Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Cəmiyyət / Villa tikmək istəyən məmurlar tövlədə yaşan şəhid anasına təzyiqlər edirlər

Villa tikmək istəyən məmurlar tövlədə yaşan şəhid anasına təzyiqlər edirlər

Firəngiz Məmmədova: “Onlar bağımı əlimdən almaq istəyirlər, polis isə onları müdafiə edir”

O, Bakının mərkəzində, onlarla villanın əhatəsində yerləşən bağda yaşayır. Yaşıllığın, ağacların əhatəsində, ancaq villada deyil, heyvan tövləsində… O, bir şəhid anasıdır, bir oğlunu 23 il əvvəl Qarabağda itirib. Bir övladı da Qarabağ müharibəsi veteranıdır.
Hazırda kimsəsiz halda küçələrdə yaşama təhlükəsi ilə üz-üzədir. Hələlik qonşunun tövləsində, tövlədən düzəltdiyi daxmada gecələyir. Sonrasının necə olacağını bilmir… Onun vaxtı ilə yaşadığı vaqona və torpağına isə ətrafda bir neçə dəbdəbəli villası olan şəxslər göz dikiblər. Onların məmurlarla razılaşması isə şəhid anasını küçələrə salıb.
Şəhid anası Firəngiz Məmmədova bildirir ki, mülkiyyətində olan 9 sota yaxın torpağı əlindən almaq istəyirlər: “Almaq deyəndə ki, artıq başqasının adına da sənədləşdiriblər. Polis, məhkəmə, bütün aidiyyatı qurumlar buna göz yumur, susur. Mənimsə haqqım tapdanır, övladlarım hərəsi bir küncdə yaşayır, mənsə tövlədən düzəldilən bu daxmada…”
Onun oğlu 1992-ci il noyabrında Qarabağ döyüşlərində həlak olub. Üstəlik, həyat yoldaşını da 2012-ci ildə uzun sürən xəstəlikdən sonra itirib. Onlarla villaları olan məmurlar isə onun bağına göz dikərək küçələrdə yaşamasına səbəb olublar.
F.Məmmədova deyir ki, həyat yoldaşını müalicə etdirmək üçün Bakı şəhərinin Nizami rayonunda yerləşən mənzillərini satıblar.
Bundan sonra isə Nizami rayonunda, Yavər Əliyev küçəsində yerləşən həyətyanı sahədə yaşayıblar: “Ev tikmək imkanımız olmadı, qonşuların verdiyi vaqonda yaşadıq. Vaqonun yerləşdiyi torpaq özümündür. Ancaq artıq torpağa kimlərsə göz dikib və məni oradan çıxarırlar. Ailəmiz bu torpaq sahəsindən 40 ildir ki, istifadə edir, əkib-becərir. Burada 9 sot torpaqda geniş bağ salmışıq. Buradakı ağacların bir neçəsini şəhid olan oğlum əkib. Mənə həm də oğlumun əkdiyi ağacları kəsəcəkləri ilə təsir etməyə çalışırlar. Məmurlar burada yeni villa tikmək həvəsinə düşüblər. Məni torpaq sahəmdən qovub çıxarıblar və aylardır ki, qonşunun tövləsində yaşayıram. Qonşu kiçik tövləsini abıra salıb, mənim müvəqqəti yaşamağım üçün daxma kimi düzəldib, orada yaşayıram”.
Onun sözlərinə görə, 2006-cı ildə torpağa mülkiyyət hüququnu təsdiq etmək üçün Nizami Rayon İcra Hakimiyyətinə müraciət edib və müsbət cavab da alıb. Ancaq üç il əvvəl yaxınlıqda bir neçə villası olan qonşuları həmin ərazini də almaq istəyib: “Mənə dedilər ki, buradan çıx, Hövsanda kiçik torpaq sahəsi verək, razılaşmadım. Üç il əvvəldən mənə qarşı hədələr, təhdidlər başladı. Hətta yaşadığımız vaqon evi gecəikən oğurladılar. Müraciət etdiyim Nizami Rayon 25-ci polis bölməsi isə şikayətimə baxmır. Artıq bağdakı əkin-biçin sahəmi dağıdıblar. 2015-ci il aprelin 9-da isə gecə ilə gəlib əşyalarımı maşına doldurub, bağdan çıxarıblar. Dolanmaq üçün yaslarda yemək bişirirəm, bir neçə böyük qazanım var. Bu qazanları da harasa aparıblar, qaytarmırlar. Məni isə hədələyirlər, bağdan çıxmağımı tələb edirlər. Rəsmilər, aidiyyatı qurumlar isə nəinki şikayətimə baxır, əksinə, onları müdafiə edirlər. Təsəvvür edin, bir neçə nəfər qəflətən bağa girib, mənim qollarımı tutaraq, pal-paltarımı, əşyalarımı maşına yükləyib, aparıblar. Polis isə bu cinayətə göz yumur. Əksinə, mənə təzyiq göstərilir ki, şikayətimi geri götürüm. Polis bizimlə həmin adamların vəkilləri kimi danışır, qanunsuz, haqsız olaraq onları müdafiə edir. Artıq bizə bildirilib ki, həmin torpaq sahəsi başqasının adına rəsmiləşdirilib. Aidiyyatı qurumlar, əzilən vətəndaşa kömək etməli, onun haqqını qorumalı olan qurumlar quldurlarla əlbirdir. Ümidim prezidentədir, yalnız…”
Qeyd edək ki, F.Məmmədova Prezident İlham Əliyev də daxil olmaqla, onlarla digər səlahiyyətlilərə müraciət edərək, kömək istəyib: “Hətta Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova da şikayət məktubu göndərmişəm. Şikayətlərimə cavab gözləyirəm. Polis həmin adamları himayə edir. Hətta Mamed adlı sahə müvəkkili mənə hədə-qorxu gəlir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma bir necə teleqram vurmuşam. Teleqramlar tədbir görülmək üçün Dövlət Neft Şirkətinə və Baş Polis İdarəsinə göndərilib. Torpağımı zəbt etməyə çalışanlardan biri Neft Şirkəti rəhbərliyi ilə bağlı adamdır. Valeh və Alim kimi özlərini təqdim edən bu adamlar deyirlər ki, Rövnəq Abdullayevin qohumlarıdır. Polis mayorları mənə zəng edərək tələb edirlər ki, şikayətimi geri götürüm. Dövlət başçısı İlham Əliyevə müraciət edib, kömək istəyirəm. Mənim haqqımın tapdalanmasına yol verməsin. Məni bu quldurlardan qorusun, haqqımı özümə qaytarsın. Quldurlar qanun qarşısında cavab versinlər”.
Məsələni diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Röya RƏFİYEVA,
Fotolar müəllifindir.







Həmçinin oxuyun

Çoxuşaqlı ailələrin sayı niyə azalır? – Videosorğu

Azərbaycanda çoxuşaqlı ailə modeli tarixə qovuşmaq üzrədir. Ölkədə doğulan uşaqların sayı, eləcə də ailədə 3, …

Bir cavab yazın