Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Vüqar Qadirov: “QHT-lərin diaspora ilə birgə həyata keçirdikləri tədbirlər qaneedici səviyyədə olmur”

Vüqar Qadirov: “QHT-lərin diaspora ilə birgə həyata keçirdikləri tədbirlər qaneedici səviyyədə olmur”

“QHT-lərə Dövlət Dəstəyi Şurası, həm də bir sıra qeyri-hökumət təşkilatları tərəfindən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində  işlər görülür. Amma onu da xüsusi vurğulamaq istəyirəm ki, bu məsələdə daha çox peşəkarlıq və hədəfləri daha aydın müəyyən etmək lazımdır. Məsələn, qeyri-hökumət təşkilatlarının tam əksəriyyəti bu tədbirləri daha çox Türkiyədə keçirməyə üstünlük verir. Türkiyədə keçirilən tədbirlə Azərbaycanda olan tədbir arasında elə bir fərq görmürəm. Sadəcə, bizim də tövsiyələrimiz, fikirlərimiz ondan ibarət olur ki, bu tədbirlər daha çox Avropa ölkələrində keçirilsin. Çünki o dövlətlərin bir xristian təəssübkeşliyi var. Çox vaxt erməni diasporunun apardığı fəaliyyət nəticəsində elə bir vəziyyət yaranır ki, guya Azərbaycan bu məsələlərdə günahkardır”.

Bunu Teleqraf.com-a müsahibəsində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib. Müsahibəni təqdim edirik:

– Xocalı faciəsindən 24 il ötdü. Bu dövr ərzində lazımi təbliğati işlər görə bildikmi?

– Heç kimə sirr deyil ki, Xocalıda baş verən hadisələri dünya ictimaiyyəti nə qədər özündən uzaq tutmağa, bir çox Avropa ölkələri Ermənistana dəstəyini açıq nümayiş etdirməyə çalışsa da, bunu qəbul etməsələr də, inkar da edə bilmirlər.  Çünki 1988-ci ildən indiyə qədər Azərbaycan Ermənistanın və ona havadarlıq edən dövlətlərin təcavüzkar siyasətinin qurbanına çevrilib. Xocalı soyqırımı da bu təcavüzkar siyasətin kuliminasiya nöqtəsini təşkil edir. Bu gün Azərbaycan dövləti və ictimaiyyəti çalışır ki, Xocalı soyqırımını dünya ictimaiyyətinə olduğu kimi çatdırsın və beynəlxalq aləmdən Xocalıya əsl qiymətin verilməsini tələb etsin. Xocalıda törədilənlər bir millətin planlı şəkildə yer üzündən silinməsi aktıdır. Bu faciə zamanı elə işgəncələrdən istifadə olunub ki, tarixdə, oxuduğumuz  kitablarda, bəlkə də, belə bir hadisənin şahidi olmamışıq. Ancaq ermənilər həmin işgəncələri Xocalıdakı günahsız insanlara, qadınlara, uşaq və qocalara qarşı ediblər. Çox təəssüflər olsun ki, bu gün ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər, bir çox beynəlxalq təşkilatlar mövcud hüquq normalarını gündəmə gətirmir, Ermənistanla bağlı hər hansı radikal addımlar atmır. Yəni beynəlxalq qanunvericiliyin tətbiqinə çalışmırlar. Hətta ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər çalışır ki, Dağlıq Qarabağ məsələsini öz monopoliyalarına alsın və de-fakto işğal etdikləri Azərbaycan torpaqlarını de-yure Ermənistana hədiyyə edilməsini təmin etsinlər. Bu da təbii ki, qəbul edilməyən bir addımdır. Xocalıda baş vermiş soyqırımı aktını Avropada olan dövlətlərin birində etsəydilər, həmin soyqırımı tanınar və bunu edən dövlət də cəzalandırılardı.

– Amma görülən işlər nəticəsində dünyanın bir çox dövlətləri Xocalı soyqırımını tanıyıb. Bütünlükdə bu soyqırımın beynəlxalq aləm tərəfindən tanınması yaxın gələcəkdə mümkün olacaqmı?

– Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, o cümlədən vitse-prezident Leyla xanım Əliyeva tərəfindən “Xocalıya Ədalət” Kampaniyasının aparılması artıq öz nəticələrini verməkdədir. Hətta erməni lobbisinin daha çox təsir imkanı olan Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb. Eyni zamanda, Meksika, Pakistan və bu kimi dövlətlər, bir sıra beynəlxalq təşkilatlar soyqırımı aktının törədilməsini qəbul edib. Bunu məqsədyönlü fəaliyyətin nəticəsi olmaqla bərabər, Mehriban Əliyevanın və Leyla Əliyevanın düzgün strategiyası və onların beynəlxalq nüfuzundan irəli gələn bir vacib amil kimi qiymətləndirirəm. Çünki bir var, bu faktları sadə bir insan təqdim etsin, bir də var ki, ölkənin birinci xanımı təqdim etsin. Burada bir peşəkarlıq nümunəsi var. Azərbaycan xalqı bu məsələdə onlara minnətdar olmaqla yanaşı, “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində daim onların yanındadır və dəstəkləyirlər.

– Şura tərəfindən hər il bir çox qeyri-hökumət təşkilatlarına Xocalının tanıdılması üçün maliyyə yardımı ayırır. Onların fəaliyyətini necə qiymətləndirirsiniz?

– Azərbaycan dövləti, diaspor təşkilatlarının Xocalı ilə bağlı apardığı işlər Ermənistanı və ona havadarlıq edən dövlətləri narahat edir. Çünki ildən-ilə həm QHT-lərə Dövlət Dəstəyi Şurası, həm də bir sıra qeyri-hökumət təşkilatları tərəfindən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində  işlər görülür. Amma onu da xüsusi vurğulamaq istəyirəm ki, bu məsələdə daha çox peşəkarlıq və hədəfləri daha aydın müəyyən etmək lazımdır. Məsələn, qeyri-hökumət təşkilatlarının tam əksəriyyəti bu tədbirləri daha çox Türkiyədə keçirməyə üstünlük verir. Türkiyədə keçirilən tədbirlə Azərbaycanda olan tədbir arasında elə bir fərq görmürəm. Sadəcə, bizim də tövsiyələrimiz, fikirlərimiz ondan ibarət olur ki, bu tədbirlər daha çox Avropa ölkələrində keçirilsin. Çünki o dövlətlərin bir xristian təəssübkeşliyi var. Çox vaxt erməni diasporunun apardığı fəaliyyət nəticəsində elə bir vəziyyət yaranır ki, guya Azərbaycan bu məsələlərdə günahkardır. BMT-nin qəbul etdiyi qətnamələr, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının qərarları, o cümlədən Xocalı ilə bağlı bir çox dövlətlərin parlamentlərinin qəbul etdiyi qərarlar onu deməyə əsas verir ki, qeyri-hökumət təşkilatları, Azərbaycan ictimaiyyəti fəaliyyətini və təbliğati işlərini o ölkələrdə aparmalıyıq ki, onun nəticəsi olsun. Nəticə baxımından bu işlərin görülməsi istiqamətində demək olar ki, ildən-ilə müsbət tendensiya formalaşmaqdadır. Bilirik ki, ötən il ermənilər “qondarma erməni soyqırımı”nın” yüz illiyini qeyd etdilər. Bunu yüz yaşlı ermənilər etməyib ki? O tədbirləri onların varisləri, bu günə qədər gətirib çatdıran insanlar edib. Hesab edirəm ki, böyüməkdə olan nəsil, diplomatiyamız, təbliğatla məşğul olan qeyri-hökumət təşkilatlarımız bu məsələdə çox aktiv olmalıdırlar.

– Avropa ölkələrində fəaliyyət göstərmək üçün bəlkə, qeyri-hökumət təşkilatların potensialı azdır, yaxud diaspor təşkilatları ilə birgə işləməlidirlər? – Səmimi bir fikir bildirəcəm. Qeyri-hökumət təşkilatlarının bir çox hallarda diaspora ilə birgə həyata keçirdikləri tədbirlər qaneedici səviyyədə olmur. O baxımdan ki, buradan nümayəndələr gedir, Avropada hər hansı diaspor təşkilatı ilə bir otağa yığışır və məsələni müzakirə edib qayıdırlar. Artıq bu məsələyə son qoyulmaqdadır. Bəzi qeyri-hökumət təşkilatları Xocalı və ümumilikdə Ermənistanın təcavüzü ilə bağlı faktları çalışırlar ki, xarici yazarların vasitəsilə təqdim etsinlər. Təbii ki, xarici müəllifin yazdığı bir kitab, azərbaycanlının qələmə aldığından daha tez Qərb ictimaiyyətinə çatır. Çünki onlar bizim qələmə aldıqlarımıza şübhə ilə yanaşırlar. Amma bir avropalının Azərbaycanla bağlı yazdığı məqalə və yaxud digər materiallar Avropa cəmiyyətində daha yaxşı həzm edilir. Bu məsələ, eyni zamanda, çəkilən filmlərə də aiddir. Xarici media qurumlarının çəkdiyi filmlər Avropa cəmiyyəti üçün daha çox qəbulediləndir. Bizim vətəndaş cəmiyyəti institutlarının bir çoxunun ötən illər ərzində Avropaya yönəlik fəaliyyətləri ancaq diaspor təşkilatları ilə əməkdaşlıq səviyyəsində olub. Təbii ki, buradan gedən nümayəndələr diplomatik korpuslarımızla, oradakı diaspor təşkilatları ilə birgə fəaliyyət göstərməlidir, yoxsa, orada hər hansı tədbiri keçirmək mümkün olmaz. Amma gərək bizim diaspor təşkilatlarımız da fəal olsun. Təəssüflər olsun ki, diaspor təşkilatlarımız ermənilərin təşkilatları kimi fəal deyil. Bu da narahatedici məsələlərdəndir. Lakin Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət, eyni zamanda Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində görülən işlər bu məsələyə birbaşa istiqamətdir. Hər kəs bu yolu davam etdirsə, Azərbaycan xalqı uğur qazana bilər.

– Şura tərəfindən bu il Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində nə kimi işlər nəzərdə tutulub?

– Şura bir çox qeyri-hökumət təşkilatlarına və şəxslərə ezamiyyələrlə bağlı qrant layihələrini maliyyələşdirib. Türkiyədə və bir sıra Avropa ölkələrində Xocalı soyqırımına dair bir çox təşkilatlar artıq tədbirlər, aksiyalar keçirməyə başlayıb. Ümumiyyətlə, Azərbaycan həqiqətləri, Qarabağ məsələsi ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasının həyata keçirdiyi işlər bu il ərzində də davam etdiriləcək. Çünki şura müsabiqə zamanı istiqamətlərdən biri kimi Qarabağ həqiqətlərini müəyyən edib və buna müvafiq olaraq da qalib vətəndaş cəmiyyəti institutları fəaliyyətlərini qururlar.

  – Regionda baş verən gərginlik fonunda Rusiyanın Ermənistanı silahlandırması münaqişənin sülh yolu həllinə zərbə vurmurmu?

– Türkiyə ilə Rusiya arasında baş verən gərginlik Azərbaycana da təsirsiz ötüşmür. Hətta mövcud durumda təhlükənin qapımızın ağzında olduğunu desək, yanılmarıq. Çünki Türkiyə birmənalı olaraq bizi dəstəkləyir. Ermənistanın bütün təhlükəsizlik məsələsi Rusiyaya aiddir. Eyni zamanda, bu iki ölkənin hərbi sahədə əməkdaşlıqla bağlı müqavilələri var. Belə demək olarsa, Rusiya tamamilə Ermənistandadır. Son illər Ermənistan Rusiyanın bir bölgəsi kimi dünya ictimaiyyəti tərəfindən tanınır. Amma Türkiyə ilə gərginlik fonunda Rusiyanın Ermənistanı silahlandırması Azərbaycan üçün heç də xoş bir məqam deyil. Bəllidir ki, Ermənistanda mövcud olan ən müasir hərbi texnikaları Qarabağda yerləşdirir və bu silahlardan da təmas xəttində yaşayan azərbaycanlılara qarşı istifadə edirlər. Azərbaycan da öz torpaqlarının müdafiəsinə qalxmalıdır. Artıq aydındır ki, Qarabağ məsələsində Rusiya tərəf tutmağa başlayıb. Hətta rusiyalı politoloqlar, hərbi ekspertlər Azərbaycana qarşı fikirlər səsləndirməyə başlayıblar. Qərb dövlətlərinin işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı konkret mövqe sərgiləməməsi ölkəmizi ehtiyatlı addımlar atmağa vadar edir. Azərbaycanın istəyi odur ki, beynəlxalq hüquq normaları çərçivəsində, ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə işğal olunan torpaqlar azad olunsun, Azərbaycan öz suveren hüququnu bərpa etsin. Çox təəssüflər olsun ki, mövcud vəziyyət bölgənin gələcək taleyini müəyyən etməyə mane olur. Hesab edirəm ki, Azərbaycan öz təmkinli siyasətini davam etdirməli və hərbi müdaxilədən hələ ki uzaq olmalıdır. Çünki vəziyyət dəyişəcəyi halda Azərbaycanı nə Qərb, nə də Türkiyənin özü belə müdafiə etməyəcək. Hesab edirəm ki, Azərbaycan qonşu dövlətləri ilə əlaqələrini gücləndirməli və izah etməlidir ki, işğal olunmuş torpaqları azad olunmalıdır. Çünki ölkəmiz sülh tərəfdarı olduğunu artıq dünyaya bəyan edib və ölkədəki multikultural durum buna əyani sübutdur.

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …

Bir cavab yazın