Ana səhifə / Cəmiyyət / Vasif Talıbov Naxçıvan aeroportunda yeni terminalın açılışında – FOTO

Vasif Talıbov Naxçıvan aeroportunda yeni terminalın açılışında – FOTO

Sentyabrın 11-də Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb terminalı” istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov açılışı bildirən lenti kəsiblər.

Məlumat verilib ki, Naxçıvan Beynəlxalq Hava Limanının aerovağzal binası tamamilə yenidən qurulub, keçid körpüləri və teloskopik traplar quraşdırılıb. Aerovağzal binası Şərq və Qərb terminallarından ibarətdir. “Qərb terminalı”nda minik və enişlərin təmin olunması üçün ən müasir tipli teleskopik trap quraşdırılıb. Teleskopik trap vasitəsilə sərnişinlər rahatlıqla təyyarələrə minəcək, həmçinin təyyarədən terminal binasına keçəcəklər. Müasir avadanlıqların quraşdırılması sərnişinlərin rahatlığına və uçuşların təhlükəsizliyinə imkan verəcək.

Sərnişin və yüklərin təhlükəsiz və beynəlxalq normalara uyğun daşınmasının təşkil edilməsi üçün terminalda yüksək standartlara cavab verən yoxlama avadanlıqları, 2 ədəd eskalator, məhdud hərəkətli sərnişinlər üçün lift, uşaq əyləncə guşəsi, tranzit səyahət edən sərnişinlər üçün zal, 41 metr uzunluğunda yeni baqaj konteyneri, ana və uşaq otaqları, kafe, tibb otağı, hərbiçi ailələri üçün istirahət otağı və digər xidməti otaqlar istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb. Həmçinin Naxçıvan Beynəlxalq Hava Limanı eyni vaxtda bir neçə təyyarəni, o cümlədən tranzit uçan təyyarələri qəbul edib, yolasalma imkanına malikdir.

Binada xarici reyslərin qarşılanıb-yola salınması üçün pasport-qeydiyyat bölmələri və viza otağı, o cümlədən sərhəd, gömrük və miqrasiya xidmətlərinin əməkdaşları üçün müasir iş şəraiti yaradılıb, Azərbaycan, ingilis və rus dillərində elektron informasiya köşkü qurulub. Terminal videonəzarət sistemi ilə təmin edilib, kafe fəaliyyətə başlayıb.

“Qərb terminalı” ilə tanışlıqdan sonra kollektivlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kollektivi təbrik edərək deyib: “Yaxşı iş şəraiti yaxşı əhval-ruhiyyə deməkdir. Naxçıvan Beynəlxalq Hava Limanında işçilər üçün hərtərəfli iş şəraiti yaradılmış, aerovağzal binası ən müasir tələblər səviyyəsində qurulmuşdur. Dövlətimiz tərəfindən bu tədbirlər ona görə həyata keçirilir ki, ölkəmizə gələn qonaqların və əhalinin rahatlığı hava limanlarında təmin olunsun. Naxçıvan Muxtar Respublikası üçün hava nəqliyyatında xidmətin hərtərəfli təşkili daha vacibdir. Çünki muxtar respublikaya gələn qonaqlar əsasən hava limanından istifadə edirlər. Hava limanında yaradılan şərait, göstərilən xidmət gələn qonaqlarda Naxçıvan haqqında ilk təəssürat yaradır. Ona görə də işçilər yaradılan şəraitdən səmərəli istifadə etməli, qurulanları qoruyub saxlamalı, xidməti vəzifələrini öyrənməli, nümunəvi xidmət göstərməlidirlər”.

Ali Məclisin sədri bildirib: “Bu gün ölkəmiz müharibə şəraitində yaşayır. Lakin ölkə Prezidentinin diqqət və qayğısı ilə digər sahələrdə olduğu kimi, hava nəqliyyatının inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür. Naxçıvan Beynəlxalq Hava Limanının yenidən qurulması da bu tədbirlərin tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2015-ci ildə Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq terminalı” istifadəyə verilmişdir. Bu gün isə “Qərb terminalı” fəaliyyətə başlayır”.

Ali Məclisin sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, hava limanının yenidən qurulmasında əməyi olanlara təşəkkür edib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın