Çərşənbə , May 25 2022
Ana səhifə / Cəmiyyət / Ziyad Səmədzadənin dünya çapı

Ziyad Səmədzadənin dünya çapı

Keçmiş MTN generallarının məhkəməsində bir nəfər zərərçəkəndən 8 milyon dollar rüşvət alınması faktı araşdırılır, orada MTN İstintaq İdarəsinin rəisi işləmiş Mövlam Şıxəliyev iddia etmişdi ki, bu pulların haradasa 3 milyon dolları Ziyad Səmədzadəyə verilib.

Səmədzadə deputatdır, iddia isə yetərincə qalmaqallı iddiadır, lakin deputat buna münasibət bildirmir. Elə bil heç bu cür söhbət olmayıbdır. Yalnız onun mahnı yazan qızı Aygün Səmədzadə açıqlama yayıb, özünün və atasının adının məhkəmədə hallanmasına qarşı çıxıb. Zərərçəkənin dediyinə görə, o, vaxtilə Aygün xanımın villasını təmir etdiribmiş və sairə.

Mən başa düşürəm, əlbəttə, hər övladın atasının təmiz adı uğrunda davaya qalxmaq hüququ vardır. Lakin bu istiqamətdə fikirləri gərək çalışıb elə seçəsən ki, axırda Molla Nəsrəddinin məşhur atminmə aksiyasına oxşamasın. Yada salıram, bir gün Molla lovğalanar ki, Filan kənddən keçirdim, gördüm çox ipə-sata yatmayan at var, heç kim onu minə bilmir. Dedim, çəkilin kənara. Tutdum atın yüyənindən, hoppandım bunun belinə… Bu məqamda həmin kənddən kimsə məclisə girir. Molla deyir: “… Heç mən də minə bilmədim”.

Söhbət nədən gedir? Hörmətli Aygün xanım qəzetimizə göndərdiyi yazılı bəyanatda deyir: “Təqdimata ehtiyac olmasa da atam Ziyad Səmədzadə Azərbaycanın böyük alimidir, dünya çapında adı keçən iqtisadçıdır, akademikdir. Həyatı, təcrübələri, peşəsi və paklığı onu heç zaman heç kimə möhtac etməyib və etməyəcək”. Sitatın sonu.

Bax, məni düşündürən bu hissədir. Görəsən, Ziyad müəllimin “böyük alimliyi”, “dünya çapı” özünü nədə göstərmişdir?

İlk növbədə qeyd edim ki, mən özüm ali təhsilli iqtisadçıyam, lakin yadıma gəlmir haçansa, hansısa müəllim bizə “gedin, Ziyad Səmədzadənin filan məqaləsini, kitabını oxuyun” deyə tapşırıq versin. Ziyad müəllimin 80 yaşı var, lakin onun Azərbaycan, dünya iqtisadiyyatı haqda 8 maraqlı cümlə yazdığını, söylədiyini kimsə iddia edə bilməz. Hörmətli oxucular da yada salmağa çalışsın: haçansa bu isimdə iqtisadçı alim, ekspert rəyi-zad oxuduğunuz, dinlədiyiniz yadına gəlirmi? Yoxdu belə şeylər. Hətta Vüqar Bayramovun milli valyutamız haqda proqnozlarının Səmədzadənin söhbətlərindən doğru çıxma ehtimalı qat-qat çoxdur.

Heç internetdə də Ziyad müəllimin dünya şöhrətli iqtisadçı alim olmasına bir dəlalət tapmaq mümkün deyildir. AMEA-nın saytında onun namizədlik dissertasiyasının adı belə göstərilib: “Əmək məhsuldarlığı və onun yüksəldilməsi yolları”. Doktorluq dissertasiyası da eyni mövzudadır: “Azərbaycan SSR timsalında əmək məhsuldarlığının yüksəldilməsi problemləri”. SSRİ-də əmək məhsuldarlığı necə düşük səviyyədə idi, bunu hamı bilir. Planlı iqtisadiyyat, “ümumxalq təsərrüfatı”, kolxoz quruculuğu axırda o imperiyanı dağılmağa məhkum etdi. Bəs Ziyad müəllimin “elmi” nədən ibarət olub? Ehtimal edə bilərik ki, o, “pripiska”nı, rəqəmləri şişirtməyi tərənnüm etmişdir. Dissertasiyaların 1970-80-ci illərə aidliyi buna əsas yaradır.

Ümumiyyətlə, Ziyad Səmədzadənin tərcümeyi-halında müstəqillik dövrümüzdə xarici elmi jurnallarda, nüfuzlu nəşriyyatlarda çap edilmiş bir məqaləsinə, yarım kitabına rast gəlinmir. Ramiz Mehdiyev kimi uydurma metodlarla şişmiş alimlərdən biridir. Son 30 ildə “yazdığı” kitablar isə statistik toplulardan o yana getmir. Həmin cızmaqaralarda Azərbaycan iqtisadiyyatının gələcəyi, xalqımızın nə iş görməsi, hansı pulları xərcləməsi, nə yeyib-içməsi tipli suallara elementar məktəbli səviyyəsində cavab yoxdur.

Ən tragikomik detallardan biri isə odur ki, bu adam “İqtisadiyyat” adlı qəzetin təsisçisi və baş redaktorudur. Heç kimə, hətta şor bükməyə də yaramayan bir qəzetdir. Doğrusu, heç bilmirəm çapı davam edirmi.

Nəhayət, AMEA saytında Ziyad müəllimin “Təltiflər”i bölməsi də yetərincə gülməlidir. Məsələn, orada yazılıb ki, Səmədzadə “Humay” mükafatını alıb. Yəqin xatırladınız, vaxtilə artistlərə verilən ödül idi.

Həmçinin oxuyun

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: – “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir …