Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Yanvar onlar üçün “qara” gəldi: Yola salınan məmurlar (SİYAHI)

Yanvar onlar üçün “qara” gəldi: Yola salınan məmurlar (SİYAHI)

2019-cu ilin ilk ayına – yanvar ayına yekun vururuq. Yola saldığımız bu ay ölkəmizin həyatında bir çox mühüm hadisələrlə yadda qaldı. Dövlət idarəçiliyində bir çox islahatlar aparıldı, onlarla dövlət müəssisəsi ləğv olundu, onlardan bəzilərinin fəaliyyətləri ictimai əsaslarla yenidən təşkil edildi. Bununla uzun müddətdir yüksək dövlət vəzifələrində çalışan məmurlar öz vəzifələrini itirmiş oldular.

Azxeber.com həmin məmurlarla bağlı araşdırma aparıb.
Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edildi. Nazirliyin bazasında “Azərsilah” ASC yaradılmasına qərar verildi. Bununla nazir səlahiyyətlərini icra edən Yəhya Musayev öz vəzifəsini itirmiş oldu. Düzdür iddialar var ki, Y.Musayev yeni yaranan ASC-nin rəhbəri təyin olunacaq. Lakin bu rəsmi olaraq öz təsdiqini tapmayıb. 

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi öz ətrafında xeyli sayda müəssisəni birləşdirirdi. Nazirlik yarandığı gündən quruma Yavər Camalov rəhbərlik edib. Ötən ilin iyun ayında vəfat edən Y.Camalovu son aylar bu postda müavini Yəhya Musayev əvəz edib. Son təyinata qədər isə Y.Musayev Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində baş direktorun müşaviri vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin 15 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri (AZTV) Arif Alışanov vəzifədən azad edildi. A.Alışanov 13 ildir bu vəzifədə çalışırdı. Onun televiziyaya gəlişi isə ötən əsrin 70-ci illərinin sonuna gedib çıxır.

Uzun müddət AZTV-də rəhbər vəzifələr daşıyan A.Alışanovun sədr təyinatına qədər son iş yeri sədr müavini vəzifəsi olub. Bir müddət ölkə parlamentində təmsil olunan keçmiş sədr 2015-ci ildə namizədliyini irəli sürməyib və mandatı ilə də vidalaşmalı olub.
Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edildi. Bununla uzun müddətdir bu quruma rəhbərlik edən Akim Bədəlov vəzifəsini itirmiş oldu. 

Hazırda onun hər hansı vəzifəyə təyin olunması ilə bağlı rəsmi qərar yoxdur. Yəni bu o deməkdir ki, uzun illərdir yüksək vəzifədə çalışan Bədəlov hazırda işsizdir. Akim Bədəlov 9 ilə yaxındır bu vəzifəni daşıyırdı. Bundan öncə isə “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin Müşahidə şurasının sədri vəzifəsində çalışırdı. 
Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ləğv edildi. Bununla da bu quruma rəhbərlik edən Oktay Səmədovvəzifəsini itirdi. 

O.Səmədov bu qurum yarandığı gündən bu quruma rəhbərlik edib. Buna qədər isə elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Pedaqoji elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiridir. 
Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edildi. Bununla bu qurumun sədri Fərhad Məmmədov vəzifəsini itirmiş oldu.

Fərhad Məmmədov 7 ilə yaxındır bu vəzifədə çalışırdı və bundan öncə Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi işləyirdi. “İrəli” İctimai Birliyinin təsisçilərindən biri idi.

Həmçinin oxuyun

“Bu gün zəngilanlıların heç tükü də tərpənmir…”

“Təkcə  Zəngilanın yox, eləcə də Cəbrayılın, Qubadlının, Füzulinin işğal tarixi sözün həqiqi mənasında keçmişə qovuşur”.Bunu Moderator.az-a …