Şənbə , Sentyabr 18 2021
Ana səhifə / Cəmiyyət / “Yoluxma faizinin belə kəskin artması arzu etmədiyimiz ssenarilərin işə düşməsini labüd edə bilər”

“Yoluxma faizinin belə kəskin artması arzu etmədiyimiz ssenarilərin işə düşməsini labüd edə bilər”

“Təəssüf hissi ilə qeyd etmək istərdik ki, ölkəmizdə koronavirusa yoluxma səviyyəsində artım dinamikası müşahidə olunmaqdadır. Bu çox arzuolunmaz bir tendensiyadır. Karantin rejimində yaşadığımızı unutmamalıyıq. Bilirsiniz ki, yoluxma sağalma səviyyəsini kəskin şəkildə üstələdikdə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı addımlar atılır. Sağalma yoluxmanı üstələdikdə isə yumşalmalar həyata keçirilir”.

Azərbaycanda COVİD-19 yoluxmalarının artması ilə bağlı Azinforum.az-a özəl açıqlamasında bunları deyən millət vəkili Elman Nəsirov nümunə kimi toylara icazə verilməsi, qapanmış müəssisələrin yenidən açılmasını göstərdi.

Ancaq bunlar yoluxma səviyyəsinin kəskin aşağı düşüdüyü bir reallıqda baş verdi:

“İndi isə yenidən əks proses getməkdədir. Çox istərdik ki, yenidən sərt karantin rejminə qayıtmayaq. Bunu hər birimiz arzulayırıq, amma nə edək ki, bu gün yoluxma faizinin belə kəskin artması arzu etmədiyimiz ssenarilərin işə düşməsini labüd edə bilər. Ona görə də vaksinləşmə məsələsinə çox böyük diqqətlə yanaşmaq lazımdır”.

Deputatın sözlərinə görə, varlı ölkələr vaksinləri alıb və kasıb dövlətlərin peyvənd əldə etmək imkanları məhdudlaşıb. Lakin Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Bu da hökumətin vaxtında atdığı addımlarla bağlıdır.

Amma müəyyən insanlar bu prosesdən yayınmaq istəyir:

“Dezinformasiyalar yayılır. Amma inanın ki, bunların hamısı yalandır. Hər birinizin bildiyi kimi yəhudilər çox ağıllı xalqdır. İsrail əhalisinin peyvəndlənmə səviyyəsi dünyada birinci yerdədir. Belə olan halda, biz niyə prosesdən kənarda qalmaq istəyək? Sevinməliyik ki, kifayət qədər vaksinimiz var. Peyvənddən məhrum olan ölkələr var. Prezident İlham Əliyev də bu məsələni ən yüksək beynəlxalq kürsülərdə qaldırır ki, vaksin bölgüsündə ədalət prinsipi təmin olunmalıdır”.

Millət vəkili cəmiyyətdə yayılan bəzi dezinformasyalara inanmamağı da tövsiyə etdi. Belə xəbərlər arasında valideyni vaksin olunmayan şagirdlərin məktəblərə buraxılmaması da var.

Amma övladlarının sağlamlığı naminə valideynlər də könüllü şəkildə peyvənd olunmalıdırlar:

“Mən şəxsən, Milli Məclisin deputatı Elman Nəsirov fevralın 26-da vaksinasiyanın birinci mərhələsində iştirak etmişəm. Martın 26-da ikinci doza peyvəndlənmişəm. Mən bunu etmişəmsə, siz niyə etməyəsiniz? Nədən çəkinirsiniz? Qorxulu bir şey olsaydı, məgər mən buna gedərdimmi? Ona görə də, sizin saytınız vasitəsilə üzümü tuturam bütün soydaşlarımıza, vətəndaşlarımıza; peyvəndlənmə prosesində fəal olun. Özünüzün və bütövlükdə cəmiyyətimizin sağlamlığının qorunmasına töhfə verin”.

Həmçinin oxuyun

Bakı Gənclər Mərkəzinin əməkdaşları və könüllüləri şəhid Cəbrayıl Dövlətzadənin məzarını ziyarət ediblər

Bakı Gənclər Mərkəzinin əməkdaşları və könüllüləri Vətənimiz uğrunda canından keçən şəhidimiz Cəbrayıl Dövlətzadənin məzarını ziyarət …