Ana səhifə / Cəmiyyət /  YAP icra katibi: “Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib”

 YAP icra katibi: “Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib”

«Yadıma qədim tarixdən Makedoniyalı İsgəndər, orta əsrlərdən Şah İsmayıl Xətai, yeni tarixdən Napoleon düşür. Hər üçü çox gənc yaşlarında dövlətin başında durub, misilsiz xariqələr göstərib. Şah İsmayıl Xətai 14 yaşında, Makedoniyalı İsgəndər 20 yaşında, Napoleon da ondan azacıq artıq yaşda dövlət başına keçiblər. Bəşəriyyətin tarixini onlarsız təsəvvür etmək, sadəcə, mümkün deyildir».

Azinforum.az xəbər verir ki, bunu «Azərbaycan» qəzetinə müsahibəsində Konstitusiyaya dəyişikliklərlə bağlı layihədə aşağı yaş məhdudiyyətinin götürülməsini dəyərləndirən baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibi Əli Əhmədov deyib.

 

Ə.Əhmədovun fikrincə, nəinki dövlət başçısı seçilmək, həm də böyük tarixi şəxsiyyət kimi özünü təsdiq etməkdən ötrü, əslində, yaş həddi anlayışı yoxdur: «Ona görə də, prezidentliyə namizədlərdən tələb olunan yaş həddi minimumunun 35 yaşdan seçki hüququnun təsbit edildiyi yaş həddi (18 yaş – AR) ilə eyniləşdirilməsində qeyri-adi nəsə axtarmaqda bir məna görmürəm».

Ə.Əhmədov vitse-prezidentlər institutunun təsis edilməsi məsələsinə də münasibət bildirib. «Vitse-prezidentlik təsisatı ayrı-ayrı ölkələrdə müxtəlif mülahizələrlə əlaqədar yaradılır. Onun xüsusilə 3 əsas funksiyasını fərqləndirmək olar: a) siyasi qüvvələrin və ya elektoratın konsolidasiyası; b) prezidentin öz səlahiyyətlərini icra etmədiyi dövrdə hakimiyyətin yenidən formalaşdırılmasının təmin edilməsi; c) hakimiyyət bölgüsünün optimallaşması və demokratik nəzarət mexanizminin təmin edilməsi»,-deyə o qeyd edib.

Ə.Əhmədov vurğulayıb ki, həyat idarəçilik sisteminin təkmilləşdirilməsi tələbini irəli sürüb və bu dəyişikliklərin müəyyən qismi Konstitusiya islahatlarını tələb edir.

Buna da bax – İri addımlarla üzü monarxiyaya…

YAP icra katibi layihədə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasını da dəyərləndirib. Onun deməsinə görə, bu hədd müxtəlif ölkələrdə müxtəlif ola bilər. «Burada ölkənin siyasi sisteminin xüsusiyyətləri, siyasi qüvvələrinin strukturu, siyasi sabitliyin səviyyəsi və ona təsir göstərən amillərin məcmusu, geopolitik vəziyyət və s. cəhətlər nəzərə alınır»,-baş nazirin müavini bildirib.

Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın