Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Zakir Fərəcov Sumqayıtı dağıdır – müdhiş faktlar

Zakir Fərəcov Sumqayıtı dağıdır – müdhiş faktlar

İcra başçısı məmurları şəhəri yerlə-yeksan etməyə yönəldib; sahibkarlara zülm edilməsinin növbəti raundu başlayıb, Ağamirzə Əhədov və başçının deputat qardaşının əl-ayağı açılıb

Zakir Fərəcov seçki ərəfəsində Sumqayıtı ayağa qaldırır. İcra başçısı gələr-gəlməz şəhərdə gərginliyin böyüməsinə zəmin yaradıb. Onun idarəçiliyinin bir ayı tamam olmamış gənclər şəhərində etirazlar başlanıb.

Eldar Əzizovdan geri qalmayan Abşeronun sabiq şefi əməllərini Sumqayıtda davam etdirir. Beynəlxalq diqqətin Azərbaycanda olduğu bir vaxtda Z.Fərəcov Sumqayıtda təxribat hazırlayır. Bu provokasiyanın səbəbi isə əhalini hökumətə qarşı narazı salmaqdır.

Sumqayıtdan bir qrup seçici “Gündəm-xəbər”ə yazdığı məktubda qeyd edir ki, Heydər Əliyev parkında əvvəlki icra başçısı Eldar Əzizovun zamanında tikilən ikimərtəbəli obyektin sökülməsinə başlanılıb.

Artıq obyektin sökülməsi istiqamətində işlər görülür. Belə ki, obyektin üzlük hissəsi sökülüb və yaxın zamanda söküntü işinin yekunlaşacağı gözlənilir. Bununla yanaşı ərazidə olan bəzi atrakssionların da park ərazisindən yığışdırılmasına start verilib.

Bu obyektin yerində “Aysberq” restoranı faəliyyət göstərib. Keçmiş icra başçısı Eldar Əzizovun Sumqayıta rəhbərliyi dövründə Heydər Əliyev parkında olan obyektlərin sökülməsinə qərar verilmişdi.

O vaxtlar park təmir olundu və bir neçə obyektin faəliyyət göstərməsinə icazə verildi. Məhz onun dövründə bu obyekt tikildi, işlər yekunlaşmadığından fəaliyyətsiz qaldı.

Sumqayıta bir ay bundan öncə təyin olunan yeni icra başçısı Zakir Fərəcov şəhərdə aparılan tikinti işlərini dayandırdı.

Heydər Əliyev parkına baş çəkən Z. Fərəcov Heydər Əliyevin adını daşıyan mərkəzi bəyənmədiyini bildirdi və yeni mərkəzin inşa ediləcəyi mesajını verdi. Əslində, sahibkarları narazı saldı, yeyinti üçün əlverişli imkan qazandı.

Sökülən obyektin yerində Heydər Əliyevin adının daşıyan möhtəşəm mərkəz tikiləcək. Əvvəlki mərkəzin isə profili dəyişdiriləcək və başqa istiqamətdə fəaliyyət göstərəcək.

Buna kimsə etiraz etmir. Şikayət başçının əmlak sahiblərinə qarşı saymazlığıdır.

Görünən odur ki, əvvəlki icra başçısı tikintisinə icazə verdiyi obyektlərin tikinti qaydalarına uyğun tikimədiyini əsas gətirən Zakir Fərəcov bu obyektlərin sökülməsinə qərar verib. Sakinlər şəhərdə yerləşən “Şərq” bazarının arxasındakı yollardan şikayətlənirlər.

Onların sözlərinə görə, yağış yağdığı zaman bu yoldan çuxurlara yığılan sular səbəbindən keçmək olmur. Sumqayıtda əsas problem evlərin zirzəmilərindəki kanalizasiya sularıdır.

Əksər binaların altında bu “mənzərə”yə rast gəlmək olur. Eyni zamanda təhsil də bir zamanlar Sumqayıtın fəxri sayılırdı. Bakı Dövlət Universitetində Sumqayıt uşaqları öz təhsil səviyyələrinə görə hər kəsdən fərqlənirdilər. İndi isə göstərici xeyli aşağı düşüb.

Şəhərdə marşrutlar isə bir ayrı problemdir. Burada demək olar ki, bütün avtobuslar dayanacaqdan kənarda, hətta beş metrdən bir saxlayaraq sərnişin götürürlər. Bununla yanaşı, Sumqayıt Xəzər dənizinin sahilində yerləşdiyi halda, bu üstünlükdən yararlanılmır.

Hətta dəniz sahili çox bərbad vəziyyətdədir. Sumqayıtın Sülh küçəsində yerləşən mağaza sahiblərinə də obyektlərinin yaxın vaxtlarda söküləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Obyekt sahiblərinin sözlərinə görə, icra hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirərək mağazaların yaxın günlərdə söküləcəyini bildiriblər.

Zakir Fərəcov Sumqayıtı dağıdır – müdhiş faktlar

Söküntünün yeni icra başçısı Zakir Fərəcovun tapşırığı ilə həyata keçirildiyi qeyd edilib. Obyektləri sökülən sahibkarlara kompensasiyanın verilib-verilməyəcəyi barədə heç bir məlumat verilməyib.

Ümumiyyətlə, Zakir Fərəcov bütün “cəbhə” boyu əməliyyatlar keçirir. Fərəcovun ilk hədəflərindən biri də 8-ci mikrorayonda fəaliyyət göstərən və camaat arasında “ucuz bazar” kimi tanınan kənd təsərrüfatı məhsulları yarmarkasıdır.

İcra başçısı yarmarkanın mövcud durumundan, təmizlik və təmir səviyyəsindən narazı qaldığını əsas gətirərək bu məkanın fəaliyyətinə xitam verdi.

Yarmarka ərazisində təmir prosesi başa çatana qədər sözügedən yarmarkanın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərməsi qərara alınıb. Lakin yarmarkanın müvəqqəti olaraq Hacı Zeynalabdin Tağıyev qəsəbəsində fəaliyyət göstərəcəyi ilə bağlı qərar əksər şəhər sakininin ürəyincə olmayıb.

Belə ki, şəhərin mərkəzində fəaliyyət göstərən yarmarkanın şəhər kənarına köçürülməsi praktiki olaraq əksər vətəndaşları bu yarmarkadan faydalanmaq imkanından məhrum edib. Onu da bildirək ki, yarmarkanın bağlandığı gün burda çalışan onlarla vətəndaş etiraza qalxmış və polislə qarşıdurma yaşanmışdı.

Gerçək səbəb tamam başqadır. Yarmarkanın ləğvində ən çox maraqlı olan şəxs Mərkəzi Bazarın rəhbəri, qalmaqallı “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhmədov idi.

Əgər bu məqama A.Əhmədovla Z.Fərəcovun qohumluğunu (Ağamirzə Əhədov Zakir Fərəcovun qardaşı Nazim Fərəcovun qudasıdır) da əlavə etsək tam mənzərə gözümüz önündə canlanar.

Bütün baş verənlərə bir faktı da əlavə edək ki, Sumqayıtdakı kənd təsərrüfatı yarmarkasının qeyri-rəsmi sahibi Sumqayıt Şəhəri İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev idi. Bu yarmarkadan başqa həm də Sumqayıtdakı “ət bazarı”nı əldə saxlayan A.Quliyev Eldar Əzizovun dönəmində məğlubedilməzlik imici qazanmışdı.

Bu baxımdan Z.Fərəcov “yarmarka əməliyyatı”nda bir güllə ilə iki dovşan vurmuş oldu: həm şəxsi maraqlarını təmin etdi, həm də A.Quliyevin timsalında Sumqayıtın digər oliqarxlarına əzələ nümayiş etdirmiş oldu.

Sumqayıt şəhər 17-ci mikrorayonda yerləşən Texniki və Təbiət Elmlər Liseyindəki özbaşınalıqlar da davam edir. Birinci sinifə qəbul şərtlərinə görə, məktəbə tələbat çox olduğu üçün yer məhdudiyyəti var və buna görə də qəbul üçün valideyn 500-800 manat arası xərc çəkməlidir ki, onun övladını məktəbə yerləşdirmək mümkün olsun. Sözügedən liseyin direktoru Rüxsarə Məmmədova başda olmaqla ibtidai sinif müəlliməsi Gülnarə Əliyeva və həyat bilgisi müəlliməsi Ətrabə xanım direktorun pul yığmaq üzrə əsas köməkçiləridirlər.

İbtidai təhsildə bir sinifdə 32-35 uşağın bir yerdə təhsil alması mümkündürmü və əgər qanunvericilikdə buna məhdudiyyət yoxdursa, hansı keyfiyyətli təhsildən danışmaq olar?!

Bu məktəbdə rüşvətin qəbulu o qədər peşakar hal alıb ki, tədris ilinin əvvəlində zavallı valıdeynlərə – “övladım aşağı qiymət aldığı halda məktəbdən çıxarılmasına və

məktəbin rifahı naminə yığılan maddi vəsaitlərə heç bir narazılığım yoxdur” – devizi altında “müqavilə” imzaladılır. Oxuyun və imzalayın ki, səhər ağzınızı açan kimi imzaladığınız müqaviləni yadınıza salaq.

İbtidai sinifdə çəkilən zillət bitdikdən sonra yuxarı sinifdə tufanlı-boranlı günlər başlayır. Monitorinq zamanı əgər 3 qiymət almısansa, indiyə qədər çəkdiyin əziyyətlərə baxmayaraq 200 manatından keçməlisən ki, təhsilini bu liseydə davam etdirə biləsən. Əks halda sənədlərinizi götürün və özünüzə məktəb axtarın.

Məktəbdə müəllimlər pul yığmaqda o qədər peşəkardırlar ki, bayramlarda siyahı tutulmamasını tələb edirlər.

Problemlər isə aşıb-daşır. Məsələn, Sumqayıtda 9-cu mikrorayonda yerləşən poliknikada şəkər xəstələrinə öz dərmanlarını alması üçün reseptlər verilməyib.

Bu barədə informasiya facebook sosial şəbəkəsində yayılıb. Məlumatı paylaşan şəxs həmçinin həkimlərlə xəstələr arasında olan biabırçı mübahisənin də videosunu yayımlayıb.

O, baş həkimin dərmanların adı çəkilən poliknikada reseptlər təsdiqləndikdən sonra Dəri-Zöhrəvi Xəstəxanasından alına biləcəyini söylədiyini qeyd edib.

Əslində, onun Abşeronda qazandığı reputasiyası Sumqayıt sakinləri üçün bir dərs hesab edilə bilər. Çünki Abşeronun rəhbəri olduğu dövrdə intriqa, konfliktləri öz episentrinə daşımış Z.Fərəcov həm də büdcə vəsaitlərinin təyinatı üzrə xərcləməməklə ad çıxarmışdı. Ancaq buna görə ona “gözün üstə qaşın var” deyən olmamışdı.

Mənbənin sözlərinə görə, Z.Fərəcovun müşavirədə səsləndirdiyi tənqidlər yeni komandasını toplamağa hesablanıb.

İcra başçısı sələfi Eldar Əzizovun kadrlarını kənarlaşdırmaq üçün dərhal toplantı keçirib. İndi Sumqayıt rəhbərliyində yeni komanda təşkil olunacaq.

Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə sərt tənqid atəşinə tutulan qurumlardan biri də Memarlıq və Şəhərsalma İdarəsi olub. Müşavirədə bildirilib ki, ən çox nöqsanların olduğu qurumlardan biri də Memarlıq və Şəhərsalma İdarəsidir.

İdarənin müdir müavini Kamil Məmmədovun məruzəsi dinlənildikdən sonra icra başçısı Zakir Fərəcov şəhərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü bəyan edib. O, tikinti qaydalarının kobud şəkildə pozulduğunu söyləyib. Qəribədir ki, 2005-ci ildə

Zakir Fərəcov Abşerona başçı təyin edildikdən sonra 119 nömrəli marşruta İcra Hakimiyyətinin binasının önündən keçməyə qadağa qoyub. Buna görə də avtobus sürücüləri əziyyət çəkərək bir neçə istiqamətdə yollarını dəyişiblər.

Maraqlıdır ki, Zakir Fərəcov Abşerondakı postunu təhvil verən kimi həmin qadağa da aradan qaldırılıb. Xırdalan sakinlərinin sözlərinə görə, 119 nömrəli avtobusun sürücüləri yenidən əvvəlki istiqamətdə Rəsulzadə küçəsində hərəkəti bərpa olunub.

Zakir Fərəcov isə işə başlar-başlamaz Abşeron rayonunun balansında olan bütün torpaqlar şatışa çıxarıldı. Hətta əvvəllər satılanları belə.

Qeyd edək ki, əslən Laçın rayonundan olan Zakir Fərəcov icra başçısı təyin olunana qədər 5 il Sumqayıt şəhər bələdiyyəsinin sədri işləyib. Bəziləri onun torpaqları, yaşıllıqları, bağları hansı yollarla, necə satmaq təcrübəsini də burda qazandığını iddia edir.

Bundan sonra da Sumqayıta rəhbər gələn Fərəcov həm biznesini böyüdəcək, həm yaşıllıqlara daha da divan tutacaq, həm də sahibkarlardan, məmurlardan yeni pul yığımına başayacaq.

Onu da bildirək ki, Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Əbilhəsənovanın və onun həyat yoldaşının qətlindən sonra olayda Abşeron İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı hallanmağa başlamışdı. Bu da təsadüfi deyil.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın