Cümə , Oktyabr 18 2019
Ana səhifə / Cəmiyyət / Xurafatdan vəhdətə aparan missiya – Builki Aşura hansı məqamlarla yadda qaldı?

Xurafatdan vəhdətə aparan missiya – Builki Aşura hansı məqamlarla yadda qaldı?

Azərbaycanlılar hər il olduğu kimi, bu il də ənənəvi Aşura mərasimini qeyd etdilər. Yüz illərdir ki, müsəlman dünyası peyğəmbərimizin zalımcasına şəhid edilmiş nəvəsi imam Hüseynin (ə) qətlini kədərlə anır, bu müsibəti törədənləri lənətləyirlər.

Azərbaycanda da neçə illərdir ki, Aşura günü kütləvi xalq mərasimlərindən birinə çevrilib. Ateist sovet dövründə bu mərasimə qadağa qoyulmağına baxmayaraq, xalq mağaza anbarlarına çevrilmiş məscid qapılarına gedir, şəxsi evlərdə təşkil edilən təkyələrdə oturaraq,  bu qəmli tarixi qeyd edərdi.

Azərbaycanın müstəqillik qazanması onun vətəndaşlarının dini azadlığı üçün geniş imkanlar açdı.  İnsanlar qorxmadan öz əqidə və inancları üçün vacib olan mərasimləri təşkil edir, orada iştirakdan çəkinmirdilər. Məhərrəmlik təziyəsi də bu qəbildən olan mərasimlərdən idi. Heç bir məhdudiyyət qoyulmayan Aşura təziyələrinə minlərlə insan qatılırdı.

Lakin dini etiqaddan təsir indikatoru kimi istifadə edən xarici qüvvələrin onu dövlətə qarşı təzyiq metoduna çevirmək cəhdləri də sezilən xətt idi.  Bu baxımdan əsas tezis kimi guya ateist bir dövlətdən çıxmış Azərbaycanda savadlı və “dini mərasimlərin əhəmiyyətini anlada biləcək” ruhanilərin olmaması, buna görə də kənardan gəlmə şəxslərin insanlara təlim aparmasının vacibliyi beyinlərə yeridilirdi.

Azərbaycan dövləti üçün belə yanaşma heç bir halda məqbul sayıla bilməzdi. Sovet vaxtı bütün təqiblərə baxmayaraq, Bakıda fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsi özünün azsaylı ruhani təbəqəsi ilə ölkənin dini cameəsinin idarə olunmasına çalışırdı.  

Müstəqillik illərində isə QMİ artıq ölkənin müsəlman əhalisinin əsas təşkilatı kimi çıxış edirdi. Bu zaman ölkənin din-dövlət münasibətlərinin formalaşdırlması zərurəti meydana çıxanda hakimiyyət tərəddüd etmədən QMİ ilə birgə bu platformanı müəyyənləşdirdi.

Azərbaycanda dini mərasimlərin və ritualların keçirilməsi həssas regionda yerləşən dövlətin laqeyd münasibəti ilə bitə bilməzdi. Xüsusən 2000-ci illərin əvvəllərindən başlayaraq dünyanı başına götürmüş dini –etnik zəmində münaqişələr, bədnam “islam terroru” adlı qondarma siyasi qırmanc müsəlman ölkələrini xarici qüvvələrin müdaxilə təhlükəsi altında qoydu. “Yumşaq güc” metodu insanların etiqad hisslərinin istismarı üçün də keçərli idi.

Bu baxımdan din-dövlət münasibətlərinin möhkəmliyi və etimad üzərində qurulan əməkdaşlığı vacib məqamlardan birinə çevrildi.

Azərbaycanda  artıq neçə illərdir ki, bu platforma özünün uğurlarını göstərir.

Son illərdə nəzərə çarpan nizamlı Aşura mərasimləri əvvəl keçirilənlərdən fərqlənir. Bir zamanlar pərakəndə halda baş tutuan mərasimdə bir çox hallarda xaricdən idarə olunan kənar qüvvələrin təsir agentləri əsas rol oynayırdısa, artıq Qafqaz Müsəlmanları İdarəsi bu tendensiyaya son qoya bilib. Bu il keçirilən Aşurada əvvəlkindən  fərqli olaraq heç bir inzibati yolla müdaxilə faktı qeydə alınmadı. Nizamlı və bir-birinə hörmət şəraitində baş tutan mərasim insanların müqəddəs saydıqları islam şəxsiyyətlərinin yad etmə tədbirinə çevrildi. Minlərlə inanclı insanın qatıldığı mərasimi idarə etmək QMİ-nin dövlət-din münasibətlərindəki etibarının nümayişi oldu.

Allahşükür Paşazadənin müsəlman din xadimi kimi müxtəlif məzhəblər arasında yaratdığı etimad və vəhdət dünyanın müsəlman ölkələrinin xoş təəccübünə səbəb olub. Belə günlərdə adətən müxtəlif məzhəblərin biri-birini xoş olmayan itithamları dinin bütövlüyünə təhlükə yaratmaqla bərabər dövlətin işlərinə müdaxilə etməyə cəhd edən qüvvələrin əlində bir rıçaqa çevrilir. Azərbaycan bütün məzhəblərin Vəhdət namazı ənənəsinin əsasını qoymaqla bu təzyiq şablonunu dağıtdı. Burada QMİ və Şeyxülislamın iradəsi ciddi rol oynadı. Belə addım A. Paşazadəni məzhəb rəhbəri kontekstindən çıxararaq ümumislam dini rəhbəri səviyyəsinə qaldırdı.

QMİ sədrinin Aşura mərasimlərində köklü inqilabi addımı qanvermə aksiyası oldu. Bu, yüz illərdir şəhid İmam Hüseynin əziz xatirəsini xurafat ənənələri ilə qeyd olunmasına  ciddi zərbə idi. Ölkədə guya imam xətrinə baş yarma, zəncir vurma, özünə xətər yetirmə kimi xurafatı rədd edən A. Paşazadə bunun islamda bəyənilmədiyini bəyan etməklə müsəlman şəfqətinin bir birinə yardım etməkdə olduğunu göstərdi. Bu baxımdan imam Hüseynin xatirəsi üçün qanvermə aksiyası ölkədə minlərlə insanı bu kampaniyaya qoşaraq onu xəstə və qana ehtiyac duyanlara yardım aksiyasına çevirdi.

Aksiyaya digər səmavi din xadimlərinin qoşulmasını ölkədə tolerantlığın, bəşəriyyətin qardaşlığına olan ülvi inamın bir nümayişi saymaq olar.

Bu gün məscidlərdə xaotik və şübhəli mesajları olan xütbələrin yerini QMİ-nin hazırlıqlı imamlarının ölkə, onun gələcəyi, xalqı üçün edilən duaları tutub. Dövlətin himayəsində olan dindar kəsim özünün etiqad və mərasimlərində azaddır.

Dini bayramlar və mərasimlər hər bir xalqın tarixi haqqında bir səlnamədir. Bu gün Azərbaycanda dövlət və dini caməenin etimad üzərində qurulan əməkdaşlığı bu səlnamənin daha bir uğurlu səhifəsini yazır. Modern.az

Həmçinin oxuyun

Abel Məhərrəmovun vəfat edən kürəkəninin yerinə təyinat olub

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində yeni təyinat olub. APA-nın məlumatına görə, bu barədə …