Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Zakir Qaralov Xaləddin İsgəndərovu istintaqa cəlb edib? – İddia

Zakir Qaralov Xaləddin İsgəndərovu istintaqa cəlb edib? – İddia

İstiqlal.az saytı maraqlı bir yazı ilə çıxış edib. Musavat.com mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq, həmin yazını təqdim edir. Yazıda adları çəkilən hər kəsin mövqelərini də dərc etməyə hazır olduğumuzu bildirirk.
****
“Mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında 16 nəfərin ölümü, 60 sakinin isə ağır yaralanması ilə nəticələn məlum yanğın hadisəsindən sonra köşəsinə çəkilən İcra başçısı Xaləddin İsgəndərov son 4 gündə 2 ayrı-ayrı yerlərdə keçirdiyi iclaslarla yenidən gündəmə gəlib. Həmişəki kimi iclaslara rayonun prokuroru, məhkəmə sədri, polis rəisi və digər icra strukturları rəhbərlərinin müşayiəti ilə qatılan X.İsgəndərov yenə də “unikal” çıxışları ilə yadda qalıb.
İstiqlal.az-ın əldə etdiyi məlumata görə, Binəqədi qəsəbəsində keçirilən iclasda maraqlı anlar yaşanıb. Bildirilir ki, bundan əvvəlki iclaslarda bələdiyyə sədrlərinin şəninə təriflər deyiləndə Xaləddin İsgəndərov kənd sakinlərinin “ağızlarından” vurduğu halda, hazırkı sədr –  öz kadrı Aytac Əliyevanın tərifləyənlərə isə “yaşıl işıq” yandırıb. Hətta kənd camaatına üzünü tutaraq “özünüz seçmisiniz, sizin kəndin sakindir” – deyə A.Əliyevaya açıq dəstək nümayiş etdirib. Baxmayaraq ki, Aytac Əliyeva sədri olduğu Binəqədi qəsəbəsində bir gün də olsun yaşamayıb. Xanım sədr bələdiyyə seçkilərinə 1 ay qalmış X.İsgəndərovun tapşırığı ilə qəsəbəyə qeydiyyata düşüb.
Sentyabrın 12-də rayonun təhsil işçiləri ilə keçirilən görüş isə daha “məhsuldar” olub. İclas boyu ancaq 4-5 xanım kadrını tərifləyən X.İsgəndərovun çıxışına tədbirdə iştirak edən Bilik Fondunun sədri Oqtay Səmədovun reaksiyası gözlənilməz olub. O.Səmədov istehza ilə bildirib ki, “sanki 8 mart Qadınlar bayramı ərəfəsində toplaşmışıq”.
Saat 10.00-da iclasa başlayıb 16.00-da bitirən (6 saat) X.İsgəndərov daha çox təhsilə aidiyyatı olmayan çıxışı ilə yadda qalıb. İcra başçısı məktəblə bağlı uşaqlıq xatirələrini danışarkən gənclərə “örnək” olası şagird olduğu illərdən söz açıb. Bildirib ki, o şagird olanda stullara mıx vururmuş ki, oturanların yumşaq yerinə batsın!!!
X.İsgəndərov “kadr islahatlarından” danışmağı da unutmayıb. Bildirib ki, mən X.İsgəndərov bir gündə əmr verib 4 cavan qızı işə götürə bilərəm, amma Sitarə Cabbarlı (Binəqədi bələdiyyəsinin sədri) 4 cavan oğlanı əmr verib hamısını bir gündə işə götürə bilməz…
“Adam yalan danışmaz, vəzifəli şəxs isə heç yalan danışmaz”  aforizminin “müəllifliyinə” iddia edən X.İsgəndərov rayon ərazisində aparılan tikintilərdən haqq alınması barədə yayılan söz-söhbətlərin isə quru böhtan olduğunu deyib. Qeyd olunur ki, bu sözlərdən sonra təəccüblə bir-birinə baxan iclas iştirakçılarını X.İsgəndərov təəccübləndirməkdə davam edib: “Mənim işçilərimin evin üstünə şifer vuran sakinlərdən pul aldıqları deyilir, bu ağ yalandır, onlar (yəni işçiləri) kömək üçün evlərin damına çıxıb şiferləri özləri vururlar”.
X.İsgəndərovla bağlı maraqlı xəbərlərdən biri də iclaslarda hər zaman yumruğu ilə masanı “sillələməsidir”. X.İsgəndərovun bu hərəkətinə Prezident Administrasiyasından da reaksiya verilib. Bu barədə başçıya ciddi töhmət elan olunsa da X.İsgəndərov köhnə şakərində əl çəkməyəcəyini, əlini masaya çırparaq sevimli vərdişini tərgitməyəcəyini bəyan edib.
İstiqlal.az-da daxil olan digər məlumata görə, X.İsgəndərovun Binəqədidə gördüyü ən “mühim” iki “yeniliyin” hər iksi artıq tarixin oxunmayan arxivinə göndərilir. Onlardan biri İsgəndərovun yaratdığı süni təpələrdir ki, artıq onlar da yerlə-yeksan edilir. Digəri isə 16 nəfərin ölümü, 60 nəfərin yaralanması ilə nəticələnən “ölüm üzlükləri”dir ki, onlar da Prezidentin göstərişi ilə 1 həftəyə sökülərək Balaxanı zibilliyinə atılıb.
Bu arada Binəqədidə yanan bina ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Belə ki, binanın üzlənməsi ilə bağlı İcra Hakimiyyətinin tərəf kimi imzaladığı sənədin itdiyini bəhanə edərək istintaqa verməkdən imtina edən X.İsgəndərova Baş prokuror Zakir Qaralovun peşəkar müstəntiqləri əməlli-başlı sürpriz ediblər. Sənədi üzə çıxaran müstəntiqlər Cənab İsgəndərovu çətin vəziyyətdə qoyublar. İstintaqın uzadılmasının səbəbi də elə X.İsgəndərovdan tələb olunan həmin sənədləri “yoxa çıxartması” ilə bağlı olduğu deyilir.  Elə məhz bu səbəbə görə də həbs edilmiş şəxslərin istintaq müddəti məhkəmənin qərarı ilə daha 4 ay müddətinə artırılıb. Çünki “ölüm üzlükləri” ilə bağlı iş ölkə prezidentinin nəzarətində olduğundan X.İsgəndərov heç bir iş görə bilmir və artıq dalana dirənib. Təcrübə göstərir ki, Prezident heç vaxt belə yarıtmaz iş görən kadrlarını bağışlamır və istintaqın bu qədər yubanması da elə 16 nəfərin ölümü ilə nəticələnən yanğının tüstüsünün artıq X.İsgəndərova tərəf gəlməsinə işarədir.
Qeyd edək ki, bu il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. “

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın