Bazar , Sentyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Yazıçı: “AzTV-də qız əl atıb köynəyimin iki düyməsini açdı…”

Yazıçı: “AzTV-də qız əl atıb köynəyimin iki düyməsini açdı…”

O gün məni AzTV-yə verilişə çağırmışdılar. Dəvət edənsə, təxminən, həmyaşıdım olan bir qız idi. Telefonda səsi o qədər gözəl gəlirdi, o səslə ölkəyə nə qədər yalan danışsan, hamı inanar. Elə mən də o səsin arxasınca düşüb getdim və içəri girən kimi qız aman vermədi, üzümə iki-üç salxım gülümsədi və əl atıb köynəyimin iki düyməsini açdı.

– Kəramət müəllim, niyə gecikmisiniz? Veriliş başlayıb.

Bu qız köynəyimin düyməsini niyə açır? Əvvəlcə pis başa düşdüm. Sonra balaca mikrofonu altdan yuxarı düz çənəmin altına kimi gətirib sinəmə düymələyəndə məsələni anladım və tez özümü yığışdırdım.

Veriliş başlayan kimi aparıcı qız məndən soruşdu:

– Kəramət müəllim, sizcə, bu gün ölkəmizin ən böyük problemi nədir? Bu barədə fikirləriniz maraqlı olardı.

– Ölkədə ən böyük problemi odur ki, problemlərdən danışmaq adama problem yaradır.

Tez kameralar söndürüldü və mənə iradlar tutdular:

– Burada belə problem-problem danışmaq olmaz!

– Bəs nə danışım?

– O qədər problem var ki…

Razılaşdım və başqa şeylərdən danışmağa başladım. Amma hər dəfə ağzımı açmağa imkan vermir, danışmağa başlayan kimi deyirlər, dayan, dayan… Elə bil məni ələ salırdılar.

– Sənin başın xarab olub? – aparıcı qız hirsləndi.

Onun birdən-birə mənə belə deməyinə görə içimdən qəribə gülmək keçdi, özümü güclə saxladım.

– Xanım, məni bura nəyə çağırmışınız? – soruşdum.

– Problemlərdən danışmağa!

– Bəs mənə nədən danışıram? – bir də soruşdum.

– Sən elə danışırsan ki, problem yaranır.

– Axı sənin sualın da problem haqqındadır – mən də özümü bir az əsəbiləşən kimi göstərdim.

Axırda mübahisə düşdü.

– Çəkilmək istəmirəm – dedim.

Və studiyanı tərk etməli oldum.

– Bəs nəyə gəlmişdin?

Qızın dilindən bu sualı eşidəndə dik atıldım. Doğrudan, mən bura nə üçün gəlmişəm? İstədim deyəm, telefonda səsinə aldanıb gəlmişəm.

Studiyadan çıxıb xeyli aralanmışdım ki, bir də gördüm qız arxadan məni səsləyir:

– Kəramət müəllim, ay Kəramət müəllim…

Tez geri çevrildim və bir anlıq özümü məşhur türk müğənnisi Əmraha oxşatdım. Çünki geri çevriləndə qıza eynən onun kimi baxdığımı hiss elədim. Elə bildim getməyimi istəmir, üzrxahlıq etməyə gəlir, məni geri qaytaracaq və mən də fürsətdən istifadə edib özümü naza qoyub deyəcəm:

– Bunu bana yapmamalıydın.

Üzü göy üzünə oxşayan qız isə nəfəsini dərib dillə gəldi:

– Kəramət müəllim, mikrofonu hara aparırsınız? Köynəyinizin altında qalıb.

Kəramət Böyükçöl

Həmçinin oxuyun

Nəsir Əhmədlinin universitetə buraxılmaması “qayğı” kimi qəbul edilməlidir – AÇIQLAMA

Bəzi mətbuat orqanlarında “BDU rektorundan ustad jurnalistə sayğısızlıq: Professor Nəsir Əhmədli universitetə buraxılmadı” başlıqlı qərəzli …