Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəmiyyət / “Yeni imtahan modelindən üzüağ çıxa bildik” – Kamran Əsədov

“Yeni imtahan modelindən üzüağ çıxa bildik” – Kamran Əsədov

İyunun 10-da  Dövlət İmtahan Mərkəzi tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirildi.
Pandemiya ilə əlaqədar olaraq iştirakçılar imtahana tibbi maska ilə gedib.  Karantin qaydalarının tələbinə uyğun olaraq, imtahan verənlər bütün proses boyu maskanı çıxarmayıblar.
Bəs ekspertlər yeni imtahan modelini necə dəyərləndirir?
Bu haqda “Yeni Müsavat”a danışan Kamran Əsədov builki, təşkil olunan imtahanların pandemiya səbəbindən tamamilə yeni formatda təşkil edildiyini vurğulayıb:
“Uzun fasilədən sonra 9 illik və 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış, eyni zamanda qəbul imtahanları keçirildi. Bu il təşkil olunan imtahanlar pandemiya səbəbindən tamamilə yeni formatda həyata keçirildi. Belə ki, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün istifadə etməli idilər. Bütün imtahan boyu şagirdlərə maskanı çıxarmaq qadağan idi və bütün proses boyu istifadə olunmalı idi”.
Kamran Əsədov imtahan binasının qarşısında apardığı monitorinq təəssüratlarını da bölüşüb:
“İmtahanlar öncədən nəzərdə tutulduğu vaxtda, saat 11:00-da başladı. Təhsil Xidmətləri Araşdırma və Təhlil mərkəzi olaraq bir neçə imtahan binasının qarşısında monitorinq apardıq. Düşünürdük ki, uzun müddət orta məktəblərdə və hazırlıq kurslarında, repititorluqda ənənəvi dərslərin dayanması qəbul imtahanlarının nəticəsinə təsir göstərəcək. Çünki heç də bütün şagirdlər onlayn dərslərə qoşula bilmədi və onlyan dərslərin də keyfiyyəti ənənəvi dərslərlə müqayisədə aşağı idi. Bundan başqa, imtahanlarda situasiya tipli testlərdən istifadə də imtahan nəticələrinə mənfi təsirini göstərəcək.
Əvvəlki illərlə müqayisədə bu il abituriyentlər sistemli şəkildə ali məktəblərə hazırlaşa bilmədilər. Amma imtahandan çıxan şagirdlər imtahanları yaxşı verdiklərini, onların imtahan nəticələrinin yaxşılaşmasına Təhsil Nazirliyinin təşkil etdiyi tele-dərslərin və “Virtual məktəb”in böyük köməyi olduğunu bildirdilər.
Düşünürəm ki, imtahan zamanı DİM tərəfindən təqdim edilən test tapşırıqlarında mart ayından sonrakı mövzulardan sualların olmaması, test tapşırıqlarının ağırlıq səviyyəsinin mövcud vəziyyət nəzərə alınmaqla təşkil edilməsi şagirdlərin nəticələrinə müsbət təsir göstərəcək”.
Ekspert hesab edir ki, mövcud şəraitdə bütün növ imtahanların bu formatda təşkili mümkündür və bu imtahan qrafiklərini vaxtında yerinə yetirməyə imkan verəcək:
“Doğrudur, bəzi şagirdlər zala daxil olmadan öncə hərarətin yoxlanılmasından narahat olsalar da, bu istiqamətdə ciddi bir problem yaşanmadı.
Hesab edirəm ki, yeni imtahan modelindən üzüağ çıxa bildik”.

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …