Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Cəmiyyət / YOLUN BİR ADDIMI – Sabir Rüstəmxanlı xəstəliyindən yazdı

YOLUN BİR ADDIMI – Sabir Rüstəmxanlı xəstəliyindən yazdı

Azərbaycanın böyük şairi, millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı özünün Facebookdakı səhifəsində təəssürat yazısı paylaşıb.

Həmin yazını təqdim edirik:

“Bu, bir tale işidir… Uşaqlıqdan bəri, ömrümün ən çətin anlarında, yolun bitdiyini, ipin qırıldığını düşündüyüm, ümidimi itirdiyim vaxtda gözlənilmədən önümdə bir yol açılıb, bir güclü əl qoluma girib… Bir dost məsləhəti, ağsaqqal öyüdü, tanımadığım bir adamın təmənnasız köməyi, qəfil bir sevgi dalğası xilaskarıma çerilib, məni vurub burulğandan çıxarıb. Görünür, həyatımızın və insan münasibətlərinin ən dəyərli süjetləri bunlardır; lakin biz bunlara xırda məsələlər kimi baxır və başqa mövzular axtarırıq.

Bu dəfə də həmin “ənənə” pozulmadı; xəstəlik məni İstanbulda tanınmış cərrah, Prof.Dr Vafi Atalayla tanışdırdı. Türkiyədə həkim dostlarımız çoxdur; bu yeni ünvanı köhnə dostum, görkəmli alimimiz Firudin Agasıoğlunun hörmətli həyat yoldaşı Fəridə xanım və oğlu Tenğiz həkim seçmişdilər və buna görə onlara ürəkdən minnətdaram..

Evdə həkimə ehtiyacımız olanda, adətən qızım Nərgiz, qardaşım qızı Aygün və Tengiz yada düşür. Lakin bu dəfə məsələ ciddiləşmişdi və ayağımda başlanan “xırda ağrı” məni İstanbulun Con Hopkins xəstəxanasına gətirmişdi. Prof. Dr. Vafi Atalayla ilk söhbət zamanı bu seçimin də bir tale işi olduğunu anladım. Onun təhlili və apardığı yoxlamaların nəticələri dərin bir uçurumun kənarına gəldiyimi göstərir, eyni zamanda ümid verirdi ki, hər şey yaxşı olacaq.

Lakin Vafi bəyin sakit, özünəgüvənlə danışığı işin texniki və icra tərəfinə bağlı idi.

Bir də məsələnin xəstənin gücü və psixologiyası ilə bağlı tərəfi vardı ki, onu insanın özündən başqa heç kim hesablaya bilməz. Bu duyğunu ilk dəfə yaşayırdım. Fikrimdən tez-tez belə bir sual keçirdi: “Həkim üçün bu, birinci iş deyil, peşəkardır, əməliyyatı uğurla başa vuracağını bilir, ancaq mənim ürəyim necə, bu mürəkkəb və uzun prosesə dözəcəkmi?” Gecə boyu baş verə biləcək variantları, o cümlədən ürəyimin qəfildən dayana biləcəyini və mənimlə gəlmiş ailə üzvlərimin vəziyyətini düşünürdüm. Boşuna itirdiyim vaxtlar və görməli oldiğum işlər haqqında fikirlər beynimdə burulğana dönmüşdü. Səhərə yaxın üzümə su vuranda, zəif işıqlanmış güzgüdə özümü görəndə birdən- birə bu sıxıntıya son qoyuldu. Gün ərzində neçə güzgünün önündən keçsək də orda özümüzlə göz-gözə dayandığımız anlar az olur. Amma bu səhər güzgüdəki arıqlamış, yorğun adamla göz-gözə dayanmışdıq və agrıdan böyüyüb parlaqlığı artmış gözlərdə qəribə bir arxayınçılıq görürdüm. Onlar mənə deyirdi, “qorxma, dözəcəksən, Tənzilə xanım düz deyir, sən köhnə torpaqsan, bundan qat-qat ağır yüklər daşımış ürəyin bu sınaqdan da keçəcək…”

Birdən-birə ovqatım yaxşılaşdı. Məni təkərli çarpayıda əməliyyata yola salan ailə üzvlərimin, İstanbulda yaşayan dostlarımızın kefini açmaq üçün Əziz Nesinin bir gülməli hekayəsini danışırdım. Qapılar açılıb-örtüldü, hekayə yarımçıq qaldı, bir də 7 saat sonra onlar narkozdan ayılmağıma yardım üçün, zarafatla əhvalatın nə ilə bitdiyini soruşanda mən heç nə olmayıbmış kimi hekayəni davam etdirmişdim…
Sonra Vafi bəy gəldi. İstirahətdən qayıdan adam kimi, dinc və sakit… “Durum gözlədiyimizdən mürəkkəbdi, lakin rahatsız olma, təklükə sovuşdu, vaxtında gəlmisiz… Sonra əlavə etdi ki, belə xəstələri reanımasiyada bir neçə gün saxlayırıq, lakin səni bir neçə saat sonra öz odana aparacaqlar!”..

Prof. Dr. Atalayın işi başından aşır. Görürəm. Həkimlərin məsləhət saatları, yeni xəstələr, əməliyyatlar, Universitetdə oxuduğu mühazirələr… Buna baxmayaraq, gündə bir neçə dəfə, imkan tapıb mənə də baş çəkir. Və onun müalicəmlə bağlı hər dəfə verdiyi məsləhətlər, gündəlik təhlillər əsasında gəldiyi nəticələr, pozitivliyi və nəhayət, mənim gücümə inamı halımı gündən-günə yaxşılaşdırır. Sonradan bəlli oldu ki, xəstəxanada çalışan azərbaycanlı həkim və texniki işçilər bizdən xəbərsiz məni Vafi bəyə tanıtdırıblar. Özü də sosial mediada fəaldır, maraqlanıb. Mən bu yazını yazıb xəstəliyimi bildirmək istəməzdim. Lakin o, artıq bu xəbəri və şəklimizi paylaşıb.

Aramızda səmimi bir münasibət yaranıb. Vafi bəy Fələstin kökənlidir. Lakin 43 illik ömrünün 25 ilini Türkiyədə keçirib. Arada Azərbaycana da gəlib. İmkan düşəndə öz doğulduğu yerlər, Fələstin xalqının yaşadığı faciələr barədə düşüncələrini bölüşür. Böyük Fələstin şairi Mahmud Dərvişlə qiyabi tanışlığım, onun “Beyrut” poemasını Azərbaycan türkcəsinə çevirməyim, ona “Didərginlər” adlı ayrıca bir poema həsr etməyim söhbətlərimizə yeni bir rəng qatır.

“O, bizim Milli himnimizin müəllifidir”- deyir.

“Con Hopkins” xəstəxanası Türkiyənin ən yaxşı sağlıq mərkəzlərindən biridir. Həkimlərindən başlamış həmşirələrə qədər bütün heyət diqqətlə seçilmiş peşəkarlardır. Başda Prof.Dr Vafi Atalay olmaqla onların hamısına, biri-birindən mehriban həmşirələrə və nəhayət, on gün başımım üstündən çəkilməyən fədakar ailə üzvlərimə, İstanbullu yaxınlarımıza təşəkkür və minnətdarlığımı bildirirəm…
22.10.2022″

Həmçinin oxuyun

Zakir Qaralovun əmisi qızı özü haqqında yayılan xəbəri TƏSDİQLƏDİ

Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib. Xəstəxananın direktoru Mehriban Qaralova öz ərizəsi ilə …