Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Vilayət Eyvazovun insan alveri barədə HESABATI

Vilayət Eyvazovun insan alveri barədə HESABATI

Milli Məclisin bu gün keçirilən plenar iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib. Hafta.az-ın məlumatına görə, daxili işlər nazirinin müavini Vilayət Eyvazov məruzə ilə çıxış edib.

O bildirib ki, 2014-cü ildə 20 milyondan çox şəxs insan alverinin qurbanı olub. Azərbaycanda insan alverinin qurbanlarının daha çox hansı ölkələrə aparıldığı məlum olub. Nazir müavini deyib ki, müəyyən olunmuş 54 qurbandan (51 qadın, 3 kişi) 37-si Türkiyə Respublikasına, 8-i Rusiya Federasiyasına, 6-sı Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 3 əcnəbi (Rusiya Federasiyasının iki, Çin Xalq Respublikasının bir vətəndaşı) ölkə daxilində istismara məruz qalıb.

V.Eyvazovun sözlərinə görə, müvafiq cinayətlərdə təqsirləndirilərək haqqında axtarış elan olunan 25 şəxsdən 12-si tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib:

“Hesabat ilində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2013-cü illə müqayisədə 21 faiz çox və ya 97 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanıb.

Bu əməllərə görə 26 nəfər (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib, insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Qurbanlardan 38-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib, eləcə də təhlükəsizliyi təmin olunub. Bütövlükdə 54 qurbana birdəfəlik müavinət verilib, 40-na Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 24-ü işlə təmin edilib, 30-u peşə kurslarına göndərilib. Həyata keçirilmiş profilaktik tədbirlərlə 34 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 36 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib”.

V.Eyvazov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 28 qurbana hüquqi və psixoloji yardım, həmçinin Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 43 qurbana tibbi xidmət göstərilib:

“Sığınacağa yerləşdirilmiş qurbanların himayəsində olan 16 azyaşlı məktəbdənkənar təhsil proqramına cəlb edilib, о cümlədən 5-i “Azərbaycan Uşaqlar Birliyi” İctimai Təşkilatının müvəqqəti sığınacağına yerləşdirilib. Müvafiq tədbirlərlə, həmçinin ictimai mənəviyyat əleyhinə olan 183 cinayət aşkarlanaraq 115 nəfər məsuliyyətə cəlb olunub, 571 qadın barəsində inzibati tədbirlər görülüb”.

Nazir müavini bildirib ki, insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlərlə əlaqədar “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 13 mindən çox müraciətə baxılaraq hər biri üzrə qanunvericiliyə uyğun tədbir görülüb:

“İnsan alveri cinayətləri törətməkdə təqsirləndirilən və ya şübhəli şəxslərin eyniləşdirilməsinə dair “İnterpol”a üzv dövlətlərdən daxil olan 50-dən çox sorğu cavablandırılıb, eyni zamanda, kütləvi informasiya vasitələrində və internet səhifələrində xarici dövlətlərdə işləməklə bağlı təkliflər araşdırılıb”.

Onun sözlərinə görə, beynəlxalq tədqiqatlardan görünür ki, insan alverinin durmadan genişlənməsi – transmilli mütəşəkkil cinayətkarlığın və qanunsuz miqrasiyanın qlobal xarakter alması, ucuz işçi qüvvəsinin külli miqdarda gəlir gətirməsi, gender bərabərliyinin pozulması, məişət zorakılığı və digər problemlərlə əlaqədardır:

“Birləmiş Millətlər Təşkilatının dünyada insan alverinin vəziyyətinə dair 2014-cü ilin noyabr ayına olan hesabatına görə transmilli mütəşəkkil cinayətkarlığın bu təhlükəli növünə demək olar ki, bütün dövlətlərdə və regioniarda rast gəlinir. Son 5 ildə 152 ölkədən olan qurbanlar istismar məqsədilə 500-dən çox daimi marşrut üzərindən 124 ölkəyə daşınıb. Hər il bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir ki, onların da arasında məcburi əməyə cəlb olunanların sayı stabil templə artaraq 40 faizə yüksəlib. Qurbanların 53 faizi cinsi istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalır. Narahatedici məqamlardan biri də qurbanların içində azyaşlı qızların xüsusi çəkisinin 21 faiz təşkil etməsidir.

Həmçinin, bugünədək 31 dövlətin Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına və onu tamamlayan Palermo Protokoluna qoşulmaması 2 milyarddan çox şəxsin insan alverinin beynəlxalq müdafiə mexanizmləri ilə əhatə olunmasını istisna edir. Bütün bunlara baxmayaraq, insan alverinin qarşısının alınması, qurbanların hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər dayandırılmayıb. Son 3 ilə yaxın müddətdə dünyada insan alveri ilə bağlı 25 mindən çox cinayət işinin istintaqı aparılıb, 15 minə yaxın şəxs məhkum edilib, 133 min qurbanın hüquqları bərpa olunub. İnsan alverinin mahiyyəti barədə məlumatlılığın artırılması, beynəlxalq ictimaiyyətin diqqətinin qurbanların üzləşdiyi problemlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı iyulun 30-nu ötən ildən etibarən “İnsan alveri ilə beynəlxalq mübarizə günü” elan edib. Dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycanda 2014-cü il insan alverinə qarşı mübarizə tədbirləri kontekstində əhəmiyyətli olub”.

Nazir müavini qeyd edib ki, ölkəmizin insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlı mövqeyinin, bu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalmasının əyani təsdiqi olaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ila sayca üçüncü Milli Fəaliyyət Planı qəbul edilib.

Sonda Vilayət Eyvazovun hesabatı qəbul edilib.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın