Cümə , Fevral 23 2024
Ana səhifə / Cəmiyyət / Zəlzələdə deputatlar: “Mətbəxdə yemək yeyirdim, listur əməlli-başlı silkələndi”, “Heç nə hiss etmədim…”

Zəlzələdə deputatlar: “Mətbəxdə yemək yeyirdim, listur əməlli-başlı silkələndi”, “Heç nə hiss etmədim…”

Bu gün respublika ərazisində baş verən təkan vətəndaşlar arasında ciddi təşvişə səbəb olub. Bəziləri zəlzələni hiss etmədiklərini, lakin başağrısı, başgicəllənmə, halsızlıqla üzləşdiklərini bildirirlər.

Pravda.az bununla bağlı Milli Məclisin deputatlarının da fikrini öyrənmək üçün sorğu keçirib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli də zəlzələni hiss edib:

“Bəli, bizim binada da hiss olundu. Saat 08:16-da zəlzələ baş verdi. Ən çox buna görə narahat oldum ki, nəvələrimin hamısını məktəbdən evə göndəriblər. Doğru addımdır, çünki məktəblərdə təkan daha çox hiss olunub. Qaz borusu təhlükə yarada bilər, bəzi yerlərdə qaz qoxusu yayılıb. Şükür Allaha, güclü dağıntlar yoxdur. Zəlzələni öncədən bilmək mümkün deyil. Azərbaycan zəlzələ platformalarının üzərində yerləşir, ölkəmizdə zəlzələ olma ehtimalı həmişə var. Məxsusi hansısa qabaqlayıcı tədbirimiz yoxdur, bu dəfə evdə qaldım. Amma 2000-ci ildə zəlzələ olanda hamımız həyətə tökülüşmüşdük. Çünki təkanlar davam edirdi. Ailədə tövsiyə edirik, maarifləndiririk ki, zəlzələ zamanı uşaqlar qapının arasında dayansınlar, çünki daha möhkəm yerdir. Əsas məsuliyyət böyüklərin üzərinə düşür. Ən vacibi uşaqları qorumaqdır. Allah Vətənimizi qorusun!”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov da zəlzələ baş verərkən evdə olub:

“Mətbəxdə səhər yeməyi yeyirdim. Çox güclü təkan oldu, listur əməlli-başlı silkələnməyə başladı. Ancaq həmin an başqa çarəm yox idi, bir neçə saniyə yerimdə donmuş vəziyyətdə zəlzələni seyr etməli oldum. Ailə üzvlərimlə bərabər idim. Harasa qaçmaq niyyətimiz də olmadı. Gözlədik ki, yəqin, bir neçə saniyə sonra dayanar. Allaha şükür, belə də oldu. Zəlzələ elə bir şeydir ki, bu barədə əvvəlcədən proqnoz verə bilən yoxdur. Öncədən biləndə qabaqlayıcı, profilaktik tədbirlər görməli olursan. Bu, saniyə məsələsidir deyə, sadəcə, həmin an təlaş içində prosesi izləməklə kifayətləndik. Şükürlər olsun, sonu yaxşı nəticələndi”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov isə həmkarlarından fərqli olaraq zəlzələni hiss etməyib:

“Xeyr. Zəlzələnin təkanlarını hiss etmədim. Həm də hesab edirəm  ki, insanların təşvişə düşməsinə də ehtiyac yoxdur.  Çünki əlaqədar qurumlar zəlzələ ilə bağlı gözləntilərini açıq şəkildə bildiriblər.  Bu baxımdan Azərbaycanda güclü zəlzələ baş verəcəyini düşünmürəm. İnsanlara da boşu-boşuna təşviş yaratmağa çalışanlara inanmamağı tövsiyə edirəm”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də təkanı hiss etməyib:

“Tanışlara, qohum-əqrəbaya da zəng etdik, onlar da hiss etmədiklərini dedilər. Bakıda dəniz kənarında yaşayanlar təkanı daha çox hiss ediblər. Şükür Allaha pis hadisə ilə nəticələnməyib. Qabaqlayıcı nə tədbir ola bilər? Bizdə son 20 ildə tikilən binalar onsuz da hamısı çox güclü, dayanıqlıdır. Aldığım məlumata görə, hətta 8-8,5 bal gücündə zəlzələyə dözümlü binalardır”.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov 12-ci mərtəbədə yaşadığı üçün zəlzələni daha çox hiss etdiyini deyib:

“İnsanlara mətbuat, sosial şəbəkələr vasitəsilə maarifləndirici məlumat verilsə, zəlzələ zamanı ilkin davranış qaydaları, tibbi yardım barədə yaşayış binalarının girişinə, liftlərə məlumat lövhələri vurulsa, çox yaxşı olar. Düşünürəm, Fövqəladə Hallar Nazirliyi bunu edə bilər. Ən azından insanlar təşvişə düşməzlər, ilkin təkanda nə etmək lazım olduğunu bilərlər. Təki, xaotik hallar təkrarlanmasın. Türkiyədə baş verən zəlzələdə bunu gördük. Nə qədər insan binanın altında qaldı. Allah bir daha belə fəlakət qismət etməsin. Həyatdır, biz qabaqlayıcı tədbirlərimizi, bilgilərimizi artırmalıyıq”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də zəlzələni hiss etməyib:

“Çünki yaşadığım bina beşmərtəbəli binadır. Ətrafdakı insanların dediyinə görə, zəlzələ beşmərətəbəli binalarda o qədər də hiss olunmayıb. Çoxmərtəbəli binalarda isə əksinə, əsaslı hiss olunub. Yaxınlarımızdan da soruşduq, dedilər ki, listurlar tərpənib, gərgin vəziyyətə düşüblər. Allah göstərməsin, budəfəki zəlzələ 5,6 bal gücündə oldu, vətəndaşlarda həyəcan yaradıb. Belə təkanlar zamanı müəyyən təhlükəsizlik qaydalarına əməl olunmalıdır. İnsanlar bununla bağlı dəfələrlə maarifləndiriliblər. Hər kəs təbii fəlakət baş verəndə özünü qorumalı, yaşadığı binadan tez çölə çıxmalıdır. Hündür binaların ətrafında durmamalı, zəlzələdən zərərçəkənlərə yardım qaydalarını bilməlidir. Bu, təhlükəsizliyimiz və sağlamlığımız üçün vacibdir. Çünki heç kim təbii fəlakətdən sığortalanmayıb”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev də təkanları hiss edib:

“Əvvəllər daha güclü zəlzələlərin şahidi olmuşam deyə bu dəfə daha təmkinli idim. O qədər də çox həyəcanlanmadıq, amma istənilən halda zəlzələ zamanı daha təhlükəsiz yerə keçməyə cəhd etdik. Bu, ilkin təhlükənin qarşısını almaq üçündür. Gəlin etiraf edək ki, hündürmərtəbəli binalarda yaşayan insanların həmin an xilas olmaları, qısa müddətdə daha təhlükəsiz yerə keçmələri o qədər də asan deyil. Təmkinli olmaq və evin içində də olsa, ən təhlükəsiz yerdə dayanmaq çox vacibdir. Məni ən çox narahat edən orta məktəblərdəki vəziyyət idi. Sonradan öyrəndim ki, xüsusilə övladlarımın təhsil aldıqları məktəbdə təhlükəsizlik qaydalarına tam əməl olunub. Şagirdlər təşviş olmadan normal qaydada təhlükəsiz əraziyə çıxarılıblar. Valideynlərə övladlarını evlərinə aparmaları barədə göstəriş verildi. Polis tərəfindən gücləndirilmiş iş rejiminə keçilməsi, media vasitəsilə vətəndaşların doğru-düzgün təlimatlandırılması bizi sevindirdi. Xüsusilə son dövrdə tikilən binalarda təhlükəsizlik qaydalarına riayət edilməsi, dözümlü binaların tikilməsi də bizi sevindirir. Ümid edirik, bu gündən sonra da məhz yeni tikililərdə nəzarət mexanizmi daha da gücləndiriləcək, 9-10 ballıq zəlzələyə davamlı binaların tikilməsi davam etdiriləcək, şəhərin sıx ərazilərində parkların salınmasına, insanların təhlükəsiz əraziyəgedib çata bilmələri üçün lazımi şəraitin yaradılmasına diqqət yetiriləcək”.

Həmçinin oxuyun

“Xocalıya qayıdış” adlı sərgi təşkil edilib – İSBAM təşkilatçılığı ilə. (FOTOLAR)

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin İSBAM təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar …