Şənbə , Yanvar 23 2021
Ana səhifə / Cəmiyyət / Xalq şairlərindən Xəlil Rzanı aşağılayan gənc yazara sərt reaksiyalar

Xalq şairlərindən Xəlil Rzanı aşağılayan gənc yazara sərt reaksiyalar

Fikrət Qoca: “Bu, Azərbaycan övladına, uşağına yaraşmayan söhbətlərdir”

Sabir Rüstəmxanlı: “Buna görə Kəraməti asıb-kəsmək”, təhqir etmək lazım deyil”

Qəşəm Nəcəfzadə: “Orada heç bir təhqir yoxdur”

Kəramət Böyükçöl: “Xəlil Rza haqqında fikirlərimin bu qədər reaksiya yaradacağını bilmirdim”

Gənc yazar Kəramət Böyükçöl bu dəfə Azərbaycanın mübariz xalq şairi Xəlil Rza Ulutürk haqqında aşağılayıcı fikirlər səsləndirib. Məsələ ilə bağlı ölkənin tanınmış ziyalıları da öz sərt reaksiyalarını bildiriblər.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca “Yeni Müsavat”a açıqlamasında bildirib:

“Xəlil Rza Ulutürk istiqlal dövrün, azad fikrin oyanmasında xidməti olan böyük şairdir. Onun respublika üçün kifayət qədər çox böyük işləri olub. Öz oğlunu torpaq, vətən uğrunda qurban verib. Hər şeydən əvvəl öz atasından da yaşlı olan adamlar haqqında tərbiyəsiz danışmazlar. Hər şeyin öz əxlaqı olmalıdır. Xüsusən də yazıçı, şair olmaq istəyənlərin. Amma o gənc hələ şair, yazıçı olmayıb, artıq belə danışır. Bütün bunlar Azərbaycan övladına, uşağına yaraşmayan söhbətlərdir”.

Xalq şairi Sabir Rüstəmxanlı isə məsələyə bu cür mövqe bildirib: “Kəramət Böyükçölə gənc yazar kimi həm publisistikasına, yazılarına hörmətim var. Amma onun Xəlil Rza Ulutürk haqqında dediklərini qəbul etmirəm. Xəlil Rza Ulutürk toxunulmazdır. Çünki onun həyatı, keçdiyi yollar hər kəsin gözləri qarşısında olub. Onun yaradıcılığı, həm də şəxsiyyəti mənim üçün bir qəhrəmandır. Xəlil Rza Ulutürk zamanında bir çox konfliktlərin, o cümlədən ermənilərin Azərbaycandan, Bakıdan çıxması zamanı yarana biləcək qanlı toqquşmaların qarşısını almışdı. Çünki həmin zaman bizim vətəndaşlarımız Ermənistandan çıxarılmışdı. Kəramətin yaşı Xəlil Rzanı öyrənməyə imkan vermir. Gərək bilmədiyi, öyrənmədiyi məsələlərə müdaxilə etməsin. Xəlil Rzadan danışmaq üçün onu oxumaq lazımdır. Həm çox böyük istedad sahibi, şair, həm də alim idi. Onun tərcümələri də var. Xəlil Rza təkcə gündəlikləri bir kitaba yaxındır. Bundan başqa Nizami Gəncəvinin ən gözəl tərcümələrini edib. Yəni, bu cür insana o cür deyilən sözlər yapışmır. İndi o cür fikirlər Kəramətə məxsusdur, buna görə onu “asıb-kəsmək”, təhqir etmək lazım deyil. Vaxt gələcək o da öz səhvini başa düşəcək”.

Yazar, eyni zamanda Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadə isə oğlunun statusunda heç bir təhqir olmadığını bildirib: “Orada yalnız tənqid var. Sadəcə hər kəs həmin statusu bir dəfə oxuyur və yaddaşında elə qalır ki, sanki orda təhqir var idi. Məsələn orda söz var idi ki, “Xəlil Rza ədavəti qızışdırırdı”. Yəni iki millət, erməni-azərbaycanlılar arasında ədavəti qızışdırıb. Cümlə əslində belə deyil. Orda bildirilir ki, “Xəlil Rza milli ədavəti qızışdıran KQB-nin oyununa düşmüşdü və bunu bilmədən edirdi”. Yəni, bu işi Xəlil Rza qarışdırmıdı. Cümlə bu cürdür. Yazıda qeyd edilir ki, “ədavət qızışdırılarkən yarğan əmələ gəldi və bu yarğana xalqımız düşdü”. Yenə də bu yarğanı Xəlil Rza deyil, KQB açmışdı. O zaman ilk olaraq meydanlarda olanlar da bunu bilmirdi və bu işin icraçısına çevrilirdilər. Lakin Kəramətin Xəlil Rza haqqında dediyi “gic-gic şüarlar səsləndirirdi” fikri ilə razı deyiləm. Ümumiyyətlə, bir ata kimi Kəramətin bu statusu ilə razı deyiləm. Bəziləri deyir ki, statusda təhqir və tənqid var. Amma cümlələrin əlaqəsinə baxdıqda görürük ki, orada üçüncü dövlət məsələsi var, bu işdə təkcə Xəlil Rza iştirak etməyib. Bununla belə mən yazmışdım ki, Kəramətin Xəlil Rza haqqında dedikləri onun ən böyük səhvidir.

Xəlil Rza bizim böyük şairimizdir və şəhid Təbrizin atasıdır. Onun Azərbaycanın müstəqillik qazanmasında, dövlətinin qurulmasında müstəsna rolu var. Xəlil Rza bizim böyük istiqlal şairimizdir. Biz ondan bəhrələnməli, öyrənməliyik. Sadəcə nəyisə araşdırıb, oradan nöqsan tapılmasının cəhdi bizdə yaxşı qarşılanmır. Nə olursa olsun, Xəlil Rza kimi sənətkarlarımız böyük ehtiramla, məhəbbətlə yanaşmalıyıq. Mən oğlumun statusunu bəyənmirəm, qınayıram”.

Kəramət Böyükçöl qalmaqallı statusunun haqqında bunları deyib: “Sosial şəbəkədə gördüm ki, dostlarımızdan biri Xəlil Rza Ulutürk haqqında status paylaşaraq onu böyük şair kimi tərənnüm etmişdi. Mən də status yazıb, öz fikrimi bildirdim. Səhəri gün statusuma baxanda gördüm ki, şərhlərdə məni təhqir və tənqid ediblər. Mən artıq öz fikrimi yazmışam və bunun müzakirə edilməsinin əleyhinə deyilən. Haqqımda yazılan söyüşləri, təhqirləri oxumuram. Söyüş hər bir insanın öz səviyyəsini göstərir. Deməli söyüş söyüləcək, aqressiv qarşılanacaq deyə sən öz fikrini bildirməməlisən? İkinci də ki, Xəlil Rza Ultürk haqqında mənim nə problemim ola bilər ki? Onun qəsdən şəxsiyyətini alçaltmaq, aşağılamaq fikrim olmayıb. Sadəcə, fikirlərimin bu qədər reaksiya yaradacağını bilmirdim”.

Xatırladaq ki, gənc yazar Kəramət Böyükçöl öz “Facebook” profilində Xəlil Rza Ulutürk haqqında bu cür status paylaşıb:

“Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asmışam, səsi adamın başına düşür. Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil qiraətçi-zaddır. Özü də onun barışmaz, döyüşən bir şair kimi təqdim edilməsi də doğru deyil. Hər halda mübarizəsi var idisə də, bu istedadsızlığından irəli gəlirdi. Necə? Məsələn, Xəlil Rza milli ədavəti qızışdıran bir adam olub. Bunu çoxları təsdiqləyə bilər. Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz ermənilərin axırına çıxacağıq, onları tüpürcəkdə boğacağıq. Axı sənin erməninin axırına çıxmağa hünərin var? Sənin o qədər tüpürcəyin var? Xəlil Rza KQB-nin öz məqsədlərini həyata keçirmək üçün erməni və Azərbaycan xalqlarını vuruşdurduğunu anlamırdı. Əksinə, KQB-yə xidmət edib gecə-gündüz qışqırırdı ki, ermənilərə lənət olsun. Bu necə ziyalıdır ki, başqa bir millətə az qala var-yox söyüşü söyürdü. Harda gördün erməni, vur başına gülləni.
Hava yaman soyuqdur, ermənilər toyuqdur.

Xəlil Rzanın təfəkkürü belə gic-gic şüarlardan o tərəfə keçə bilmirdi. Adam görmür ki, iki xalqı vuruşduran üçüncü imperialist ölkə var. Adını da şair qoyur, ziyalı qoyur və bilmir ki, qazılan xəndəyi daha da dərinləşdirməklə məşğuldur, nəticədə isə o xəndəyə onun öz xalqı yıxılacaq. Necə ki, oğlu Təbriz də atasının qızışdırdığı ədavətin qurbanı oldu”.

Həmçinin oxuyun

İşbazlar qəhrəmanlarımızın adından icazəsiz istifadə edirlər (VİDEO)

Polad Həşimov adına “Şən uşaq bağçası” və ya adi “Uşaq bağçası” kimi reklam lövhələrinə sosial …