Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Cəmiyyət / Vahid Əhmədovun Rüfət Aslanlını sərt tənqid etməsinin ilginc səbəbləri

Vahid Əhmədovun Rüfət Aslanlını sərt tənqid etməsinin ilginc səbəbləri

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının ləğvindən sonra bu şuraya rəhbərlik etmiş Rüfət Aslanlının yarıtmaz fəaliyyətinə dair açıqlamalar verilir.

Xeyli müddətdir Palatada Direktorlar Şurasının sədri Rüfət Aslanlının idarəçilik səlahiyyətlərinin faktiki olaraq əlindən alındığı hər kəsə məlum idi. Bu baxımdan, onun vəzifəsinin birdəfəlik ləğvi çoxları üçün gözlənilməz olmadı. Az bir qisim sabiq sədrin işinin peşəkarı olduğunu söyləsə də, əksər iqtisadçılar onu müsbət xarakterizə etmir.

R.Aslanlının Palatadan uzaqlaşdırılmasını xeyli razılıqla qarşılanır. Məsələn, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirir ki, R.Aslanlının rəhbərlik etdiyi Palatanın fəaliyyətində  ciddi nöqsanlar vardı. Deputat qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaranan vaxt böyük gözləntilər vardı: “Amma çox təəssüflər olsun ki, bu gözləntilər özünü o qədər də doğrultmadı, ciddi səhvlərə yol verildi. Bu haqda mətbuatda da geniş yazıldı. Amma düşünürəm ki, dövlət başçısının Palata ilə bağlı imzaladığı son sənəddən sonra bu qurumun fəaliyyətində ciddi dönüş yaranacaq. Çünki buna ciddi ehtiyac var və artıq ilkin müsbət işartılar da özünü göstərməkdədir”.

R.Aslanlı barədə ən sərt fikirləri isə millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov səsləndirdi. Onun sözlərinə görə, Prezident R.Aslanlı ilə bağlı düzgün qərar verib: “Vaxtında biz bu Palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar bizim əleyhimizə çıxış etdilər. Ancaq biz haqlı idik. Palata 2 ildən artıqdır ki, fəaliyyət göstərsə də, yalnız son 6 ayda baş icraçı direktor İbrahim Alışovun rəhbərliyi dövründə maliyyə sektorunda dirçəlmə olub. Həftədə 2-3 dəfə onunla danışıram. Dollarda götürülmüş kreditlərlə bağlı problemlər var. Hesab edirəm ki, prezident onunla bağlı düzgün qərar verdi”.

Deputat söyləyib ki, yeni rəhbərliklə müəyyən məsələləri müzakirə edə bilirlər: “Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi,  çaxır buraxır. Üstünə adını yazdırır. 65 min manat maaşı da özün alır (Rüfət Aslanlını nəzərdə tutur-red).  Bu harda görülüb ki? Normal adam olsaydı, normal işləyərdi”.

İndiyədək vəzifədən alınan heç bir məmur barədə mənfi fikir səsləndirməyən V.Əhmədovun R.Aslanlı barədə bu qədər kəskin danışmasının səbəbi nədir? Əldə etdiyimiz məlumata görə, millət vəkili həmkarı Əli Məsimli ilə birlikdə xarici valyutada olan kreditlərlə bağlı problemin həllinə dair hazırladığı təkliflərin hökumətdə qəbul edilməməsinin əsas günahkarı olaraq da R.Aslanlını görür.

Xatırladaq ki, 2015-ci il devalvasiyalarından sonra əhali ilə banklar arasında dollarla götürülmüş kreditlərlə bağlı ciddi böhran yaranmışdı. Həmin ərəfədə millət vəkilləri V.Əhmədov və Ə.Məsimli problemin həllinə dair təkliflər paketi hazırlayaraq hökumətə təqdim etdilər. Təkliflər paketində borclara görə məsuliyyətin dörd tərəf arasında -hökumət, Mərkəzi Bank, banklar və əhali arasında bölünməsi nəzərdə tutulurdu. 5000 dollara qədər – imkan olsa, 10 000 dollaradək olan borcların 1dollar = 1,05 manatdan, ondan böyük məbləğlərin isə 1 dollar = 1,20 – 1,30 manat intervalında olan məzənnə ilə qaytarılması təklif edilirdi.  Bundan əlavə, millət vəkilləri  “Fiziki şəxslərin müflisləşməsi haqqında” qanunun qəbul edilməsini, şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlanmasını təklif edirdilər. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu yolla  bankların fəaliyyətinin normallaşdırılması nəzərdə tutulurdu.

Təkliflər paketi hökumətə təqdim edildikdən və detalları açıqlandıqdan sonra ictimaiyyət tərəfindən ciddi dəstək qazandı. Eyni zamanda bəzi hökumət məmurlarından, xüsusilə də Mərkəzi Bankı sədri Elman Rüstəmovdan problemli kreditlər məsələsinin həllində dövlət dəstəyinin mümkünlüyü ilə bağlı müsbət rəylərin verilməsi paketin tezliklə qəbul olunacağına dair ümidlər yaratmışdı. Lakin az sonra  R.Aslanlı məsələyə münasibət bildirərək, dövlətin hər hansı formada problemli kreditlər məsələsinin həllində iştirakına qarşı olduğunu vurğuladı. Eyni zamanda maliyyə naziri Samir Şərifov da təxminən eyni mövqeni dəstəkləyən fikirlər səsləndirdi. Bununla da millət vəkillərinin təkliflərinin reallaşacağına olan ümidlər aradan qalxmış oldu.

Belə güman edilir ki, V.Əhmədovun R.Aslanlı barədə kəskin fikirləri sonuncunun daha çox problemli kreditlərlə bağlı mövqeyindən qaynaqlanır. Millət vəkili eyni zamanda “rəhbərlikdə normal insan olanda normal danışmaq olur” deyir. Bununla da V.Əhmədov R.Aslanlının rəhbərliyi dövründə millət vəkili olaraq sözlərinin eşidilimədiyini, mövqelərinin nəzərə alınmadığını diqqətə çatdırır. (Musavat.com)

VIPedu.BIZ

Həmçinin oxuyun

“Azərbaycan kimi İsveçdə də rəssamlıqla pul qazanmaq çox çətindir”

İsveçin tanınmış gənc rəssamı, 22 yaşlı Simon Arnzın Bakıda sərgisi nümayiş olunub. Simon Arnz və …