Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Aprel döyüşləri iştirakçısı: “Düşmən qrupu təşvişə düşərək İrana keçmişdi”

Aprel döyüşləri iştirakçısı: “Düşmən qrupu təşvişə düşərək İrana keçmişdi”

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Zaur Xancanov 2016-cı ilin aprelində ordumuzun apardığı uğurlu döyüş əməliyyatının iştirakçısı və qazisidir. Hal-hazırda da xidmət edən hərbi qulluqçumuz, necə deyərlər, Lələtəpə əməliyyatı zamanı ilk tətik çəkənlərdən, yaxud başqa şəkildə desək, düşmən səngərinə ilk ayaq qoyanlardandır. O, 1988-ci ildə Beyləqan rayonunun Milabad kəndində doğulub. Doğma kəndində orta təhsil aldıqdan sonra həqiqi hərbi xidəmətə yollanır. Vətənə şərəf borcunu 2006-cü ildə ödəyəndən sonra onun içində düşmənə qarşı nifrət birə-min artır… Xancanov 2007-ci ildən etibarən ordu sıralarında yenidən xidmətə başlayır. Elə həmin vaxt ön cəbhədə – cəbhənin Füzuli rayonu istiqamətində xidmətə başlayır.

 

O, dəfələrlə düşmən təxribatlarının qarşısını almaq məqsədi ilə xüsusi tapşırıqlar yerinə yetirərək düşmənə layiqli dərs verir. Ən böyük uğuru isə Aprel döyüşləri zamanı qazandığını vurğulayır.


“Xidmət etdiyim illər ərzində dəfələrlə düşmənin mövqelərimizə qarşı törətdiyi silahlı təxribatların şahidi olmuşam. Onlar təxribat xatirinə, cəbhədə vəziyyəti gərginləşdirsinlər deyə hər cür hiyləyə əl atıblar. Lakin həmin təxribatların qarşısı mövqelərimizi sayıqlığı sahəsində dərhal alınıb. Şəxsən mən dəfələrlə həmin təxribatların qarşısının alınmasında öz silahdaşlarımla iştirak etmişdim. Atdıqları addıma görə layiqli cavab verib geri oturtmuşduq. Hətta ağır itkilərə də məruz qoşmuşduq… Təbii ki, bütün bunların hər biri ordumuzun və onun cəsur hərbçilərinin uğuru idi. Lakin ən böyük uğur bizə Aprel döyüşləri zamanı nəsib oldu. Həmin xoşbəxtliyi yaşayanlardan biri də şəxsən mən oldum”, – deyə Zaur Xancanov bildirib.

Gizir Xancanov aprel döyüşləri zamanı öz silahdaşları ilə birlikdə Lələtəpə istiqamətində gedən döyüş əməliyyatlarına qoşulur və həmin əməliyyat zamanı qəlpə yarası alır.

O, həmin gecəni fəxarətlə xatırlayır: “Apreldən əvvəl dəfələrlə ard-arda düşmən təxribatları baş verirdi. Əlbəttə ki, bu təxribatların hamısı düşmənin məyusluğu ilə nəticələnirdi.


Amma aprelin 1-dən 2-nə keçən gecə indiyədək baş verənlərin ən irimiqyaslısı baş verdi. Daha ciddi təxribat – mövqelərimiz iriçaplı silahlardan atəşə tutuldu, yaşayış məntəqələrinə artilleriya zərbələri endirildi. Dərhal həyacan siqnalı ilə qaldırılıb təmas xəttinin sıfır nöqtəsinə göndərildik. Düşmənə cavab atəşi açıldı. Artıq quduzlaşaraq ipə-sapa yatmayan işğalçı orduya daha böyük dərs vermək zamanı idi. Biz qrup şəklində Lələtəpə istiqamətində hərəkətə başladıq. Mənim də içərisində olduğum qrup Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tərəfdən hərəkətə keçdik. İstehkamçı səhərə yaxın minalı ərazidən keçidimizi təmin etdi”.

Qruplar çox qısa zaman kəsiyində düşmənin müdafiə səddini yararaq dərinliyə sızmağı bacarır. Bundan sonra müxtəlif istiqamətlərdə bir zamanlar uğrunda onlarla – yüzə yaxın insanın qanı töküldüyü Lələtəpə zirvəsinə çıxılır. Artıq düşmənlə nəfəs-nəfəsə olan döyüşçülərimiz ilk atəş əmrini gözləyir. Və o əmr verilir…


“… Dördün yarısı əmr gözləyirdik. İki qrup tam sızaraq zirvəyə çıxmışdı. Bizdən çoxda arxada olmayan komandanlıq atəş əmri verdi. Şok atəşi açıldı və düşmən səngərinə dolduq. Hər şey bir neçə dəqiqə içərisində başladı və bitdi. Düşmən nə baş verdiyini bilmədi. Nizamlı şəkildə düşmən səngərində cəld döyüş manevri edən qrupumuz, necə deyim, “uçana-qaçana” macal vermədi. Artıq erməni qüvvələri darmadağın idi. Silahlarını, zirehli gödəkçələrini hətta dəbilqələrini belə atıb qaçırdılar. Daha sonra plana uyğun olaraq qruplarımız düşmənin əlavə atəş-dəstək qüvvələrinin qarşısını kəsdi. Maksimum bir saatlıq gərginlikdən sonra zirvə tam əlimizə keçdi”, – deyə Xancanov bildirib.

Daha sonra açıq məğlub olan düşmən özlərinin hərbi qulluqçularının yaralıları və meyitləri olan səngərləri minaatan və digər artilleriya vasitələrindən atəşə tutmağa başlayır. Bu zaman hazırda həmsöhbətimiz olan qəhrəmanımız qəlpə yarası alır. Açılan atəşlər yerlə göyü lərziyə gətirsə də, qəhrəman Azərbaycan hərbçiləri bir addım da olsu geri çəkilmirlər. Həmçinin çox sürmür ki, Azərbaycan Ordusunun artilleriyası düşmənə adevkat cavab verir.

Xancanov bölmələrimizin sərrast zərbəsindən sonra artilleriya döyüşünü də uduzan düşmən tamamilə təşvişə düşdüyünü və bir qrup hərbçisinin İrana keçdiyini bildirir: “Həmin zaman əldə etiyimiz məlumata görə bir qrup düşmən hərbçisi qaçaraq İrana keçib. Bundan başqa, düşmən cəbhəsinin lap dərinliklərində avtomat və pulemyot səsləri eşidilirdi.


Çox güman ki, həmin vaxt öz aralarında yaranan hansısa qarşıdurma silahlı insidentə çevirilmişdi. Bizdə isə vəziyyət tam əksinə idi. Baxın, sizə bir misal çəkəcəyəm. Əslən Ağdam rayonundan olan əkiz qardaşlar var idi. Onlar əsgər olmaqlarına baxmayaraq döyüş əməliyyatında yaxından işdirak edirdilər. Priyev qardaşları… Onların biri şəhid oldu. Lakin digər qardaş öz qardaşının şəhid olmasına qəti heyifslənmədən irəli atılırdı. Təəssüf edirəm ki, mən həmin döyüş meydanını yaralanaraq tərk etməli oldum. Qəlpə yarası almışdım… Məndən sonra döyüş yoldaşım Eləməddin Rüstəmov başından yaralandı”.

Qəhrəmanımız yaralanandan sonra yaxınlıqdakı hərbi hospital, oradansa Bakı şəhərinə gətirilir. O, müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdaraq silaha sarılıb. İndi onun ən böyük arzusu daha bir döyüş əmri ilə işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatında iştirak etmək və bunu canı bahasına belə edərək gələcək nəsillərə örnək olmaqdır.

Sonda onu da xatırladaq ki, Zaur Xancanov döyüşlər zamanı göstərdiyi şücaəti komandanlıq tərəfindən nəzərə alınaraq “Hərbi Xidmətinə görə” I dərəcəli medalla təltif olunub.

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …