Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov yüksək bal toplamış tələbələrlə görüşüb – FOTOLAR

Vasif Talıbov yüksək bal toplamış tələbələrlə görüşüb – FOTOLAR

Avqustun 21-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən  bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali, ali hərbi və orta ixtisas məktəblərinə qəbul imtahanlarının uğurla başa çatdığını bildirib, tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək deyib: “Yaşadığımız dövr bizdən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Gənclik və təhsil məsələlərinə münasibətdə belə bir fikir özünü daha aydın şəkildə büruzə verir ki, güc – bilikdədir. Ölkələrin gücü isə onların malik olduqları təhsilli və vətənpərvər gəncliklə, milli kadr potensialı ilə ölçülür. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası da ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Bu gün dahi şəxsiyyətin ideyaları Naxçıvan Muxtar Respublikasında böyük yaradıcı gücə çevrilib. Elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur”.

Ali Məclisin Sədri deyib: “Tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər. Bütün yaşayış məntəqələrində şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan 4242 kompüter, 600-ə yaxın elektron lövhə, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları verilib. Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Ümumtəhsil məktəblərini bitirən gənclər ali, ali hərbi və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər. Gənclərin təhsili ilə yanaşı, onların işlə təminatı da diqqət mərkəzindədir. İstər dövlət idarəçiliyində, istərsə də ictimai və təsərrüfat fəaliyyəti sahələrində gənclərə böyük etimad göstərilir, ölkəmizin inkişafında, müstəqil dövlətimizin möhkəmlənməsində və müdafiəsində gənc kadrların potensialından geniş istifadə olunur”.

Ali Məclisin Sədri deyib: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır. Bütün bu qeyd olunanları nəzərə alaraq Vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. Hər bir gənc müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, özünü mənsub olduğu xalqa layiqli vətəndaş kimi hazırlamalıdır”.

Ali Məclisin Sədri çıxışını mərhum Heydər Əliyevin “Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına Müraciəti”ndəki fikirləri ilə tamamlayıb: “Gərək gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin… Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, Azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir… Çünki Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov tədbirdə çıxış edərək deyib ki, 2017-ci ilin ötən dövründə muxtar respublikada 2716 şagird yerlik 5 məktəb binası istifadəyə verilib. Hazırda 8 məktəb binasının tikintisi davam etdirilir. Təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb. İyunun 17-də Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində ilk dəfə olaraq yeni formatda buraxılış imtahanları keçirilib və imtahanlarda IX sinif üzrə 3704, XI sinif üzrə 2957 məzun iştirak edib. Keçirilən buraxılış imtahanlarının nəticələri göstərir ki, muxtar respublikada təhsil sahəsində keyfiyyət amili yüksələn xətt üzrə inkişaf edib. IX siniflərin buraxılış imtahanlarında ana dili fənni üzrə müvəffəqiyyət 98,7 faiz, riyaziyyat fənni üzrə müvəffəqiyyət 95,1 faiz təşkil edib. XI siniflər üzrə keçirilən imtahanlarda isə ana dili fənni üzrə müvəffəqiyyət 91,1 faiz, riyaziyyat fənni üzrə müvəffəqiyyət 89 faiz, xarici dil fənni üzrə müvəffəqiyyət 82,1 faiz təşkil edib. Bu isə öz növbəsində ali məktəblərə sənəd qəbulunun, eyni zamanda, tələbə qəbulunun səviyyəsinin artmasına müsbət təsir göstərib. 2017-ci ildə ümumtəhsil məktəblərini 2758 məzun bitirib. Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2331 nəfər olub. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 78,4 faizi deməkdir. Məzunlardan 151-i xüsusi təyinatlı ali məktəblərə qəbul üçün sənəd verib. Bu il muxtar respublikanın ümumtəhsil məktəblərindən ümumi orta təhsil bazasından 1150 məzun orta ixtisas məktəblərinə qəbul üçün sənəd verib. 2017-ci il qəbul imtahanlarında məzunları yüksək nəticələr göstərən məktəblərin sayı 108-ə çatıb, 125 məzun xarici dil ixtisasında oxumağa üstünlük verib.

Qeyd olunub ki, ali təhsil müəssisələrinə qəbul prosesində yüksək nəticələrə nail olanlar içərisində qızların sayı artmaqdadır. 2017-ci ildə 500-700 arası bal toplayanların içərisində qızların sayı 174 nəfər və ya 60,2 faiz olub. Ümumilikdə tələbə adını qazanan məzunların isə 784-ü və ya 52,2 faizi qızlar olub. Naxçıvan şəhəri üzrə 60, Şərur rayonu üzrə 36, Babək rayonu üzrə 38, Ordubad rayonu üzrə 41, Culfa rayonu üzrə 32, Şahbuz rayonu üzrə 19, Kəngərli rayonu üzrə 18, Sədərək rayonu üzrə 4, Heydər Əliyev adına tam orta məktəb üzrə 11, Naxçıvan Qızlar Liseyi üzrə 13, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üzrə 9 və Naxçıvan Qarnizonunun tam orta məktəbi üzrə 8 məzun 500-700 arası bal toplayıb. Muxtar respublikamızın ali təhsil müəssisələrində yaradılan yüksək təhsil şəraitinin nəticəsidir ki, abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almağa daha çox üstünlük verirlər. 2017-ci ildə abituriyentlərin 1201-i, yaxud 80 faizi ixtisas seçimi zamanı Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər.

Təhsil naziri deyib ki, 2016-2017-ci tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran 15 məzun qızıl, 6 məzun gümüş medala, 113 məzun isə fərqlənmə attestatına layiq görülüb. Qəbul imtahanlarında həmin məzunlar onlara göstərilən etimadı doğruldaraq 500-700 arası bal toplayıblar. Muxtar respublikamızda fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahəyə marağı artırıb. Bu il orta ixtisas məktəblərinə sənədvermədə artım olub və orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasından sənəd verən məzunlardan 320-si tələbə adını qazanıb. 2016-2017-ci tədris ilində peşə təhsili istiqamətində xeyli irəliləyiş olub. Yaradılmış 1 və 3 aylıq qruplardan tədris ili ərzində 3339 müdavim məzun olaraq müvafiq təhsil sənədi alıb və istehsalatın müxtəlif sahələrində fəaliyyətə başlayıblar. Muxtar respublikada aparılan uğurlu ordu quruculuğu gənclərin hərbi təhsil sahəsinə marağını artırıb. Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 670 şagird sənəd verib, onlardan 124-ü kursant adını qazanıb. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul üçün 379, Qızlar Liseyinə isə 159 şagird sənəd verib, imtahanın nəticələrinə əsasən liseylərin hər birinə 61 şagird qəbul olunub.

Valideyn Elmar Camalov çıxış edərək deyib ki, bu gün Naxçıvan Muxtar Respublikasında davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb. Övladlarımız milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi yetişirlər. Hər bir valideyn fəxr edir ki, övladı ən müasir şəraiti olan məktəblərdə təhsil alır. Övladlarımız milli dəyərlərimizə, adət-ənənələrimizə, tariximizə hörmətlə yanaşan, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər kimi yetişirlər. Bütün bunlar müasir Naxçıvanda təhsilin inkişafını göstərməklə yanaşı, həm də etibarlı gələcəyimizdən soraq verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək bal toplayan tələbələrlə görüşməsi onları daha yaxşı oxumağa ruhlandırır, biz valideynlərin isə ölkəmizin gələcəyinə cavabdehlik hissini daha da artırır. Mənim övladım da yaradılan təhsil şəraitindən bəhrələnərək qəbul imtahanlarında fəal iştirak edib, 670 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyat ixtisasına qəbul olunub. Bir valideyn üçün bundan böyük sevinc ola bilməz. Qürurlanırıq ki, təhsilin böyük hamisinin rəhbərliyi dövründə yaşayır və fəaliyyət göstəririk. Bu gün bu zalda toplanan sağlam gənclik – bizim övladlarımız işıqlı ideyalarınızın davamçıları olacaqlar.

Qəbul imtahanlarında 685 bal toplamış tələbə Novruz Nəcəfli deyib ki, bu gün muxtar respublikada gənclərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılıb. Təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Naxçıvanda gənclər savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gənclərin daha yaxşı təhsil almasına imkan verir. Təhsil aldığım Culfa rayonunun Yaycı kənd 2 nömrəli tam orta məktəbində də ən müasir tədris şəraiti vardır. Bu il də tam orta təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun qızıl və gümüş medallarla təltif olunub. Mən də qızıl medala layiq görülmüşəm. Bu etimadı doğruldaraq qəbul imtahanlarında 685 bal toplamış və Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olmuşam. Ali məktəblərə qəbul olunan bütün tələbələr adından minnətdarlıq edən Novruz Nəcəfli deyib ki, biz Vətən qarşısında, rəhbər qarşısında öz borcumuzu hiss edir və əmin edirik ki, harada oxumağımızdan asılı olmayaraq göstərilən etimadı doğruldacaq, Azərbaycan gəncliyinin adına layiq olacağıq.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” kitabı və pul mükafatı təqdim olunub.

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın