Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Cəmiyyət / Yeni antikorrupsiya həbsləri başlayır: “böyük başlar” dərddə…

Yeni antikorrupsiya həbsləri başlayır: “böyük başlar” dərddə…

İqtidar oliqarx-məmur korpusunun “əl-ayağını” yığır; Baş Prokurorluqda antikorrupsiya əməliyyatları üçün görəvləndirilən xüsusi qrup yaradılıb; həbslərlə bağlı qərarlar birbaşa prezidentin adından icra olunacaq; 2011-ci ildən başlamış və nisbətən aşağı məmur korpusunu əhatə edən həbslər bu dəfə daha yüksək dairəni və miqyası əhatə edəcək; artıq bir sıra nazirlik və komitədə yoxlamalara start verilib

Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 12-də keçirilmiş müşavirədə məmurlara ünvanlanmış sərt  mesajlar ölkədə yeni proseslərin startı kimi dəyərləndirilir. Toplantıda dövlət başçısının “əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın.

Nəticə çıxarmasa, cəzalandırılacaq” bəyanatından sonra Baş Prokurorluqda təcili müşavirə keçirilməsi iqtidarın yeni antikorrupsiya həbslərinə hazırlıq kimi qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 14-də baş prokuror Zakir Qaralovun sədrliyi ilə müşavirə Baş Prokurorluğun binasında deyil, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilib ki, bu da müəyyən dairələrdə artıq həyəcan siqnalı kimi qəbul olunub. Müşavirədə dövlət başçısının göstərişlərinin icrası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilib. Daha maraqlısı budur ki, korrupsiya hüquqpozmalarının daha çox baş verdiyi sahələrin araşdırılması, onların təhlili və qarşısının alınması istiqamətində tədbirlərin görülməsi üçün müvafiq işçi qrupların yaradılmasına qərar verilib. Bakı şəhəri, bütün rayon və şəhər prokurorlarına tapşırılıb ki, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələr barədə daxil olmuş müraciətlər dərhal Respublika Baş Prokurorluğunun rəhbərliyinə məruzə edilsin.

Məlumata görə, prezidentin müşavirəsindən dərhal sonra Baş Prokurorluğun hərəkətə keçməsi ölkədə yeni antikorrupsiya tədbirlərinin başlandığından xəbər verir. Redaksiyamıza daxil olan məlumata görə, Antikorrupsiya İdarəsində işçi qrup adı altında əslində məhz antikorrupsiya əməliyyatları üçün görəvləndirilən xüsusi qrup yaradılıb. Prokurorluğa yaxın mənbəmiz deyib ki, bu qrupa geniş səlahiyyətlər verilib və həbslərlə bağlı qərarlar birbaşa prezidentin adından icra ediləcək. Bu o deməkdir ki, işçi qrup üçün heç bir maneə və toxunulmaz nazirlik və məmur olmayacaq.  İcraya nəzarət isə baş prokurora tapşırılıb. Bu həm də o anlama gəlir ki, 2011-ci ildən başlamış və nisbətən aşağı məmur korpusunu əhatə edən antikorrupsiya həbslərinin bu dəfə daha yüksək dairəni və miqyası əhatə etməsi planlaşdırılır.

Xəbərlərə görə, prezidentin tapşırığına əsasən, istisnasız olaraq fəaliyyəti şübhə doğuran bütün nazirliklər və komitələrin yüksək vəzifəli məmurları “istintaq altına” düşə bilər. Bu, baş prokuroru oliqarxlar-nazirlərin mümkün təzyiqlərindən qorumaqla yanaşı, daha çox ortada prezidentin iradəsi olması mesajıdır.     

***
Əsas yoxlamalar, gözlənildiyi kimi, Nəqliyyat Nazirliyi strukturunda aparılacaq. Hələ də tam təfərrüatları dəqiq bilinməyən səbəbdən iqtidarın qəzəbinə gələn Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlikdə bu yoxlamalar artıq başlayıb da. Məsələn, Bakı dairəvi yolunda yoxlamalar zamanı yolun standartlara uyğun çəkilib-çəkilmədiyi, ayrılan vəsaitin aidiyyəti üzrə xərclənib-xərclənilməməsi araşdırılıb. Bildirilir ki, yoxlamalara nazirliyin çoxsaylı mütəxəssisləri də cəlb olunub. İlkin nəticə odur ki, Bakı dairəvi yolunun çəkilişi zamanı yeyintilərə yol verilib. Nəqliyyat Nazirliyinin bütün maliyyə hesabatları artıq götürülüb, Hesablama Palatası da maliyyə yeyintiləri ilə bağlı xüsusi araşdırmaya başlayıb. Nazirliyin Maliyyə İdarəsi tam nəzarətə götürülüb və bəzi əməkdaşlar artıq həbsli olmayan nəzarət altına alınıb. Görünür ki, məhz bu yoxlamalar həm də Ziya Məmmədovla bağlı siyasi qərarın verilməsinə əsas olacaq. Ən hay-küylü həbslərin də Nəqliyyat Nazirliyi strukturlarından başlayacağı barədə informasiyalar var.

Paralel olaraq,  Kənd Təsərrüfatı Nazirliyində də yoxlamalara start verilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi nazirliyin Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov və digər vəzifəli şəxslərlə bağlı bugünlərdə cinayət işi başlayıb. Hazırda yoxlamaların dairəsi genişləndirilib. Bu yoxlamaların Z.Məmmədovla quda olan kənd təsərrüfatı naziri Heydər Əsədovla hansısa əlaqəsinin olub-olmadığı məlum deyil. Ancaq o da sirr deyil ki, Z.Məmmədovun dəstəyi ilə yüksək vəzifəyə təyin edilən H.Əsədovun fəaliyyətindən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar razı deyillər.

Yeni antikorrupsiya tədbirləri AZAL “şefi”ni də əhatə edəcək. Son vaxtlar Cahangir Əsgərovdan da hakimiyyətin narazılığı artıb. Onun rəhbərlik etdiyi konserndə də korrupsiya ilə bağlı şok faktlar yayılır. Hakimiyyətin etibarını və dəstəyini itirən C.Əsgərovun bu dəfə “qanadının qırılacağı” barədə xəbərlər ciddiləşir.




 Bu yaxınlarda AZAL-da genişmiqyaslı yoxlamalara start verilib. Müxtəlif dövlət qurumlarından ibarət xüsusi komissiyanın AZAL-ın bütün fəaliyyətini təftiş etdiyi bildirilir. Yoxlamanın AZAL-ın son illərdəki bütün istiqamətlər üzrə fəaliyyətini əhatə etdiyi deyilir. C.Əsgərovun şəxsi biznesi də nəzarətə götürülüb ki, bu da yeni antikorrupsiya dalğasının “qurbanları” sırasında AZAL prezidentinin olacağını göstərir.


Prezidentin ən çox narazı qaldığı sahə sahibkarları incidən Vergilər Nazirliyi və yerli icra strukturlarıdır ki, prokurorluğun bu qurumlarla da bağlı sərt tədbirlər görəcəyi deyilir.
Yeni antikorrupsiya planlarından aydın görünür ki, hakimiyyət oliqarx-məmurların “əl-ayağını” yığmaqda qərarlıdır. Çünki oliqarx-məmurlar getdikcə hakimiyyətə problemlər yaradır, bəzi hallarda ən yüksək səviyyədə belə verilmiş qərarları ya sabotaj edirlər, ya da tabe olmurlar. Bəzi oliqarx-məmurlar isə o həddə şişib ki, özlərini çox müstəqil hesab edir, özlərinə hətta ölkə xaricində siyasi himayədar axtarır, siyasi iddiaları artır. Ən pisi odur ki, oliqaxik sistem böhran dövründə daha çox varlanmaq hərisliyindən əl çəkmir. Bu isə xalqda hakimiyyətə qarşı narazılığı artırır. Məhz həm də bu kimi səbəblərdən onların yerini göstərməyin vaxtı çatıb və prezident son müşavirədə “artıq hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq” deməklə bir daha onları xəbərdar etdi. İndi isə onların cəzalandırılması başlayır. Bu dəfə “böyük başlar” hədəfdədir…

“Yeni Müsavat”

Həmçinin oxuyun

BŞBPİ: Razılaşdırılmamış aksiyaların qarşısı polis tərəfindən alınacaq

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə icazəsiz aksiyaya çağırışlarla bağlı xəbərdarlıq edib. BŞBPİ-nin …

Bir cavab yazın