Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Cəmiyyət / Zeynəb Xanlarova haralardadır? – AÇIQLAMA

Zeynəb Xanlarova haralardadır? – AÇIQLAMA

Son vaxtlar səsi-sorağı gəlməyən sabiq deputat, Xalq artisti Zeynəb Xanlarova təxminən iki aydan sonra – 28 dekabrda növbəti yubileyini – 85 yaşını qeyd edəcək.

Maraqlıdır ki, Xalq artisti hazırda 1 ilini qeyd etdiyimiz 44 günlük Vətən müharibəsinə və Ordumuzun Qarabağdakı zəfərinə reaksiyasını da mediaya açıqlamayıb.

Bəs Zeynəb xanım haralardadır, sənətkar mətbuatdan niyə uzaq gəzir?

Modern.az sənətkarın özü ilə əlaqə saxlaya bilməyib, amma oğlundan Zeynəb xanım haqqında qısaca bilgi alıb.

Ailəsindən bildirilib ki, Zeynəb Xanlarova Azərbaycanda – Bakıdadır: “Hər kəs kimi o da pandemiya səbəbindən özünü qoruyur”.

Qeyd edək ki, Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayında konsert vermişdi.

Sənətkar 12 illik fasilədən sonra ötən il böyük konsert proqramı ilə çıxış etməyi planlaşdırsa da, koronavirus pandemiyası ona mane oldu.

Belə ki, əvvəlcə 28 marta təyin olunan konsertin vaxtı pandemiya səbəbiylə tamaşaçıların təhlükəsizliyi nəzərə alınaraq 3 may tarixinə dəyişdirilmişdi. Daha sonra tədbirin tarixi yenidən dəyişdirilərək 28 noyabra keçirildi. Amma koronavirusun tüğyan etməsi həmin tarixdə də sənətkarın tamaşaçıları bir yerə toplamasına imkan vermədi və konserti reallaşmadı.

Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, Şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2020-ci ilə kimi deputat mandatı daşıyıb.

1975-ci ildən Azərbaycanın Xalq artisti, 1980-cı ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan Dövlət mükafatı laureatıdır.

1996-cı ildə “Şöhrət” ordeni, 2006-cı ildə “İstiqlal” ordeni, 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Həmçinin oxuyun

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib. Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin …