Cümə , Yanvar 21 2022
Ana səhifə / Cəmiyyət / “Yerindən duran hər “manıs” Qarabağdan oxuyur“

“Yerindən duran hər “manıs” Qarabağdan oxuyur“

“Həmkarım Novruz Qartalın səhhətindən xəbərim var, hazırda çox ağır vəziyyətdədir. Sənətçilərə diqqət, qayğı artırılmalıdır”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ağır vəziyyətdə olan həmkarı Novruz Qartal haqqında danışarkən deyib:

“Novruz Qartal çox hörmət etdiyim, şəxsiyyətli, ağır taxtalı sənət adamıdır. Hara getsək, teatr və kino xalqın güzgüsüdür. Mən birbaşa Prezidentə müraciət etmək istəyirəm. Bütün incəsənət sahəsində olan adamların, musiqiçilərin, müğənnilərin az da olsa haradansa dolanacaq yerləri var. Toylara gedirlər, tamadalıq edirlər. Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Leyla Bədirbəyli tamadalıq edərdimi?!

Bilirsiniz, sənəti də, mədəniyyəti də döndəriblər alverxanaya. O insanları da haradasa başa düşürəm, necəsə dolanmalıdırlar axı.

Bu gün yerindən duran hər “manıs” Qarabağdan oxuyur. Mən burada əttökən yaltaqlıq, məddahlıq sezirəm. Ucuz müğənniləri bildik, onlar cəhənnəmə, hətta beş-üç nəfər əlimizdə olan xanəndələr də buna başlayıblar. Bunlar başa düşmürlər ki, “Atam-anam sənə qurban, Qarabağ” desən də layiq olduğun qiyməti alacaqsan, deməsən də. Gedin sənətlə məşğul olun, Qarabağ haqqında yüzlərlə mahnımız, bayatımız var, onları tapıb oxuyun. Yoxsa hərə özündən bir hoqqa çıxarır, deyir, sözü də, musiqisi də mənimdir.

Efirdə də ləhçə ilə oxuyurlar. O gün biri bəxtəvər sözünü “pəxtəfər” kimi tələffüz edirdi. Kim kəndində hansı ləhçə ilə danışırsa, onu efirə çıxarmalıdır?! Ucdantutma hamısı deyir ki: “gələjəm, gedəjəm, belə deyəjəm…”

Dövlət sənətçilərə lazımi təminatı vermir deyə, bunların qarşısını almaq da mümkün deyil”.

Sənətçi bu gün teatr aktyorlarının çoxunun maddi vəziyyətinin pis olduğunu deyib:

“İnsanların yaşamaq, dolanmaq haqqı var. Teatr aktyorları 300-500 manata necə dolansınlar? Səhnə adamı o pulla necə səliqə-sahmanını, estetikasını qoruyub saxlasın?!!

İncəsənət Universiteti dəstlə aktyor, aktrisa buraxır, elə bil fabrik-zavoddur. Bizim vaxtımızda 8-12 tələbə, onların da bir neçəsi əsl aktyor olurdu. Ona görə də bu gün Azərbaycanda gülməli artistlərin, ağız yamsılayanların, orasını-burasını şişirdənlərin sayı artıb. Onların arasında seçim etmək lazımdır, xalqın sevib-seçdiyi 3-5 nəfər yumor ustası qalsın, qalanları gedib zavodda, fabrikdə işləsin”.

Həmçinin oxuyun

Yeni icra başçısı kollektivə təqdim olundu

Abşeron Rayon İcra Hakimiyyətinin yeni başçısı Abdin Fərzəliyev kollektivə təqdim olunub. Onu Prezident Administrasiyasının Ərazi-təşkilat …