Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Xaçmaz sakinləri kütləvi surətdə köçürülür – Hara və niyə?

Xaçmaz sakinləri kütləvi surətdə köçürülür – Hara və niyə?

Xaçmaz rayonunun Xudat şəhərinin yerli icra hakimiyyəti şəhər sakinlərini kütləvi şəkildə köçürməyə başlayıb.

Yerli sakin Sona Əhmədovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu prosesə sentyabr ayında başlanılıb. “Xudat” dəmir yolu stansiyasının yaxınlığında yaşayan sakinlərin evləri satın alınır.

“Söhbətlər gəzir ki, birbaşa şəhərin mərkəzinə aparan mərkəzi yoldakı küçənin bütün sakinləri köçürüləcək. Burada dəmiryol terminalının tikiləcəyi bildirilir. Bu köçürülmə səbəbindən orada yerləşən evlərin qiymətləri dərhal qalxıb. Bu hal son günlərdə xüsusilə müşahidə edilir” — deyə Əhmədova bildirib.

Onun sözlərinə görə, hazırda şəhərcikdə fərdi yaşayış evlərinin qiymətləri 55-65 min manatadək qalxıb.

Köçürülmənin başlanması ilə əlaqədar olaraq yerli sakinlər təşvişə düşüblər. İndiyədək icra hakimiyyətindən heç kəs hansı ərazinin sakinlərinin köçürüləcəyi barədə yerli camaata heç nə deməyib.

Xudat bələdiyyəsinin sədri Elman Allahyarov vətəndaşların köçürülməsi ilə bağlı məlumatı təsdiqləyib.

O bildirib ki, “Xudat” dəmiryol stansiyası yaxınlığında yerləşən evlərdən artıq 15 ailə köçürülüb. Onlardan heç kəs buna etiraz etməyib. Bununla yanaşı, demək olar ki, sakinlər özləri öz evlərini sökərək kərpic və digər tikinti materiallarını başqa yerə daşıyırlar. Dövlətdən aldıqları pula isə sakinlər şəhərin digər ərazilərində ev alırlar.

Bələdiyyə sədri bildirib ki, boşaldılan ərazidə yük terminalı inşa ediləcək. Lakin hələlik nə qədər evin sökülməsinin planlaşdırıldığı barədə dəqiq informasiya yoxdur.

Bununla yanaşı, bələdiyyə sədri şəhərin yarısının köçürüləcəyi barədə məlumatı da təkzib edib. Onun sözlərinə görə, yalnız dəmiryol vağzalının sağ tərəfində yerləşən evlər söküləcək.

Digər məlumata görə isə ərazinin təmizlənməsi nəqliyyat dəhlizinin tikintisi çərçivəsində nəzərdə tutulub. Lakin “Azərbaycan Dəmir Yolları” ASC-dən bildiriblər ki, onlarda “Xudat” stansiyası ətrafındakı evlərin sökülməsi və əhalinin köçürülməsi barədə heç bir məlumat yoxdur.

Həmçinin oxuyun

Bərdə terrorunda yaralananlar hadisənin dəhşətlərindən danışdılar – VİDEO

Oktyabrın 28-i saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı “Smerç” tipli reaktiv raket zərbəsi nəticəsində …