Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Atəşkəsdən bu günə Çıraqlıda 9 nəfər düşmən snayperlərinin hədəfi olub – FOTOLAR

Atəşkəsdən bu günə Çıraqlıda 9 nəfər düşmən snayperlərinin hədəfi olub – FOTOLAR

“Gözümü açandan kəndimiz düşmən atəşinə məruz qalır. Mən də, böyüklərim də, məndən kiçiklər də bu şəraitdə yaşamağa öyrəşib. Artıq bu bizim həyat tərzimizdir. Gözümüz önundə, necə deyərlər qulağımızın dibində baş verir hər şey… Biz hər dəfə düşmən təxribatının qarışısının ordumuz tərəfindən alındığını və onlara layiqli cavab verildiyini görürük”.

 

Bunu Ordu.az-a açıqlamasında Ağdam rayonunun Çıraqlı kənd sakini Məmmədov Coşqun Ələddin oğlu bildirib.


M.Coşqun ömrünün 18-ci baharını qarşılayır. Necə deyərlər barıd qoxulu 18-ci bahar… Onun doğulduğu kəndin yerləşdiyi ərazi bizi bu sözləri deməyə vadar edir. Ağdam rayonunun Çıraqlı kəndi qoşunların qarşıdurma xəttinə ən yaxın ərazidə yerləşən yaşayış məntəqəsidir. Kənd Qarabağ müharibəsi zamanı – 1994-cü ilin may ayında düşmən işğalına məruz qalıb. Lakin Azərbaycan Ordusunun bölmələrinin əks-hücumu nəticəsində kəndə soxulan işğalçı ordu xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək geri çəkilib. Doğma kəndlərindən didərgin düşən insanlar 1995-96-cı illərdə qismən, 1999-2000-ci illərdə geri, yəni öz doğma kəndlərinə köç ediblər. Cəmi 12 ailədən başqa…

“Kəndimiz təxminən 70 evdən ibarətdir. Onlardan 12-də yaşayış mümkün olmadığı üçün həmin ailələr köçkün həyatı yaşayır. Çünki, onların evləri neytral ərazilərdə yerləşir. Ermənilər oranı nəzarətdə saxlaya bilirlər. Biz dəfələrlə düşmənin iyrənc təxribatlarına məruz qalmışıq. Demək olar ki, kəndimizdə güllə dəyməyən ev yoxdur. Bu adi hala çevrilib. Bizim üçün önəmli olan evə güllə dəyməsi deyil, ordumuzun həmin gülləyə görə düşmənə verdiyi layiqli cavabdır. Çox şükür ki, bu da var və biz bununla rahatlıq tapırıq. Hətta belə hallar bizə zövq verir”, – deyə M.Coşqun bildirib.


Yuxarıda da qeyd etdiyimiz kimi qəhrəman Çıraqlı sakinləri bu günə qədər düşmən təxribatına məruz qalır. Hətta bu yolda düşmənin atdığı gülləyə tuş gəlib həyatını itirənlər və yarananlar da az olmayıb. Araşdırmamız zamanı məlum oldu ki, bu günə qədər 9 nəfər Çıraqlı sakini işğalçı ordunun snayperlərinin hədəfi olub. Onlardan ikisi həyatını itirsə də, 6 nəfərin həyatını xilas etmək mümkün olub. Həmçinin digər maraqlı fakt da ondan ibarətdir ki, düşmənin atəş açdığı insanların 6-sı qadın, 2-si kişi, biri isə yeniyetmə – məhz hazırda müsahibimiz olan Coşqun Məmmədov olub.

Yaralananlar:

Aslanova Nuranə Əli qızı – 1983-cü il təvəllüdlü
Aslanova Şövkət Kamal qızı – 1952-ci il təvəllüdlü
Məmmədova Gülüş Nazir – 1927-ci il təvəllüdlü
Vəliyeva Müşkinaz Əhəd qızı – 1963-cü il təvəllüdlü
Məmmədova Zümrüd Abdul qızı – 1956-cı il təvəllüdlü
Şükürova Səbinə Xosrov – 1973-cü il təvəllüdlü
Məmmədov Coşqun Ələddin oğlu – 1999-cu il təvəllüdlü

Şəhid olanlar:

Aslanov Qənbər İsgəndər oğlu (Şəhid olarkən 70 yaşı olub)
Bayramov Bəhmən Cəlil oğlu (Şəhid olarkən 62 yaşı olub)


“Kəndin otlaq və əkin sahəsinin xeyli hissəsi düşmənin işğal etdiyi ərazilərdə ya da nəzarət etdikləri ərazilərdə qalıb. Ancaq sakinlər öz əkin biçin işlərini dayandırmaq niyyətində deyil. Bizim ailə də əkinçilik təssərüfatından dolanır. 2015-ci ilin 10 fevral tarixində sahədə işləyərkən qəflətən qolumdan qızışma hiss elədim. Sonra baxdım ki, güclü qanaxma başladı. Atam mənə kənərdan qışqırdı ki, əyilim. Əyilənə qədər növbəti güllə budumdan dəydi. Müqavimətimi itirib yerə yıxıldım. Çətinliklə məni oradan götürüb rayon xəstəxanasına apardılar”, – deyə Coşqun yaralandığı vaxtı baş verənləri xatırlayır.

Həmsöhbətimizin dediyi kimi düşmən bütün cəhdləri ilə sakinlərin əkin-biçin işlərinə mane olmağa çalışır. Onlar hesab edirlər ki, guya bu yolla təmas xəttində gərginlik yaratmaqla oradakı vəziyyətə nəzarət edəcəklər. Yeri gəlmişkən onların bu iyrəc təxribatı nəticəsində 10-a yaxın traktor və digər kənd təsərrüfatı texnikasına maddi ziyan dəyib ki, onlardan biri təmamilə yanaraq sıradan çıxıb. Həmin hadisə nəticəsində kənd sakini Cəfərov Nəbi Xasay oğlu yanıq xəsarətləri alıb.


Hazırda qəhrəmanımız M.Coşqun həqiqi hərbi xidmətə yollanır. Hələ əlinə silah almamış, yeniyetmə yaşlarından vücudunda düşmən snayperinin iki gülləsinin izini daşıyan gəncin bir amalı var: “Səbirsizliklə bu günü gözləyirdim. Səhhətimdə olan problemlər, aldığım güllə yaraları məni məqsədimdən ayıra bilməz. Məqsədim ön cəbhədə əldə silah Vətənin keşiyini çəkmək, nizam-intizamlı və nümunəvi bir əsgər olaraq komandirlərimin döyüş əmrini yerinə yetirərək düşməndən qisas almaqdır. Hər bir azərbaycanlı kimi mənim də ən böyük arzum işğal altında olan tarixi torpaqları düşmənin işğalından azad etməkdir”.

Coşqunun ən böyük arzusu hərbçi olmaqdır. O, bizimlə söhbəti zamanı gələcək həyatını hərb işinə bağlamaq arzusunda olduğunu bildirib.







Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …