Şənbə , Dekabr 4 2021
Ana səhifə / Cəmiyyət / Zəfər tarixi – gənclər siyasətinin real nəticəsi və vətənpərvərlik tərbiyə mənbəyi…

Zəfər tarixi – gənclər siyasətinin real nəticəsi və vətənpərvərlik tərbiyə mənbəyi…

Azərbaycan tarixinin ən parlaq səhifəsinin birinci ildönümünü qeyd etmək ərəfəsindədir. Məlum olduğu kimi, ölkəmiz ötən ilin bu günlərində tarixi missiyanı yerinə yetirərək öz torpaqlarını yağı düşməndən azad etdi. 

Vətən müharibəsi dövründə Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyinin şahidi olduq.  İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında gənclərin vətənpərvərlik hissinin yüksək olması da böyük rol oynayıb. Gənclərin dövlət və milli maraqlar ətrafında daha sıx birliyinin təmin olunmasında milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvər ruhda yetişməsi istiqamətində dövlətin həyata keçirdiyi layihələrin böyük rolu olub.

  • Bir gənc olaraq, mən bundan böyük qürur və fəxarət hissi keçirirəm

Bu tarixi qələbənin qazanılmasında gənclərin rolu, göstərdikləri şücaət və buna səbəb olan amillərlə bağlı Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva ilə söhbətləşdik.  O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir xalq olaraq olduqca qürurlu günlərimizi yaşayırıq: “Gənclər sektorunda etimad göstərilən bir gənc olaraq  mən bundan böyük qürur və fəxarət hissi keçirirəm. Mən bütün xalqımızı müzəffər Ali Baş Komandanımızın, möhtərəm cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu tərəfindən qazanılan zəfər münasibətilə təbrik edirəm. Var olsun Ali Baş Komandanımız, var olsun bizim əsgərimiz, var olsun xalqımız – 30 illik məcburi köçkün soydaşlarımızın həsrətinə son qoydu. Və bu zəfərin əsas məqsədlərindən biri uzun müddət işğal altında olan torpaqlarımızı azad etmək, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək, həmçinin məcburi köçkün soydaşlarımızın beynəlxalq qanunvericilikdə təsbit olunmuş əsas insan hüquqlarından biri olan öz doğma torpaqlarına qayıdışını reallaşdırmaqdan  ibarətdir. Ali Baş Komandanımız 30 ilə yaxın Qarabağımıza vurulan “qara bağı”, “Qordi düyünü”nü xəncərlə dağıtdı və “status-kvo”, “təmas xətti”, “məcburi köçkün”, “qaçqın” məfhumlarını ləğv etdi. Bu da bizim əldə etdiyimiz əsas nailiyyətlərdən biridir”.

  • 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi

Nərgiz Babayeva gənclərin 44 günlük müharibədə göstərdiyi şücaət barədə bunları dedi: “Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Məlum olduğu kimi, hələ Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatı zamanı minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində qeydiyyatdan keçmişdi. Vətən müharibəsinin ilk günlərindən isə on minlərlə gənc qeydiyyata düşmüş və onların bir qismi döyüşlərə yollanmışdı. Ermənistanda fərarilik baş alıb getdiyi, gənclərin ordudan yayındığı halda Azərbaycan gəncləri döyüşə can atırdılar. Bununla da Azərbaycan xalqı işğalçı Ermənistan cəmiyyətində baş verənlərdən fərqli olaraq yüksək vətənpərvərlik hisslərinə malik olduğunu, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Döyüşə gedən gənclər alqış sədaları ilə yola salınırdılar. Prezident İlham Əliyevin xalqa müraciətlərinin birində Azərbaycan gəncinin düşmənə dərs verdiyini bəyan etmişdi: “Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir”. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik mərtəbəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi”.

Mərkəz direktorunun sözlərinə görə, Azərbaycan gəncliyi öz şücaətini müharibə ilə yanaşı, arxa cəbhədə də göstərib: “Mən müharibə döründə şahid olduqlarımdan gəldiyim nəticəyə görə  deyə bilərəm ki, bu qələbə yalnız ön cəbhədə döyüşən ordunun yox, bütün azərbaycanlıların, hər bir fərdimizin, birliyimizin qələbəsidir.  Ordu, vətən, millət üçün həm maddi, həm də mənəvi cəhətdən heç nəyini əsirgəməyən arxa cəbhədəki qəhrəmanlarımızın da bu tarixi Zəfərdə böyük rolları var. Könüllü gənclərdən ibarət təbliğat-təşviqat qrupları cəbhədəki əsgərləri ziyarət edir, xalqın, millətin ümidlə onlardan gələcək sevindirici xəbərləri gözlədiklərini xatırladır və bu da biz əsgərləri daima irəliyə, torpaqlarımızı son qarışınadək geri almağa həvəsləndirirdi. Döyüşlər tək işğal altındakı torpaqlarımızda yox, həm də  informasiya məkanında gedirdi. Ordumuzun qələbələrini gözləri götürməyən, qurduqları planların bir-bir alt-üst olduğunu görən düşmənin havadarları ölkəmizə qarşı nə qədər qarayaxma kampaniyasi aparsa da, təzyiqlər göstərsə də,  istəklərinə nail ola bilmədilər.  Sevindirici haldır ki, Azərbaycan gəncliyi öz gücünü tək Qarabağdakı döyüş meydanında  deyil , həm də informasiya məkanında göstərdi. Bütün dünya bizim bu haqlı mübarizəmizə yaxşı mənada reaksiya verməyə məcbur oldu. Bu müharibədən çıxardığımız dərsləri heç zaman unutmamalıyıq. Gənclərimizə daima bunları aşılamalıyıq. Biz də bir Mərkəz olaraq 44 günlük müharibənin gedişində sadalanan  bütün fəaliyyətlərlərlə Ordumuza, Dövlətimizə dəstəyimizi ifadə etmişik. Əslində gənclərimiz bütün dövrlərdə dövlətə və millətə sahib çıxmış, torpaqlarımız və istiqlalımız uğrunda şəhid olaraq ölkəmizin inkişafına önəmli töhfələr vermişlər. 2020-ci ildə isə bu vətənpərvərlik, qəhrəmanlıq nümunələri özünün pik həddinə çatdı”.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı!

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur

Həmçinin oxuyun

Azərbaycan gəncliyinin sabahı xanım siyasətçinin baxış rakursundan

Prezident İlham Əliyev Şuşada hərbçilərlə görüşəndə bu qələbənin tarixi əhəmiyyətini də vurğuladı, qələbəni qazananlara Vətən …