Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Cəmiyyət / Vəkil adından qanunsuz istifadə halları aşkarlanıb

Vəkil adından qanunsuz istifadə halları aşkarlanıb

Azərbaycan vətəndaşlarının yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vəkillik təsisatının nüfuzunun artırılması istiqamətində tədbirlər davam etdirilir.

Vəkillər Kollegiyasından (VK) “Report”a verilən məlumata görə, son zamanlar aparılan müşahidələr, o cümlədən VK-nın Rəyasət Heyətinə daxil olan çoxsaylı şikayətlər nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə halları aşkarlanıb.

Bildirilib ki, belə hallar vətəndaşların və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərir: “Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatı və Vəkillərin İntizam Komissiyası tərəfindən mübarizə üzrə tədbirlər davam etdirilməkdədir”.

Məlumata görə, qeyd olunanlar ilə bağlı, bu günlərdə Yasamal rayonu (“Nizami” metro stansiyası ətrafında), Xətai rayonu (“Həzi Aslanov” metro stansiyası yaxınlığında), Nəsimi rayonu (Nəsimi Rayon Məhkəməsi ətrafında) ərazilərində Vəkillər Kollegiyasının üzvləri olmayan şəxslər tərəfindən qeyri-yaşayış obyektlərində vətəndaşlara “vəkil xidmətləri” göstərilməsi halları aşkar olunub: “Görülmüş tədbirlər nəticəsində həmin obyektlərin sahibləri ilə söhbətlər aparılıb, bu kimi fəaliyyətlərin Cinayət Məcəlləsinin 197-ci, İnzibati Xətalar Məcəlləsinin 399 və 412-ci maddələri ilə təqib olunduğu həmin şəxslərin diqqətinə çatdırılıb. Nəticədə qanun pozuntusuna yol verən şəxslər tərəfindən qanunsuz vəkillik fəaliyyəti dayandırılaraq obyektlərin qarşısında istifadə olunan “vəkil”, “advokat” və s. aidiyyəti reklam lövhələri həmin şəxslər tərəfindən sökülüb”.

Kollegiyadan bildirib ki, bu kimi tədbirləri bundan sonra da davam etdiriləcək və vəkil adından qanunsuz istifadə halları ilə qətiyyətlə mübarizə aparılacaq: “Bununla bağlı, vətəndaşlardan və VK-nın üzvlərindən xahiş olunur ki, VK-nın rəsmi veb-səhifəsində yerləşdirilən “Vəkillərin reyestri” bölməsi və ya VK Rəyasət Heyəti ilə əlaqə saxlayaraq hüquqi xidmət təklif edən şəxsin VK-nın üzvü olub-olmamasını dəqiqləşdirsinlər, qanunsuz olaraq vəkil adından istifadə edilməsi halında isə aşağıda qeyd olunan “Qaynar xətt”ə zəng edərək bu barədə məlumat versinlər”.

Həmçinin oxuyun

AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – İTTİHAM

“Tort kəsilir, paylaşımlar edilir, qalib gəldik deyirlər. Bu şadyanalıq 4 sentyabr 2018-ci il tarixində Azərbaycan …