Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Xalq rüsvayçılığa, bəşəriyyət isə müharibəyə yox deyir – Şəmsəddin ƏLİYEV

Xalq rüsvayçılığa, bəşəriyyət isə müharibəyə yox deyir – Şəmsəddin ƏLİYEV

20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20%-i erməni qəsbkarlarının işğalı altındadır. Girovluqda saxlanılan, işkəncələrə və ləyaqəti alçaldan hərəkətlərə məruz qalan həmvətənlərimiz var. Hüquqi məntiq isə sual edir: “Ermənilərin fiziki və hərbi gücü Azərbaycan torpaqlarını işğal etmək üçün kifayət edirmi?” Əlbəttə yox!
Xalqın, Baş komandanın və əsgərlərimizin səbr limiti tükəndi artıq. Çox gec başladıq. Amma bu gecikmiş addımda bir xeyir var. Döyüş vaxtı çatdı, zaman möhürünü vurdu. Azərbaycan qısa müddət ərzində hərbi hazırlığını görk olaraq hamıya praktik sübut edə bidi. Qürur duyduq, ucaldıq. Döyüş əməliyyatları belə deməyə əsas verir. Allah ordumuzu bəd nəzərlərdən qorusun, əsgərlərimizin qollarına Hz. Əli və Hz. Hüseynin qüvvətini nəsib etsin.
Ermənistan bu gün beynəlxalq təşkilatların alətinə və girovuna çevrilib, qərar verə bilmir. Hər gün atəşkəsi pozmaqla bu cırtdan, iqtisadi inkişafı tənəzzülə uğrayan, dünyanın siyasi xəritəsində təsadüfdən yer tutan dövlət kimə arxayındır?…
Biz haqq yoldayıq, haqq uğrunda döyüşürük. Aləmlərin Rəbbi haqqın tərəfindədir. Xalq rüsvayçılığa, beynəlxalq təşkilatlar isə müharibəyə yox deyir. Hansını seçməliyik?Amma, sadə riyazi üsul rüsvayçılıqdan qurtulmaq üçün bir yol göstərir- -müharibə!
Qoy bizə baha başa gəlsin. Təki, o buxovdan qurtulaq. Bezikdik, şəhidlər xiyabanını utana-utana ziyarət etməyə. Bezikdik, hər bayram Şuşada qurban kəsməyə. Qarabağ şikəstəsini içimizdən yana-yana nə qədər dinləmək olar? Xocalı soyqırımını nə qədər yad etmək, “Ana Fəryadı”nı nə qədər ziyarət etmək, xəcalət tərini nə qədər silmək olar? 20 il öncə 10 yaşında əsir düşən qızlarımız biz kişiləri qarğıdılar. Biz papaqlıları gözləməkdən gözləri dörd oldu. Gedə bilmədik. Qoymadılar. Yolumuzu bağladılar. İndi yolumuz açıqdır. “ULEYLİ” oxuyanlar da cəbhə bölgələrinə yollanırlar. Bu da, biz kişilərə dərs olmalıdır.
Döyüşçülərimizdə təpər, hərbi borcunu yerinə yetirmək gücü olmasaydı, döyüşə başlanılmazdı. Diqqət çəkən ondan ibarətdir ki, Azərbaycan xalqı və bizə dayaq olan dövlətlər təşvişdə deyillər, narahatlığa da əsas yox, vəziyyət Baş komandanın və Təhlükəsizlik Şurasının tam nəzarətindədir.
Haqqdan gələn cihadımıza əngəl olsalar, baş verən döyüşlərin qığılcımları beynəlxalq aləmdə sülhün təhlükəsizliyinə təminatı poza bilər. Amma burada əsas günahkar qüvvə Ermənistan tərəfi və onun hər gün atəşkəsi yüz dəfələrlə pozduğu hərəkətlərinə adekvat tədbilər görməyən beynəlxalq təşkilatlardır.. Qənaətimə görə Ermənistan və ona dəstək verən qüvvələrin Azərbaycana vandalizmə, vəhşiliyə xas tərzdə vurduqları külli miqdarda ziyana görə təzminatın ödənilməsi barədə beynəlxalq hərbi məhkəmələrin vaxtında ədalətli qərarı olsaydı, belə davranmağa cəsarətləri çatmazdı. Cəzasızlıq qarşı tərəfi şirnikləndirdi və harınlatdı.
Dünyada bir xaos yaşanır, hələ ki, qaydalara riayət olunmur. Diplomatlar Beynəlxalq hüququn prinsiplərinin və BMT-nin nizamnaməsinin hər gün pozulmasına ciddi yanaşmırlar.
Rüsvayçılıqdır. Perspektivi olmayan, yalan bəyanatlarla yaşayan bir dövlət Beynəlxalq hüququn 10 prinsipini, BMT-nin TŞ-nın qətnamələrinə səs verən böyük dövlətləri hər gün, bilə-bilə aşağılayır, ona hörmətsizlik gətirir, lakin “dur” deməyə gücləri yetərincə deyil. Niyəsini 1-ci Pyotorun qəbrindən soruşmaq lazımdır, ermənilərin “kumirindən”.
Ermənistan “qaynata” və “qaynana” ların hüzurunda çox rəqs etdi… İndi isə sifarişi Azərbaycan ordusu müəyyənləşdirəcək… vaxt, vədə çatdı. Axı, nə qədər “Qarşı tərəf cavab atəşi ilə susdurulub”- demək olar. Bezikdik, bu, bəsit və şit ifadədən.
Azərbaycan həmişə dünyada beynəlxalq qaydaların mövcudluğu üçün sakitliyin tərəfdarı olmuş, səbr nümayiş etdirmişdir.
Prinsipallıq müvəffəqiyyətin və möhkəm iradənin rəhnidir – desək, biz, uzun illərdir belə davranırıq.
Ermənistan zahirən özünü güclü göstərmək istəsə də, ruhən zəif, siyasi baxışları boş nağaranı xatırladır. Zəif ruhlu xislət daha çox evə pəncərədən və bacalardan daxil olan oğrulara xasdır. Onların əməlləri uzun çəkmir. Sifətlərindəki çirki təmizləyə bilsələr də, ürəklərindəki natəmizliyi silə bilmirlər.
Qədim Çin xalqının müdrik bir kəlamı var: “Dağa qalxmazdan öncə onun baş gicəllədən, insanı vahiməyə salan cığırlarından keçmək üçün kişiliyin və cəsarətin olmalıdır. Qar üzərində hərəkət edərkən, dar körpünün sürüşkən yerindən keçmək üçün yenə kişilik və iradə lazımdır. “Kişilik” sözündə dərin bir məna var. Əgər həyatın dolanbac, aşırımlı yollarında kişiliyin yetərincə deyilsə, qısa vaxt ərzində qurbana çevrilərsən. Ermənistanın indiki vəziyyəti ağılla, iradə və kişiliklə deyil, cılız, primitiv idarəçilik metodları ilə yadda qalır. Bunun sonu yoxdur. Taleləri sürüşkəndir.
Müdrik olmadan ciddi olmaq mümkünsə, ciddi olmadan müdrikliyə nail olmaq çətindir. Biz, uzun müddət siyasi müdrikliyimizi qoruya bildik. Azərbaycanın indiki durumu demokratik və hüquqi dövlətlərin prinsiplərinə xas bir durumdur. Belə dövlətlərin təməlini xalqların vahidliyi təşkil edir. Azərbaycan ordusunun Baş komandanı xalqımızın vahidliyini təcəssüm etdiyindən döyüşlə bağlı siyasi yolu haqq yoldur. Bizi, qınaya bilməzlər.
Beynəlxalq normaların əsas məqsədi hər bir dövlətin öncədən dövlətçiliyinə hörmət etməkdən, xalqının qayğısına qalmaqdan və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə hörmət ruhunda davranmaqdan ibarətdir.
Ermənistan dövlətinin son illər ərzindəki siyasi mövqeləri bunun əksini müstəsna həyasızlıqla hamıya nümayiş etdirdi.
İndi isə “Özü düşən ağlamaz!” zərb məsəlinə uyğun bir durumda olan dövlətin halına acımağa dəyməz.
Allah Türk Dünyasını haqsızlıqlardan hifz etsin, düşmənlərimizi əzabla yaxalasın. Azərbaycan xalqına səbr, döyüşçülərimizə isə zəfər arzulayıram!

Hüquqşünas-publisist
Şəmsəddin Əliyev

Azinforum.az

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın