Bazar , Noyabr 28 2021
Ana səhifə / Cəmiyyət / “Vaxt tapıb oturaq” deyən çox, “vaxt tapıb teatra gedək” deyən yoxdur – Şərif Ağayar

“Vaxt tapıb oturaq” deyən çox, “vaxt tapıb teatra gedək” deyən yoxdur – Şərif Ağayar

Pandemiya ucbatından uzun müddət şadlıq sarayları, kafe və restoranlar, kitabxanalar, teatrlar bağlı qaldı. Artıq bir müddət sonra insanlar haqlı olaraq etiraz etməyə başladılar. Narazılar ən çox kafe və restoranların açılmasını tələb edirdilər. Kitabxana və teatrların açılması ilə bağlı tələbə rast gəlmək mümkün deyildi.

Maraqlıdır, Azərbaycan əhalisi mənəvi qida almağa niyə bu qədər həvəssiz yanaşır?

Yazıçı Şərif Ağayar mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib. 

Onun sözlərinə görə, dünyanın heç bir yerində kafe və restoranlarla, teatr və kitabxanalara gedən adamların nisbəti uyğun gəlmir:

“Kafe və restorana hər kəs, teatr və kitabxanalara isə az-çox intellekti olanlar gedir. Teatr və kitabxanalara gedənlər həm də kafe və restoranlara gedir, lakin hər “yeyib-içən oğlan” teatr və kitabxanaların müştərisi deyil. Ölkəmizdə bu nisbət faciəvidir. Ümumən bizim arxetipdə yeyib-içmək çox güclüdür. Həmişə deyirlər ki, “Vaxt tapıb oturaq”. “Vaxt tapıb teatra gedək” deyən yoxdur.

Mədəniyyət müəssiləri, ümumən kitab azərbaycanlının həyat komponenti deyil. Bu, kimlərinsə işinə yarayır. Lakin tam ümidsiz olmaq da doğru deyil. Şəxsən mən teatr və kitabxanaların açılmasını istəyən, hətta bunu tələb edən çox insan gördüm. Sosial şəbəkələrdə uyğun həştəqlər də yaradılmışdı.

Daha bir misal, Azərbaycan tarixində ilk dəfə bu ayın əvvəli Bakı İdman Sarayında müstəqil nəşriyyatların keçirdiyi sərgini deyə bilərəm. Şəxsən mən bu tədbirin alınacağına inanmırdım. Həm bürokratik əngəllər, həm də insanların marağı baxımından. Lakin baş tutdu. Çoxsaylı ziyarətçilər gəldi, kitablar alındı, müxtəlif panellər keçirildi. Mənimlə də görüş təşkil olunmuşdu. Yəni vəziyyət lap da ümidsiz deyil”.

Şərif Ağayar Azərbaycan kitab sənayesi sisteminin çağdaş prinsiplərlə qurulmalı olduğunu qeyd edib:

“Mədəniyyət siyasətinə küll halında yenidən baxılmalıdır. Dövlət müstəqil mədəniyyət qurumlarının və müəssisələrinin təşəbbüsü ələ almasına qısqanc yanaşmamalıdır. Əks halda hər şey hesabat xarakterli, görüntü xatirinə baş verəcək”.

Həmçinin oxuyun

“İki talesiz insanın oğluyam” – Məmməd İsmayıldan eşitmədiyiniz hekayətlər

Şair Məmməd İsmayıl şeirlərinin birində “bir bizim ömrümüz var, bir də ki taleyin ömrü”, deyir. …