Ana səhifə / Cəmiyyət / Ziya Məmmədov müqavimətə başladı- villasında gizli toplantı

Ziya Məmmədov müqavimətə başladı- villasında gizli toplantı

“Nəqliyyat kralı” “taxt-tacını” xilas etmək üçün hərəkətə keçib; Məmmədovların parlament seçkiləri ərəfəsində tam zərərsizləşdirilməsi indilikdə iqtidarın marağında deyil; nazirin yaxın çevrəsi bu vəziyyətdən itirilmiş mövqelərini bərpa etmək üçün istifadə edir; ortada isə 2005-ci ildən həbsdə olan Əli İnsanov “nümunəsi” var…

 
 
Nəqliyyat naziri Ziya Məmmədovun ətrafında baş verən müəmmalı proseslər son günlər yenidən medianın əsas müzakirə mövzusunun çevrilib. Oktyabrın 23-dək  “əmək məzuniyyəti” götürən nazir son aylar ilk dəfə prezident İlham Əliyevin İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin toplantısında efirdə görünüb. Müşahidələrə görə, Z.Məmmədov son dərəcə məyus görünürmüş.
Taksilərə lisenziya verilməsinin nazirlikdən alınaraq ASAN Xidmətə verilməsi, onun himayəsində olan Bakı Beynəlxalq Avtovağzalına yeni rəis təyin edilməsi, paytaxtda sərnişin daşınmasının ondan alınması, ən nəhəng və gəlirli müəssisəsi olan “Azərbaycan Dəmir Yolları” QSC-nin müstəqil fəaliyyətə keçməsi  Məmmədov klanını son dərəcə sarsıdıb. Nazirin oğlunun ölkəni tərk etməsi barədə xəbərlərə isə “Garant Holdinq” artıq 1 həftədir ki, heç bir reaksiya vermir. Maraqlıdır ki, nazir oğluna yaxın saytlar da  bu məsələdə susqunluq nümayiş etdirirlər. Yeri gəlmişkən, oktyabrın 2-də “Unikal” qəzeti nazir oğlunun Qubanın Qəçrəş qəsəbəsindəki villasının yerlə-yeksan edildiyini yazıb…
“Yeni Müsavat”a daxil olan məlumata görə, Məmmədovların qürubu  onun siyasi-biznes rəqiblərini də son dərəcə sevindirib. Onlar da ölkənin ən iri oliqarxına çevrilən, ailə şirkəti olan “Garant Holdinq”lə iqtisadiyyatın ən müxtəlif və həm də ən gəlirli sahələrində əsas söz sahibi olan Məmmədovların tam məğlubiyyətini səbirsiziklə gözləyirlər. İddialar var ki, hakimiyyət daxilindəki rəqibləri Məmmədovlara və onların yaxın çevrəsindəki iş adamlarına ən müxtəlif üsullarla psixoloji təzyiq göstərir, hətta mediaya onların təlaş içində olduğu, qaçmaq istədikləri, Nəqliyyat Nazirliyinin, ümumiyyətlə ləğv ediləcəyi barədə xəbərlər sızdırırlar. Bu cür xəbərlər isə Məmmədovları daha da  əndişələndirir və çilədən çıxarır.
 
Məsələn, artıq eks-deputat hesab olunan nazir qardaşı  Elton Məmmədov çox ilginc bir açıqlama verib. E.Məmmədov  deyib ki, hər bir insan hansısa vəzifəyə təyin də oluna və vəzifədən çıxarıla da bilər: “Ziya Məmmədov bu gün vəzifəsindədir və cənab prezidentin ətrafında sədaqətlə xidmət edən nazirlərdəndir”. Nazir qardaşı xüsusilə “Ziya Məmmədov vurulur” ifadəsinin üzərində dayanaraq deyib: “ Kim vurulur? Ölkə rəhbərinin müstəsna səlahiyyətlərinə kimsə müdaxilə edə bilər? Ədalətli olun…”
E.Məmmədov bəzi qurumların Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasının ciddi müzakirə mövzusuna çevrilməsinə qəzəbini gizlətməyib: “Burada nə problem var ki? Ay nə bilim filan şey ayrıldı, filan qurum çıxarıldı… Bu saat elə müvafiq icra hakimiyyətləri var ki, bütün operatorları qıraqda müəyyənləşdirir, özü mərkəzi müvafiq icra hakimiyyəti olaraq nazir paketini özündə saxlayır. Bu tədbirlər dövlətin, infrastrukturların, idarəetmə sisteminin təkmilləşməsidir”.
Məmmədovların mediada əsas müdafiəçisi və sözçüsü hesab olunan eks-deputatın bu açıqlaması əslində rəqiblərinə təslim olmayacaqları mesajdır. E. Məmmədov  “kim vurulur? ölkə rəhbərinin müstəsna səlahiyyətlərinə kimsə müdaxilə edə bilər?” deməklə rəqiblərinin onları sıradan çıxarmağa güclərinin çatmayacağını, son qərarın prezidentə məxsus olduğuna açıq işarə vurub.
Məlumatlara görə, Məmmədovlar da yaxın çevrələrinə nəqliyyat nazirinin “vurulmadığını”, hətta yaxın vaxtlarda baş nazir təyin ediləcəyi barədə xəbərlər ötürürlər. Nazirin yaxın ətrafı xüsusi olaraq bu cür “xəbərləri” nazir barədə elektron mediadakı  yazıların “şərhlər bölümü”ndə tirajlayırlar. İddia olunur ki, Nəqliyyat Nazirliyindəki struktur dəyişikliklərinin Z.Məmmədova təsiri yoxdur, çünki o, tezliklə baş nazir təyin ediləcək. Qeyd edək ki, yaxın vaxtlaradək Z.Məmmədovun adı həqiqətən də baş nazir postuna iddiaçılar sırasında ilk üçlükdə yer alırdı.
Məmmədovların parlament seçkiləri ərəfəsində tam zərərsizləşdirilməsi iqtidarın marağında deyil və bunun üçün uyğun  zaman lazımdır. Bu səbəbdən də nazirin yaxın çevrəsi itirilmiş mövqeləri bərpa etmək üçün ciddi müqavimət göstərirlər. Belə görünür ki, nazir onun bu qədər sıxışdırılmasını qəbul edə bilmir, inciyir. Avqusta yeni məzuniyyətdən qayıdan nazirin sentyabrda yenidən “məzuniyyət götürməsi” də daha çox bu inciklikdən doğur.
Məmmədovların müqavimət göstərdiyini strateq.az-a daxil olan məlumat da təsdiqləyir.  Sayt yazır ki,  məzuniyyətdə olan  nazir ölkəni tərk etməyib və  Qazıqumlax kəndindəki malikanəsindədir. Xəbərdə iddia olunur ki, Z. Məmmədov kənddəki malikanəsində özünə yaxın iş adamlarının və yaxınlarının iştirakı ilə toplantı keçirib. Toplantının təfərrüatları bəlli olmasa da, nazirin bu görüşü keçirməklə özünə yaxın olan iş adamlarına “heç yerə getmirəm, yerimdəyəm” mesajını verməsi anlamına gəlir.
Uzun illərdir hakimiyyət daxilində ciddi siyasi və iqtisadi mövqe qazanmış Məmmədovların “müqavimət göstərmək” üçün həqiqətən də resursları var. Aydındır ki, “müqavimət” iqtidarın üzərinə “tankla” getmək  deyil.  Amma dirəniş göstərmək, bağ evlərində müəyyən gizli toplantılar keçirmək   Məmmədovlara daha pis gələcək vəd edə bilər. Çünki ölkənin birinci şəxsinin bu cür məsələlərdə necə davrandığını elə Məmmədovlar da yaxşı bilirlər, ortada 2005-ci ildən həbsdə  Əli İnsanov “nümunəsi”  var…

 

musavat.com

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın