Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ziya Məmmədovun qardaşlarını soyublar – şok faktlar

Ziya Məmmədovun qardaşlarını soyublar – şok faktlar

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşları-Nəriman və Loğman Məmmədovların bankdan külli miqdarda pulunu oğurlayıblar. Bu sensasion xəbəri redaksiyamıza verən mənbə deyib ki, oğurluq Məmmədovların Beynəlxalq Bankın “Nəqliyyat filialı”nda olan bank hesablarından olub. Ən maraqlısı odur ki, Məmmədovlar bank hesablarında 2011-2014-cü illər ərzində oğurlanmış pullardan xəbər tutmayıblar.

 
Yəni pulların hesablarından silinməsini fərq etməyiblər. Zərərçəkənlərin siyahısında Ziya Məmmədovun və deputat Cavid Qurbanovun yaxın adamları, “Azəryolservis”in vəzifəli şəxsləri də var. Bunlar Ramin İsmayılov, Tahir Əliyev və Xəqani Kazımovdur. Bu adamların da “Nəqliyyat filialı”nda depozit hesabları olmuş və həmin hesablaşma hesablarında bir neçə milyon yerləşdirilibmiş. Məmmədov qardaşlarına və nazirə yaxın digər şəxslərin də külli miqdarda pulu oğurlanıb…
Redaksiyamıza daxil olan məlumata görə, hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu işlə bağlı həbs edilən mütəşəkkil qrupun mühakiməsi başlayıb. Məhkəməyə sədrliyi hakim Zeynal Ağayev edir. Təqsirləndirilən şəxslər Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç, Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs olunublar.
Fərid Hadıyev bu işdə əsas fiqurantdır. Çünki o, Beynəlxalq Bankın “Nəqliyyat filialı”nda əməliyyat şöbəsində baş mütəxəssis işləyib. İttiham aktına görə, F.Hadıyev Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun bank kartının nömrəsi, məxfi kodu və hesabındakı məbləğ barədə Yaşar Ələkbərova məlumat verib. Y.Ələkbərov da həmin hesabda olan pulları müxtəlif müddətlərdə və müxtəlif pul köçürmə sistemi, o cümlədən  “Kontakt” sürətli pul köçürmə sistemi ilə Nair İlişayeviçin hesabına köçürüb. Məlum olub ki, 2013-cü ildə nazirin qardaşının hesabından 69.995,37 ABŞ dolları (54.596,4 manat), 97,95 avro (103, 83 manat), 3.915, 28 Ukrayna qrivnası (332,8 manat), 4.079.310,72 Rusiya rublu (81, 586,2 manat) pulunu gizli olaraq mənimsəyiblər.
Ziya Məmmədovun daha bir qardaşı Loğman Məmmədovun bank sirri hesab edilən məlumatları da eyni üsulla ələ keçirilərək orada olan pul vəsaiti mənimsənib. Məlum olub ki, 2014-cü ilin 11 martından 5 mayına qədər olan müddətdə Loğman Məmmədovun bank hesabından ümumilikdə 88 min 300 ABŞ dolları (68.874 manat) mənimsənib. Amma bu dəfə pullar Fərrux Bayramovun hesabına köçürülüb. Pulları bank kartlarına köçürdükdən sonra  Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan və bank şöbələrindən çıxarıblar.
İttiham olunan dəstə “Azəryolservis”in vəzifəli şəxslərini də demək olar ki, eyni üsulla talayıblar.
Dəstə Xəqani Kazımovun adına olan hesabdan 2013-cü ilin avqust ayının ortasından həmin ilin oktyabr ayınadək  4.676.117,56 Rusiya rublunu (93.522,35 manat) mənimsəyib. Pul bu dəfə də Nair İlişayeviçin hesabına köçürülərək nağladlaşdırılıb. Ramin İsmayılovun hesabından oğurluq 2014-cü ilin 12 mayında baş verib. Bu dəfə ələ keçirilən hesab nömrəsindən dəstə üzvü Rinat Aqarunovun adına “Bank Respublika”da açılmış hesaba köçürülüb. Sonra isə bank kartları ilə Moskva şəhərində yerləşən bankomatlar, eləcə də Bakıdakı bank şöbələrindən nağladlaşdırılıb. Ona da 72.144 (56.272,32 manat) ziyan vurulub.
Nəhayət, “Azəryolservis”in daha bir rəsmi şəxsi Tahir Əliyev də eyni üsulla talanıb.  “Bank Respublika”da açılmış hesab vasitəsilə onun da 65.130 ABŞ dolları (50.801,4 manat) mənimsənilib.
Xəbər redaksiyamıza daxil olduqdan sonra dəqiqləşdirdik ki, Milli Təhlükəsizlik Nazirliyi həqiqətən də ötən ilin iyun ayının 17-də kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərini talayan dəstəni həbs edib.  Rəsmi məlumatda bildirilib ki, faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 271.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompyuter sisteminə qanunsuz daxil olma) və 272.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompüter sistemində məlumatları qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb.
***
Loğman Məmmədov Ziya Məmmədovun qardaşıdır və o, hazırda Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edir. Nəriman Məmmədov da əvvəllər nəqliyyat sistemində işləyib, indi isə yaşlı olduğu üçün təqaüddədir.
 
“Yeni Müsavat”

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın