Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəmiyyət / “Xınayaxdı mərasimi də fırıldağın yeni bir növüdür” – Millət vəkilindən həyəcan təbili…

“Xınayaxdı mərasimi də fırıldağın yeni bir növüdür” – Millət vəkilindən həyəcan təbili…

Azərbaycanda da şadlıq məclislərində israfçılıq, həddən artıq təmtəraq illərdir vaxtaşırı olaraq ictimai müzakirələrə səbəb olur. Bir müddət əvvəl parlamentdə toy və yas mərasimlərini tənzimləmək üçün Tacikistanda olduğu kimi xüsusi qanunun qəbul edilməsi məsələsi qaldırılmışdı, hətta layihə də hazırlanmışdı. Lakin sonradan bu məsələ gündəmdən çıxdı. Bəs bu mərasimləri Tacikistandan fərqli olaraq cammat özü tənzimləyə bilməzmi? Bunun üçün mütləq inzibati qadağalar olmalıdırmı?
“Azərbaycanda toy mərasimləri sırf vəhşi və mədəniyyətsiz xarakter daşıyır” – millət vəkili
Millət vəkili Fazil Mustafa hesab edir ki, şadlıq mərasimlərimizin, o cümlədən xınayaxdı mərasiminin bu qədər bayağı hal alması cəmiyyətin şöhrətpərəstliyindən irəli gəlir: “Azərbaycanda toy mərasimləri sırf vəhşi və mədəniyyətsiz xarakter daşıyır, heç bir inkişaf eləmiş ölkədə belə bir toy mərasimi yoxdur. Amma təəssüf ki, cəmiyyətimiz şöhrətpərəst olduğuna görə, görməmişlik geniş vüsət aldığına görə sevinməyi və kədərlənməyi də bilmir. Başqasından acıq çıxmaq üçün, başqasına öz var-dövlətini nümayiş etdirmək üçün ailə tədbirini keçirir. İndi uşaqlarını vəzifəli şəxsin övladına vermək, varlı adamlarla qohum olmaq ənənəsi son vaxtlar geniş yayılıb. Bunlar hamısı cəmiyyətlə bağlı məsələlərdir, qanunla tənzimlənən məsələlər deyil. Bunu cəmiyyət özü ayıb saymalıdır”, – deyə millət vəkili virtualaz.org-a açıqlamasında qeyd edir.
F. Mustafanın sözlərinə görə, xınayaxdı mərasimi də fırıldağın yeni bir növüdür və bu fırıldağa xalqımızın böyük hissəsi çox məmnuniyyətlə gedir: “Ayrı-ayrı müğənnilərin zənginləşməsi üçün xüsusi bir status yaranıb: “filankəs xənanı yaxşı aparır”. Anormal şəkildə, geridəqalmışlıq nümunəsi olaraq adamları yığırlar, əlavə pul yığırlar, şadlıq evlərinin qoxumuş salatlarını insanlara yedirdərək zəhərləyirlər. Amma bizim xalq yeganə xalqdır ki, faydası olan hər şeydən imtina edir. Bu xalqı kim harada bacardı soymağı özünə borc bilir. Şadlıq evi mafiyası da bundan istifadə edir. Baxır ki, bu qədər soyulmağa meylli həriflər var, soyur. Əslində belə mərasimlər təşkil edən adamları məsxərəyə qoymaq lazımdır. Pulun varsa, apar oğluna, gəlininin gələcəyi üçün istifadə et, sıxıntı çəkməsinlər. Pulunu mənasız yerə, şöhrət naminə gedib kiməsə yedirtməyin heç bir adı yoxdur. Xınayaxdı mərasimi də fırıldağın yeni bir növüdür. Bu fırıldağa da xalqımızın böyük hissəsi çox məmnuniyyətlə gedir. Bu nadanlığın, geriliyin bir nümunəsidir”.
Təhsilə pul tapmırıq, amma…
Millət vəkili deyir ki, biz tez-tez özümüzü Orta Asiya ilə, İranla müqayisə etsək də, amma ictimai şüur məsələsində onlardan çox-çox geridəyik. Hamı tənqid etsə də, heç kəs özünə düşən funksiyanı yerinə yetirmək istəmir: “Gedin orientasiyası, cinsi, milliyəti bəlli olmayan müğənnilərə pulunuzu yedirin, yüzlərlə qaçqın ac, səfil çöllərdə qalsın. Təhsilə, xeyriyyəyə pulu xərcləməyə adam tapılmır, amma hamı bu pulu toylarda eninə-boluna dağıdır. Bunlar cəmiyyət problemləridir, qanunu bura qatmaq olmaz. Qanun qəbul etsən də etiraz edəcəklər, yaxalarını cıracaqlar ki, bizim xınamız yaxılmasa, biz öləcəyik. Qoy xınalarını yaxsınlar, belə adamların ağıllarına da bir az xına yaxmaq lazımdır. Bir az sünnət toylarını da genişləndirmək lazımdır. Qoy beş dəfə sünnət toyu keçirsinlər, beş dəfə eyni aksiyanı təkrar eləsinlər. Başqa yolumuz yoxdur”, – deyə F. Mustafa bildirir.

Həmçinin oxuyun

İgid qazimiz keçdiyi döyüş yolundan danışdı – VİDEO

Könüllü olaraq cəbhəyə yollanan Kənan Kazımov Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Başından qəlpə yarası alan …