla, hansısa problemlər yaratmamaqla  digəır ölkələrlə əməkdaşlıq edən azsaylı ölkələrdəndir. Region ölkələrinə baxsaq görərik ki, onların durumu fərqlidir. Məsələn, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və öz ərazisində Rusiyanın hərbi bazasını saxlayır. Eyni zamanda, Ermənistanın sərhədlərini də Rusiya hərbçiləri qoruyur. Gürcüstan isə 2000-ci ilin əvvəlindən başlayaraq NATO-ya inteqrasiya xəttini tutub. Demək olar ki, Gürcüstan Ordusunun sistemi NATO-nun nəzarətinə alınıb. Bu gün Gürcüstan Müdafiə Nazirliyindəki əsas söz sahibi olan şəxslər amerikalılardır. Silahlanmadan tutmuş təchizatadək, NATO sistemi formalaşdırılıb. Bu, dolayısı ilə o deməkdir ki, Gürcüstan Ordusu ABŞ-ın bir hərbi birləşməsi funksiyasını yerinə yetirir.

– Ermənistan və Gürcüstanın ordu sisteminin necə olmasının Azərbaycan Ordusu ilə bağı nədir ki?

– Əvvəldə dediyim kimi, bu ölkələrin yerləşdiyi region mürəkkəbdir. Azərbaycan Qoşulmama Hərəkatı kontekstində hərbi-siyasi addımlar atır və bütün münasibətləri ikili formatda saxlayır. İkili formatlar isə Azərbaycanın milli və dövlət maraqlarına xələl gətirmir. Söhbət hərbi və siyasi maraqlardan gedir. Vaxtilə Azərbaycan da KTMT-də təmsil olunurdu, amma Ermənistanın işğalçılıq siyasəti səbəbindən rəsmi Bakı o blokdan imtina etdi, KTMT-dən çıxdı. Ondan sonra Azərbaycan hərbi bloklara qoşulmağa çan atılmadı. İkitərəfli formatda əməkdaşlıqlar da yalnız Azərbaycan Ordusunun inkişafı üçündür. Hələ 1994-cü ildə – atəşkəs imzalanandan sonra Azərbaycan Türkiyə ilə strateji əməkdaşlıq haqqında müqavilə imzalandı. Bu, bəyannamə deyildi. Həmin müqavilədə bəndlərdən biri də hərbi əməkdaşlığı nəzərdə tuturdu. Bundan irəli gələrək ötən 28 il ərzində Azərbaycanla Türkiyə arasında hərbi və hərbi texniki əməkdaşlıq formalaşıb. Bu, yalnız və yalnız Azərbaycan Ordusunun daha da təkmilləşməsinə, güclənməsinə xidmət edir.

– Azərbaycan Ordusunun Türkiyə modelinə, NATO standartlarına keçidi niyə narahatedici olmalıdır?

-Məsələ sistemdə deyil. Azərbaycan Ordusunun hansısa ölkənin ordusunun tərkib hissəsinə çevrilməsi düzgün deyil. Baxın, Azərbaycan Ordusunun şəxsi heyətinin sayı 200 mindir. Türkiyə Ordusunun isə şəxsi heyətinin sayı bir milyondan çoxdur. Azərbaycan Ordusunun Türkiyə Ordusu ilə birlikdəliyi məsələsinin sonucunu bu rəqəmlərə baxdıqda görmək olar. Ümumiyyətlə, əməkdaşlıq inteqrasiyaya çevrilə bilməz. Yəni Azərbaycan Ordusu türkiyə Ordusuna inteqrasiya edilə bilməz. O modeli mənimsəyə, bu modeldən ordu quruculuğunda istifadə etmək olar. Amma cənab Akarın dediyi başqa şeydir.

– Mənimsəmə dedikdə söhbət məsələn, komando briqadaları kimi birliklərin yaradılmasından gedir?

– Komando hərbi birləşməsi Amerika ordu sisteminə aiddir. NATO ölkələrinin bəzilərində də komando birləşmələri mövcuddur. Əvvəl bu funksiya həmlə birliyi kimi gedirdi. Sadəcə indi format bir qədər dəyişib, daha peşəkar orduya keçid məqsədi ilə komandolar yaradılıb. Bəli, məhz mənimsəmə budur. Amma hörmətli Akar deyir ki, Azərbaycan və Türkiyə orduları vahiddir. Bu, nə dərəcədə doğrudur?

Ümumiyyətlə, Türkiyə rəsmilərinin bir çoxlarının fikirləri məsələlərə populistcə yanaşdıqlarını göstərir. Məsələn, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir bəyan edir ki, Azərbaycan türkiyə istehsalı olan hərbi gəmi alacaq. Həmin gəminin uzunluğu 253 metrdir. Azərbaycan həmin hərbi gəmini harada yerləşdirəcək, Xəzər dənizində?! Yaxud da, Türkiyə  Parlamentinin sədri gəlir Azərbaycanda deyir ki, türk hərbi birliyi yaradılır, Turan ordusu formalaşır. Turan ordusunun yaradılması üçün Türkiyə əvvəlcə NATO-dan çıxmalıdır. Belə populizm düzgün deyil.

– Azərbaycanın NATO ilə əməkdaşlığı var axı…

– Bəli, Azərbaycanın hərbi-siyasi sahədə NATO ilə əməkdaşlığı mövcuddur. Amma bu o demək deyil ki, Azərbaycan Ordusu NATO-nun tərkib hissəsinə çevriləcək. Bu, mümkün deyil. Bizim cəmiyyətdə fərqli yanaşmalar var. Dediyim fikirlər başqa yerə yozulmasın, nə anti-Qərb mövqeyindəyəm, nə də anti-Türkiyə mövqeyində. Bu gün Türkiyə Ordusu anlayışı tam deyil. Türkiyə Ordusu NATO-da təmsil olunur və Türkiyənin o təşkilat daxilində üzərinə götürdüyü öhdəlik var. Türkiyə bu öhdəliklərdən yayına bilməz. Bu baxımdan, Azərbaycan Ordusu Türkiyənin, dolayısı ilə NATO-nun silahlı birləşməsinə çevrilə bilməz. Birincisi, bu, coğrafi mövqe baxımdan Azərbaycanı təhlükəyə atmaqdır, ikincisi, Azərbaycanın regional güclər qarşısında manevr imkanlarını məhdudlaşdırmaqdır, üçüncüsü isə ordumuzun inkişafında bir sıra məsələlərdə maneə deməkdir. O mənada ki, silah parkının müəyyənləşdirilməsi istiqamətində biz türkiyə müdafiə sənayesindən asılı vəziyyətə düşə bilərik.

Analizlərimiz onu deyir ki, Azərbaycan Türkiyə ilə ikitərəfli əməkdaşlığı davam etdirməli, hətta gücləndirməlidir. Burada heç bir problem yoxdur. Amma Türkiyədən populist bəyanatların səsləndirilməsi Azərbaycanın milli, dövlət və regional təhlükəsizliyini baxımından ciddi problemlər yarada bilər.

– Söhbət hansı və kimlər tərəfindən təhlükədən gedir?

– Ortada Ukrayna nümunəsi mövcuddur. İndi bəziləri deyir ki, Ukraynanın Türkiyə kimi dostu yox idi. Lakin unudulur ki, Rusiyanın hücum edəcəyi, yaxud təhdid edəcəyi ölkənin dostunun, arxasında duran ölkənin kimliyinin o qədər də əhəmiyyəti yoxdur. Məsələn, Ukraynanın arxasında ABŞ və Britaniya və digər böyük Avropa dövlətləri dayanmışdı. Nəticə nədir? Bu gün Ukrayna ərazilərinin 30 faizini itirib. Bu, Azərbaycana lazımdırmı? Əlbəttə, lazım deyil. Ona görə də mən buradan Türkiyə rəsmilərinə, Türkiyənin hökumətinə müraciət edirəm, demək istəyirəm ki, Azərbaycanla bağlı fikirlər səsləndirərkən poetik, ədəbi-bədii fikirlərdən kənarda dayansınlar. Azərbaycan kimin üçünsə öz gücünü yoxlamaq üçün məkan deyil. Onsuz da öz problemimizi tam şəkildə həll edə bilməmişik. Qarabağ məsələsində bir çox rıçaqlar hələ də Rusiyanın, digər güclərin əlindədir. Hələ də Ermənistana yekun sülh müqaviləsini imzalatdıra bilmirik. Ən nəhayət, hələ də Ermənistan ordusunun qalıqları ərazilərimizdədir və onları çıxara bilməmişik. Bu məsələlər populist bəyanatlarla həll edilmir. Təəssüf ki, belə bir məqamda Azərbaycanda Türkiyə ilə konfederasiya tərəfdarları meydana çıxır, ordunun birliyinin əla olduğu deyilir. Bunlar bizim milli maraqlarımız baxımından ziyanlıdır. Bizi hansı oyunlara cəlb etmək istəyirlər?! Azərbaycan Ordusu mümkün imkanlar daxilində bütün təcrübələrdən bəhrələnməlidir. Eyni zamanda, yığdığı təcrübəni öz standartlarına uyğun şəkildə tətbiq etməlidir.Müəllif: Anar Bayramoğlu

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …