Ana səhifə / Cəmiyyət / Zülfüqarlı qardaşlarının sözçüsündən Eynulla Fətullayevə cavab: “O, indi başqa hava çalır”

Zülfüqarlı qardaşlarının sözçüsündən Eynulla Fətullayevə cavab: “O, indi başqa hava çalır”

“Özünü jurnalistdən çox, sovet hakimiyyəti dövründəki Xalq Nəzarəti Komitəsinin sədri kimi aparan Eynulla Fətullayevin növbəti hədəfi bizim şirkətdir. Onun sifarişlə qələmə aldığı yazı başdan-ayağa qərəzlidir, həqiqəti idafə etmir, işgüzar imicimizə kölgə salmaq məqsədi daşıyır”.

Bunu “Bakı İnşaat Sənaye” ASC-nin sədri Ramiz Əhmədov bəzi kütləvi informasiya vasitələrində barələrində aparılan “qara piar” kampaniyasını şərh edərən bildirib.

Əməkdaşımızla söhbətində idarə etdiyi şirkətin hansı məntiqə əsasən, müxalifətlə əlaqələndirilməsini anlamadığını deyən R. Əhmədovun fikrincə, bu kampaniya başlarına gətirilən oyuna haqq qazandırmaq cəhdindən başqa bir şey deyil:

“Xüsusilə Eynulla Fətullayevin müəlliflərindən olduğu “Gözdən düşmüş oliqarxlar Bakıda qan tökməyə çalışır” sərlövhəli məqalədə bu qərəz tam çılpaqlığıyla nəzərə çarpır. Müəllif, Zülfüqarlı qardaşlarını “gözdən düşmüş” oliqarxlar” adlandırmaqla faktiki olaraq, işgüzar münasibətlərdən doğduğuna inandığımız məsələləri siyasiləşdirir. Yazının ruhundan belə çıxır ki, Zülfüqarlı qardaşları, guya, Azərbaycan siyasi iradəsinin qəzəbinə uğrayıb. Halbuki, həmin qardaşlar həm 2002-ci ildə, həm də son dövrlərdə Azərbaycana siyasi hakimiyyətin çağırışı ilə gəlib və ölkənin iqtisadi inkişafına öz töhfələrini verməyə çalışıblar. Artıq hər kəsin bildiyi kimi, 2002-ci ilin mayında mərhum Heydər Əliyevin məsləhəti və göstərişi ilə o zaman ölkəmizdə fəaliyyətini dayandıran “Bakı Elektroştamp” zavodu məhz Zülfüqarlı qardaşlarının xidməti sayəsində dirçəldi. Müəssisədə 400-ə qədər yeni iş yerləri açıldı. Zülfüqarlı qardaşları “Bakı Elektroştamp” ASC-yə 25 milyon manat civarında sərmayə yatırdılar. Daha sonra müəyyən səbəblərdən bu zavoddakı fəaliyyətlərini dayandırmağa məcbur olan qardaşlar xarici ölkələrə investisiya  yatırmalı oldular. Nəticədə təkcə biz yox, həm də ölkə iqtisadiyyatı itirdi.

2016-cı ildə  indiki Prezidentimiz İlham Əliyevin iş adamlarına müraciətindən sonra ölkəmizin iqtisadiyyatını dirçəltmək üçün ilk qollarını çirmələyən yenə Zülfüqarlı qardaşları oldular. Onlar yenidən Azərbaycana qayıdaraq iqtisadi quruculuq işində Prezidentimizə dəstək olmaq niyyətlərini ortaya qoydular. İndi hansı məntiqlə Eynulla Fətullayev bu nəcib niyyətə müxalif don geyindirir? Axı iş adamının müxalif cəbhədə nə işi var?  Hər bir iş adamı, sözsüz ki, nəticəsi qeyri-müəyyən olan proseslərə girməz, ölkədə investisiya mühitinin olub-olmamasına baxar. Zülfüqarlı qardaşları da iki dəfə Azərbaycana investisiya yatırmağa gəlibsə, deməli, mövcud hakimiyyətin iqtisadi siyasətini bəyənib və bu addımı atıblar. Onların dövlət mətbu orqanlarında mütəmadi dərc olunan yazıları da siyasi mövqelərini ortaya qoyur. Bu mövqeyə şübhə edənlər “Respublika”, “Azərbaycan”, “Xalq qəzeti”, “AzərTAC” və s. kimi mətbuat orqanlarını vərəqləsələr, kimin kim və hansı cinahda olduğunu rahatlıqla anlaya bilərlər.”

Sözügedən məqalədə Zülfüqarlı qardaşlarının 2005-ci ildə, guya, “narıncı inqilab”ın mühərriki kimi təqim olunan Fərhad Əliyevlə əlaqələri barədə irəli sürülən fikirlərə də aydınlıq gətirən həmsöhbətimizə görə, Eynulla Fətullayev öz aləmində keçmişdə yaşanan hadisələri fərdi maraqlarına uyğun qiymətləndirməyə çalışır:

“Amma bütün Azərbaycan xalqı o vaxt Eynulla Fətullayevin  hansı qaranlıq işlərlə məşğul olduğunu gözəl bilir. Zülfüqarlı qardaşları isə onda Azərbaycanda metallurgiya sənayesinin inkişafında əllərindən gələni əsirgəmirdilər. O ki qaldı Zülfüqarlılar– Fərhad Əliyev münasibətlərinə, qardaşlar bu barədə fikirlərini dəfələrlə ictimailəşdiriblər. Mən bu fikirləri yenidən təkrarlamaq istəmirəm.

Yeri gəlmişkən, onu da deyim ki, həmin məqalədə müəlliflər bir çox hüquqi məsələlərə də qiymət verməyə çalışırlar. Məncə, bu kimi problemlərin müzakirəsi hüquqşünaslara həvalə edilməlidir”.

Ölkəmizin sosial gərginliklər burulğanından xilas yolunun iqtisadi tərəqqidən keçdiyini vurğulayan Ramiz Əhmədov ölkə başçısı İlham Əliyev bu istiqamətdə Strateji Yol Xəritəsinin olduğunu xatırlatdı: “Həmin Strateji Yol Xəritəsinin əsas prinsiplərindən biri iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafıdır. Zülfüqarlı qardaşları da məhz bunu həyata keçirməklə Cənab Prezidentimizə sədaqətlərini ortaya qoyurlar. Məsələlərə bu məntiqlə yanaşanda, Cənab Prezidentimizin çağırışına səs verən Zülfüqarlı qardaşları yox, onlara qarşı çıxanlar Azərbaycanı sosial gərginliyə sürükləyən tərəf qismində görünürlər”.

Eynulla Fətullayevə bir neçə il öncə Zülfüqarlı qardaşlarının lehinə yazdığı saysız məqalələri xatırladan Ramiz Əhmədov ona hərdən arxaya dönüb baxmağı məsləhət gördü: “ Eynulla Fətullayevin indi tamamilə başqa havanı çalması da həmin yazıların sifarişli olduğunu bir daha təsdiqləyir”.

Sonda Loğman Zülfüqarlının Azərbaycanı tərk etmədiyini, işgüzar fəaliyyətlə əlaqədar xarici ölkələrdən birinə getdiyini deyən R. Əhmədovun fikrincə, əslində iş adamlarımızın ölkəmizdən didərgin salmaq bəzi monopolist qüvvələrin arzusudur: “Görünür, onlar öz arzularını reallıq kimi qələmə verməyə çalışırlar.

Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı ilin iyun ayında keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxış edərək, xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını ölkəmizə sərmayə yatırmağa dəvət etmişdi. O, demişdi:

“Böyük maliyyə imkanları olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və digər sahələrə investisiya qoysunlar”.

Zülfüqarlı qardaşlarının Azərbaycana yenidən qayıtması da məhz bu çıxışdan sonraya təsadüf edir. (Ovqat.com)

Həmçinin oxuyun

Türkiyədəki iş adamları Xocalıda bağça tikdirir

Xəbər verildiyi kimi, Türkiyədə yaşayan erməni iş adamları Xocalı şəhərində 90 uşaq üçün nəzərdə tutulan …