Çərşənbə , İyun 16 2021
Ana səhifə / Cəmiyyət / Xalqı maraqlandıran bir nömrəli məsələ şadlıq evlərinin açılmasıdır…

Xalqı maraqlandıran bir nömrəli məsələ şadlıq evlərinin açılmasıdır…

“Mənim mübarizəm” seriyasından növbəti, səkkizinci kitabım neçə vaxtdır nəşrə hazırdır. Kitabı nəşr etmək üçün hec cürə maliyyə tapa bilmirdim. Maliyyə tapmaq istiqamətində bir neçə cəhdim uğursuzluqla nəticələndi. Axırda utana-utana bir dostuma müraciət etmək məcburiyyətində qaldım. “Məcburiyyətində qaldım” sözün təsadüfən işlətmədim. “Məcburiyyətində qaldım” sözünü ona görə işlətdim ki, dostumun da vəziyyəti heç o qədər də yaxşı sayılmaz .

Həqiqətən biabırçı, rüsvayçı, faciəvi vəziyyətdir. Adam oturub bu vəziyyət haqqında dərindən düşünəndə istisnasız olaraq ölkəylə, xalqla bağlı hər şeyə inamını itirir. On milyonluq ölkədə normal bir ədəbiyyat müsabiqəsi keçirilmir. On milyonluq ölkədə müəlliflərə qonorar verən yarımmüstəqil bir ədəbiyyat jurnalı yoxdu. Amma xalq həm də istəyir ki, onun yazıçıları Biləcəridən o tərəfdə tanınsın, məşhurluq qazansın. Mənə elə gəlir ki, onlar bu istəklərində bir qram da səmimi deyillər. Azərbaycan xalqı ədəbiyyatının Biləcəridən o tərəfdə tanınmamasından həzz alır və yazıçıları nəzərdə tutaraq “sizi Biləcəridən o tərəfdə tanıyan yoxdur” sözlərini dilə gətirən adamlar çox sevincli görünürlər. “Sizi Biləcəridən o tərəfdə tanıyan yoxdur” deyən adamlar vəziyyətin belə hal almasından çox məmnundurlar və bu sözlərdə açıq-aşkar həqarət, kinayə, həmçinin qələbə sevinci hiss olunur.

Gürcüstanda keçirilən bir ədəbiyyat müsabiqəsi haqqında xəbərin linkini yaxınlarda bir yazıçı həmkarıma göndərdim və yazdım ki, Azərbaycanda belə bir ədəbiyyat müsabiqəsi yoxdu. Gəl, əli haralarasa, lazımı orqanlara, təşkilatlara çatan, müəyyən mənada sözü eşidilən adamlara müraciətlər edək, bu mövzuda yazılar yazaq, bəlkə bizimkilər də özlərində təpər tapıb, hərəkətə keçərlər, bəlkə bizimkilər də nələrsə etməyə çalışarlar. Yazıçı həmkarım acı bir həqiqətlə məni üz-üzə qoydu. Dedi ki, a kişi, onlar nəyin lazım olduğunu, nəyin lazım olmadığını səndən, məndən min dəfə yaxşı bilirlər. Bilməsələr, birtəhər yolunu tapıb başa salarıq ki, filan, filan şeyləri etmək mütləq lazımdır. İstəmirlər, başa düş, is-tə-mir-lər….

Yaxşı, indi əyri oturaq, düz danışaq, ədəbiyyatla əlaqəli, ədəbiyyatın inkişafına cavabdeh təşkilatlar, məmurlar müsabiqələr keçirmək istəmirlər, ədəbiyyatın canlanmasında maraqlı deyillər. Xalq da laqeyd və vecsizdir. Xalqı bu dəqiqə narahat edən, maraqlandıran bir nömrəli məsələ şadlıq evlərinin açılması, toy, nişan, xınayaxdı mərasimlərinin keçirilməsinə icazənin verilməsidir. Bəs belə olduğu halda bir yazıçı nə etməlidir, başına haranın külünü tökməlidir?

Ən dəhşətlisi bilirsiniz nədir? Ən dəhşətlisi odur ki, bu mövzuda yazılar yazanda bir qrup adamlar öz aləmlərində hazırcavablıq nümayiş etdirərək tez deyirlər: “Yazılarında təkrarçılıq edir…. Əlindən tutan var, get əsərini yaz də”. Başım çıxmır, əldən tutmaq daha necə olmalıdır? Əldən tutmağın buynuzu olur? On milyonluq ölkədə bir dənə ədəbiyyat müsabiqəsi keçirilmir, on milyonluq ölkədə müəlliflərə qonorar verən yarımmüstəqil bir ədəbiyyat jurnalı yoxdur və sən bu barədə yazılar yazanda həyasız, tərbiyəsiz, insafsız, ədalətsiz adamlar deyirlər ki, yazılarında təkrarçılıq edir, əlindən tutan var, get əsərini yaz də… İnsanda tərbiyə, mərifət, insaf, ədalət hissi, anlayış yaxşı şeydir. Belə yerdə yaxşı deyiblər: “Döyürlər, ağlamağa da qoymurlar”. “Yazılarında təkrarçılıq edir, əlindən tutan var, get əsərini yaz də” deyənlər guya hələ Allah qoymasa azdan-çoxdan ağlı başında olan, azdan-çoxdan savadlı, ictimai-siyasi cəhətdən azdan-çoxdan aktiv adamlardır. İndi görün yerdə qalanlar nə gündədirlər. Yerdə qalanlar ümümiyyətlə, yerli-dibli mövcud deyillər. Hə, onlar yeyirlər, gəzirlər, yatırlar, televizora baxırlar, nələrsə danışırlar, başlarını qaşıya-qaşıya övladlarına öyüd-nəsihət verirlər, amma onları canlı adamlar hesab etmək olmaz. Onları canlı adamlar hesab etmək sivilzasiyaya, bəşəriyyətə qarşı cinayətdir. Onlara olsa-olsa, ancaq “ölü canlar” demək olar. Bəli, məhz “ölü canlar”. Qoqol bizim “ölü canları” görsəydi, necə bir səviyyəsiz və mənasız, məzmunsuz, zəif əsər yazdığını dərindən dərk edərdi.

Facebook səhifəmdə iyirmi yeddi min adam var. Bu iyirmi yeddi min adamdan iki yüz yetmişi gedib kitab almır. Almır də, zorla deyil ki? Yazırsan, danışırsan, müsahibələr verirsən, hər fürsətdə vəziyyətin ağırlığını izah edirsən, reaksiya sıfır. Elə bil bataqlığa daş atırsan. Heç bu bataqlığa daş atmaq bənzətməsinin özü də xeyli dərəcədə zəif bənzətmədir. Vəziyyəti daha dəqiq ifadə edən bənzətmə axtarıb tapmaq lazımdır. Lazımdır yazıram, amma o bənzətməni tapmaqda acizəm.

Bəs yaxşı, bu adamlar nə istəyirlər? Məqsədləri, məramları, niyyətləri nədən ibarətdir? Heç nə, tum çırtlaya-çırtlaya oynatmağa meymun, kloun axtarırlar.

Kloun demişkən, bir neçə gün əvvəl mətbuatda oxudum ki, Bakı Dövlət Sirki Azərbaycanda və xaricdə təhsil almış musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun, jonqlyor və digər ixtisaslar üzrə istedadlı gənclər axtarışına çıxıb. Seçim zamanı sirk sənətində yüksək qabiliyyət və bacarığı olan şəxslərə üstünlük veriləcək. Namizədlər tərcümeyi-halını (CV) və özü barədə hazırladığı qısa videonu [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.

Musiqiçi, akrobat, güləşçi, kəndirbaz axtarışını başa düşdük, ölkədə bu qədər kloun olduğu halda Bakı Dövlər Sirki niyə kloun axtarır, bax bunu başa düşmək çətindir. Həm də ki, Bakı Dövlət Sirkinin ənənəvi klounları daha müasir, kreativ, çevik, həqiqi klounları necə, hansı nömrələrlə, hansı üsullarla təcübləndirə, əyləndirə biləcəklər? Etiraf edək ki, ənənəvi klounların həqiqi, çevik, kreativ, müasir klounları əyləndirməsi, onlarda maraq oyatması çox müşkül məsələdir.

Somerset Moem deyirdi ki, teatrın ətrafında baş verən hadisələr, teatrın özündən daha maraqlıdır. Somerset Moemin sözü olmasın, axı Azərbaycanın ictimai-siyasi-mədəni həyatı Bakı Dövlət Sirkindən daha cəlbedici, daha rəngarəngdir. Fikrimizi başqa cür ifadə etsək, Bakı Dövlət Sirki Azərbaycanın ictimai-siyasi-mədəni həayatının yanında çox boz, miskin, cılız görünür. Məsələn, tutaq ki, Erkin Qədirli, İlqar Məmmədov bilet alırlar, kamali-ədəblə gedirlər Bakı Dövlət Sirkinə əylənməyə, sovet vaxtının təbirincə desək, vaxtlarını səmərəli keçirməyə. İndi Bakı Dövlət Sirkinin ənənəvi klounları bu adamları necə əyləndirsinlər, necə təəcübləndirsinlər, necə güldürsünlər? Üzü-gözü boyanmış, yalançı burun taxmış, al-əlvan kombinezon geyinmiş ənənəvi klounlar nə etsinlər, nə göstərsinlər ki, Erkin Qədirliyə, İlqar Məmmədova maraqlı olsun? Uzaqbaşı dombalaq aşacaqlar, ya da bir kloun, başqa bir klounun dalına təpik vuracaq. Bu kimi hərəkətlər Erkin Qədirli, İlqar Məmmədov kimi adamlar üçün çox maraqsız, obrazlı söyləsək, samovarla Tulaya getmək kimi bir şey olacaq…

Seymur Baycan

Həmçinin oxuyun

Üçüncü variant yoxdur…

Çox da varlı olmayan ailəmiz dolanışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş …