Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / Vidadi Zeynalova yeni ittiham verildi – Aparat rəhbərinin vəziyyəti ağırlaşdırılır

Vidadi Zeynalova yeni ittiham verildi – Aparat rəhbərinin vəziyyəti ağırlaşdırılır

Vəkil Ceyhun Yusifov: “Vidadi Zeynalov nazir, nazir müavini olmayıb, bu baxımdan ittihamları qəbul etmir”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdəki aparat rəhbəri Vidadi Zeynalovun istintaq müddəti artırılıb və ona yeni ittiham elan olunub. 
Bu haqda redaksiyamıza daxil olan məlumatı dəqiqləşdirmək üçün V.Zeynalovun vəkili Ceyhun Yusifovla əlaqə saxladıq. Vəkil bildirdi ki, müvəkkilinə verilmiş köhnə və yeni ittihamlarla razı deyillər: “Vidadi Zeynalov ittihamları birmənalı şəkildə rədd edir. Vidadi Zeynalova qarşı irəli sürülmüş ittihamlar tam şəkildə əsassızdır. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham elan olunsa da, ittihamların konkret əsası yoxdur. Vidadi Zeynalov ittihamlar üzrə günahsızdır. Maddi məsul şəxs deyil. Verilmiş ittihamların subyekti Vidadi Zeynalov ola bilməz. Vidadi Zeynalov nazir, nazir müavini olmayıb, bu baxımdan da Vidadi Zeynalov ittihamları qəbul etmir”.
Vəkil bildirib ki, 1 aydan çoxdur Vidadi Zeynalovun elementar hüquqları da pozulmaqdadır: “Ona ailəsi ilə görüşə şərait yaradılmır, telefon danışığı hüququ tapdanır, ona yaxınları ilə telefonla danışmağa imkan vermirlər. Təqsirləndirilən şəxslərin saxlanması haqda qanunun tələblərinə zidd olaraq əksər hüquqları tam şəkildə pozulur, əsassız olaraq bir çox məhdudiyyətlər tətbiq olunur. Səhhəti ilə bağlı heç bir tədbir görülmür. Həbsindən ötən aylar ərzində istintaqa Vidadi Zeynalovun günahının olmadığını sübut və dəlillərlə təqdim etmişik. Amma hər dəfə Vidadi Zeynalovun durumu daha da ağırlaşdırılıb, yeni ittihamlar irəli sürülüb”.
Vəkil deyir ki, bir neçə gün əvvəl müvəkkilinə yeni ittihamın irəli sürüldüyünü təsdiqləyib: “Vidadi Zeynalova qarşı yeni ittiham Cinayət Məcəlləsinin 313-cü – vəzifə saxtakarlığı maddəsi ilə irəli sürülüb. Vidadi Zeynalov həbs edilən gündən bu günə qədər irəli sürülən ittihamlar tam şəkildə əsassızdır. Vidadi Zeynalov deyir ki, fəaliyyətində heç vaxt qanunsuzluqlara yol verməyib. O, verilən tapşırıqların icraçısı olub. Vidadi Zeynalov maddi məsul şəxs olmamaqla yanaşı sərəncam vermək hüququna malik olmayan şəxsdir. Bu məsələlərin Vidadi Zeynalova aidiyyatı yoxdur”.
V.Zeynalov 2004-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri vəzifəsinə təyin edilib. O, nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməkdə,  müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsində və israf edilməsini təşkil etməkdə ittiham olunur.
2015-ci ilin noyabrında Cinayət Məcəlləsinin 179.3.2-ci  və 308.2-ci maddələri ilə ittiham olunaraq barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonardan sabiq aparat rəhbərinin həbs müddəti 4 ay olmaqla 2 dəfə də artırılıb. Maraqlıdır ki, ötən ilin oktyabrında Rabitə və Yüksək Texnologiyalar Nazirliyində başladılan qəfil yoxlamalardan sonra nazirliyin rəhbər vəzifəlilərinin bir çoxu istintaqa cəlb olunublar. Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri  Beytulla Hüseynov və başqaları həbsə alınıblar. Yoxlamalardan sonra Əli Abbasov nazir postunu itirsə də, həbs alınmayıb.
Qeyd edək ki, Əli Abbasov MTN işi ilə bağlı məlumatlar ortaya çıxdıqdan sonra, ötən il noyabr ayının 12-də, prezident İlham Əliyev tərəfindən rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …

Bir cavab yazın