Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov müşavirə keçirdi

Vasif Talıbov müşavirə keçirdi

Avqustun 26-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Azinforum.azın qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri müzakirə olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Ölkə Prezidentinin himayəsi ilə Naxçıvana təbii qazın verilməsi, yeni elektrik stansiyalarının qurulması və enerji təhlükəsizliyinin təmin olunması, əhalinin ilboyu dayanıqlı təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin olunması, istilik sistemlərinin yenilənməsi, yaşayış məntəqələrində aparılan quruculuq işləri və yaradılan şərait payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırıb. Lakin muxtar respublikanın iqlim şəraiti nəzərə alınaraq payız-qış mövsümünə hazırlıq tədbirləri hər il diqqətdə saxlanılmalı, mövcud infrastruktur daha da təkmilləşdirilməli və müvafiq tədbirlər həyata keçirilməlidir.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının baş naziri Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov və Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Tofiq Həsənov payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat veriblər.

Ali Məclisin sədri Vasif Talıbov müşavirədə çıxış edib və müvafiq nazirliklərə və digər qurumlara zəruri tapşırıqlar verib: “Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır. Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı Naxçıvan Qarnizonu üzrə qışa hazırlığın vəziyyətini araşdırıb, Ali Məclisə məlumat verməlidir. Şəhər və rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini, payız mövsümündə yeni yaşıllıqların salınmasını təşkil etməlidirlər. Muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq tədbirlər görülməlidir. Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və aidiyyəti təşkilatlar birlikdə qış mövsümündə elektrik enerjisi və təbii qaz sayğaclarına müdaxiləyə, sayğacdankənar istifadə hallarına qarşı reydlərin keçirilməsini davam etdirməlidirlər”.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın bölgüsünü təsdiq etsin və payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabr ayının sonunadək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın